24 C
Bakı
20 Sentyabr 2026 10:27
DünyaSiyasət

Şoyqu: Azərbaycan–Rusiya münasibətlərində böhran dövrü başa çatıb

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskva ilə Bakı arasında son dövrdə yaşanan böhranın aradan qaldırıldığını bəyan edib. Onun sözlərinə görə, bundan sonrakı əsas vəzifə Azərbaycan–Rusiya əməkdaşlığının iki ölkə liderləri arasında əldə edilmiş razılaşmalara uyğun şəkildə inkişaf etdirilməsidir.

Rusiya Təhlükəsizlik Şurasının Elmi-Ekspert Şurasının Rəyasət Heyətinin iclasında çıxış edən Sergey Şoyqu bildirib ki, Moskva Azərbaycanla münasibətlərdə yaşanan gərgin mərhələni artıq arxada qalmış hesab edir.

“Məmnunluqla qeyd edirik ki, ikitərəfli münasibətlərdə son böhran dövrü Moskva və Bakının birgə səyləri nəticəsində aradan qaldırılıb. İndi ümumi vəzifə Rusiya–Azərbaycan əməkdaşlığının liderlərin əldə etdiyi razılaşmalara uyğun olaraq ardıcıl şəkildə inkişafını təmin etməkdir”, – Şoyqu bildirib.

Rusiya Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, Moskva Azərbaycanla münasibətlərin mövcud ikitərəfli müqavilə-hüquq bazası, o cümlədən 2022-ci ildə imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə, həmçinin mehriban qonşuluq və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinin tərəfdarıdır.

Şoyqu əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bu istiqamətdə Azərbaycanla birgə fəaliyyətin davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.

Münasibətlər niyə böhran həddinə çatmışdı?

Azərbaycan–Rusiya münasibətlərində ciddi gərginlik 25 dekabr 2024-cü ildə Bakı–Qroznı reysini həyata keçirən AZAL-a məxsus Embraer 190 təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından sonra yaranmışdı.

Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olmuşdu.

Azərbaycan uzun müddət Rusiyadan hadisəyə görə məsuliyyətin qəbul edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını və zərərçəkənlərə kompensasiya ödənilməsini tələb etmişdi.

Gərginliyi daha da artıran hadisələrdən biri isə 2025-ci ilin yayında Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı keçirdiyi əməliyyat olmuşdu. Əməliyyat zamanı iki azərbaycanlı qardaşın ölümü Bakı ilə Moskva arasında münasibətləri daha da ağırlaşdırmışdı.

Düşənbə görüşü dönüş nöqtəsi oldu

Münasibətlərdə əsas dönüş nöqtələrindən biri 9 oktyabr 2025-ci ildə Düşənbədə Prezident İlham Əliyevlə Vladimir Putin arasında keçirilən təkbətək görüş oldu.

Həmin görüşdə Putin AZAL faciəsini xüsusi olaraq gündəmə gətirmiş, təyyarə qəzası ilə bağlı istintaq və kompensasiya məsələlərinin həlli istiqamətində iş aparıldığını bildirmişdi.

Bu proses 15 aprel 2026-cı ildə Azərbaycan və Rusiya xarici işlər nazirliklərinin birgə bəyanatı ilə yeni mərhələyə keçdi.

Birgə bəyanatda rəsmi şəkildə bildirildi ki, AZAL-a məxsus təyyarə “Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində” qəzaya uğrayıb.

Tərəflər, həmçinin qəzanın nəticələrinin, o cümlədən kompensasiya məsələsinin həlli barədə razılığa gəldiklərini açıqladılar.

Moskvanın yeni mesajı

Şoyqunun son bəyanatı göstərir ki, Rusiya rəhbərliyi artıq Azərbaycanla münasibətlərdə böhran mərhələsinin başa çatdığını rəsmən ifadə etməyə başlayıb.

Moskvanın bundan sonrakı mesajında əsas vurğu siyasi qarşıdurmadan daha çox ikitərəfli əməkdaşlığın, iqtisadi əlaqələrin, nəqliyyat-logistika layihələrinin və mövcud müttəfiqlik hüquqi bazasının yenidən ön plana çıxarılmasına edilir.

Beləliklə, 2024-cü ilin dekabrında AZAL faciəsi ilə başlayan və 2025-ci ildə daha da dərinləşən Bakı–Moskva gərginliyi 2026-cı ilin sentyabrına gəldikdə Rusiya tərəfindən artıq “aradan qaldırılmış böhran” kimi xarakterizə olunur.

Lakin Şoyqunun bəyanatında diqqətçəkən məqam budur ki, o, böhranın aradan qaldırılmasını yalnız Moskvanın addımları ilə deyil, “Moskva və Bakının birgə səylərinin nəticəsi” kimi təqdim edir. Bu ifadə Rusiyanın bundan sonrakı mərhələdə münasibətləri qarşılıqlı razılaşmalar və 2022-ci il Müttəfiqlik Bəyannaməsi çərçivəsində davam etdirmək istədiyini göstərən əsas siyasi mesajlardan biridir…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

ÜST-ün bitirdiyi, bizim sahib çıxdığımız pandemiya

redaktor

Dünya böyük müharibəyə doğru gedir

redaktor

Paşinyan İlham Əliyevə minnətdarlığını bildirib

redaktor