Oktyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə keçirilən proses hakimlə təqsirləndirilən şəxslər arasında mübahisə ilə müşayiət olunub. Hakim Zəfər Əhmədova etiraz verilib, bir neçə təqsirləndirilən şəxs məhkəmə zalından çıxarılıb.
“Toplum TV”nin yazdığına görə, iclasın əvvəlində Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev hakimin danışıq tərzinə və məhkəmə zalındakı mikrofonların işləməməsinə etiraz edib.
“Siz burada özünüzü hakim kimi aparmırsınız, küçə uşağı kimi aparırsınız. Heç kimə danışmağa imkan vermirsiniz, hamının sözünü kəsir, təhqir edirsiniz”, – Babayev deyib.
Bundan sonra hakim onun məhkəmə zalından çıxarılmasına göstəriş verib. IDI əməkdaşları Əli Zeynal və İlkin Əmrahov da buna etiraz olaraq zalı tərk ediblər.
Müdafiə tərəfi hakimin davranışı, təqsirləndirilən şəxslərin sözünün kəsilməsi və prosesin aparılması ilə bağlı etiraz qaldırıb.
Vəkil Şəhla Hümbətova bildirib ki, Zəfər Əhmədov hazırlıq iclasında da prosesi düzgün idarə etməyib, qərar qəbul edilmədən təqsirləndirilən şəxsləri zaldan çıxarıb, onları təhqir edib və vəkillərin çıxışlarına imkan verməyib.
Digər vəkillər də etirazı dəstəkləyiblər.
Vəkil Fuad Ağayev məsələ ilə bağlı danışmağa başlayanda hakim onun sözünü “bilirik, bunları demisiniz” deyərək kəsib. Bu, məhkəmə zalında narazılığa səbəb olub.
Hakimlər etiraza baxmaq üçün müşavirəyə gediblər. Bu zaman IDI rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov söz istəyib. Hakim ona müşavirədən sonra danışmaq imkanı veriləcəyini bildirib.
Müşavirədən qayıdan hakimlər etirazın təmin olunmadığını açıqlayıblar.
Qurbanov isə çıxışının məhz hakimə etirazla bağlı olduğunu deyərək onun mövqeyi dinlənilmədən qərar qəbul edilməsinə etiraz edib. Bundan sonra hakim onun da məhkəmə zalından çıxarılmasına göstəriş verib.
“Toplum TV”nin təsisçisi, media eksperti Ələsgər Məmmədli də hakimin prosesdəki davranışını tənqid edib.
“Siz özünüzü qanunun nümayəndəsi, hakim kimi aparmırsınız. Vəziyyəti bu yerə siz gətirib çıxarmısınız. Siz qanunları pozursunuz, nəticədə də təqsirləndirilən şəxslər qaydaları pozurlar. Bunun hamısına siz şərait yaratmısınız”, – Məmmədli deyib.
“Toplum TV” əməkdaşı Fərid İsmayılov isə Zəfər Əhmədovla bağlı Məhkəmə-Hüquq Şurasına şikayət göndərməyə çalışdığını bildirib.
Onun sözlərinə görə, Umbakı Penitensiar Kompleksində şikayətin göndərilməsinə mətnində təhqir olduğu əsas gətirilərək icazə verilməyib.
“Halbuki mən orada yazmışdım ki, siz buranı kolxoza döndərmisiniz və kolxoz sədrisiniz. Halbuki siz ləyaqətsiz, özünə hörmət etməyən bir insansınız. Hakimliyə qalanda isə sizə hakim demək olmaz, baxmayaraq ki, siz bizdən “möhtərəm hakim” deməyi tələb edirsiniz”, – o deyib.
İclasda təqsirləndirilən şəxslərin yaxınları və hüquq müdafiəçiləri bəzi ictimai fiqurların və hüquq müdafiəçilərinin məhkəmə zalına buraxılmamasına etiraz olaraq akt tərtib ediblər. Vəkillər də aktı dəstəkləyiblər.
Hakim Zəfər Əhmədov buna “mən özüm bilərəm kimi buraxıram, kimi yox, hamını zala doldurmağın yeri yoxdur” deyə cavab verib.
Daha sonra vəkil Fuad Ağayev iş üzrə sübutlar barədə danışmağa başlayıb. Hakim onun çıxışı zamanı “dəlillər çox vaxt aparacaq, gəlin fasilə elan edək” deyib.
Məhkəmə prosesi noyabrın 2-dək təxirə salınıb.
“Toplum TV işi” üzrə həbslər 2024-cü il martın 6-da polisin redaksiya və digər ünvanlarda keçirdiyi əməliyyatlardan sonra başlayıb.
İş üzrə saxlanılan şəxslərə əvvəlcə qaçaqmalçılıq ittihamı verilib, daha sonra ittihamlar ağırlaşdırılıb.
İstintaq dövründə Fərid İsmayılov və Elmir Abbasov istisna olmaqla, digər şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Əvvəlcə polis nəzarətinə verilən İsmayılov 2025-ci ilin yanvarında, Abbasov isə hökm elan edilərkən məhkəmə zalında həbs olunub.
2026-cı il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi iş üzrə hökm çıxarıb.
Akif Qurbanov və Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli və Əli Zeynal 14 il, Ramil Babayev, İlkin Əmrahov və Müşfiq Cabbar 13 il, Fərid İsmayılov 12 il, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Onların hər biri əlavə olaraq 2 il 6 ay müddətinə müəyyən vəzifələr tutmaq hüququndan məhrum olunub.
Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, cinayət işini jurnalist, ictimai və siyasi fəaliyyətləri ilə əlaqələndirirlər.
Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları “Toplum TV işi” üzrə həbs olunanların siyasi motivlərlə təqib edildiyini bildirir və onların azadlığa buraxılmasını tələb edir. (AbzasMedia)