Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri cəbhədə ən azı 258 989 rusiyalı hərbçi həlak olub. “BBC Rus Xidməti” və “Mediazona” nəşrinin könüllülərlə birgə apararaq açıqladığı son hesablamalarda bu rəqəmlər yer alıb. Siyahıya adı daxil edilənlərdən təxminən 7.7 min nəfəri Rusiya ordusunun və digər güc strukturlarının zabitləridir.
Jurnalistlər bildirirlər ki, bu statistikaya yalnız açıq mənbələr vasitəsilə şəxsiyyəti kəskin dəqiqləşdirilmiş şəxslər daxil edilib. Real itkilərin isə dəfələrlə çox olduğu vurğulanır.
Araşdırmaçılar yeni yenilənmiş göstəriciləri Rusiyada “qismən səfərbərlik” elan olunmasının 4-cü ildönümünə təsadüf edən günlərdə dərc ediblər. Son iki həftə ərzində siyahıya 10 mindən çox yeni ad əlavə olunub. Hərçənd adətən iki həftəlik artım 5–6 min civarında olurdu.
“Mediazona” bu kəskin artımın cəbhədəki itkilərin birdən-birə çoxalması ilə deyil, Rusiya və Ukrayna arasında həyata keçirilən meyit dəyişimi siyahılarının sızması və həmin adların reyestrlər vasitəsilə təsdiqlənməsi ilə bağlı olduğunu bildirir.
Qeyd edək ki, nəşrlər həlak olanların adı, çağırıldığı yer, hərbi rütbəsi, ölüm tarixi və yeri göstərilən açıq məlumat bazasını da istifadəyə veriblər.
21 sentyabr tarixində Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə müharibə üçün “qismən səfərbərlik” elan etməsindən tam 4 il ötür. Hazırda yeni çağırış aparılmasa da, hüquqi baxımdan səfərbərlik prosesi rəsmən ləğv edilməyib (bununla bağlı xüsusi fərman verilməyib). Bu səbəbdən 4 il əvvəl orduya cəlb olunanlar hələ də tərxis edilməyiblər.
Açıq mənbələrlə aparılan hesablamalara görə, rəsmən 300 min nəfərin cəlb olunduğu bildirilən səfərbərlik çərçivəsində 20 mindən çox səfərbər edilmiş şəxs həlak olub.
“Mediazona” və “BBC” məlumatları yerli KİV-lərin yazıları, şəhər və kənd administrasiyalarının elanları, qohumların sosial şəbəkələrdəki paylaşımları və qəbiristanlıqlardakı mənzərə əsasında toplayır.
Ekspertlər və tədqiqatçılar ehtimal edirlər ki, onların topladığı bu rəsmi adlar siyahısı real ölü sayının yalnız 45%-dən 65%-nə qədərini əks etdirə bilir. Rusiya Rəsmi qurumları isə müharibədəki hərbi itkilər barədə rəsmi statistikanı gizlətməkdə davam edir.
