Bu fikri emosiyalarla deyil, son hadisələri bir-birinin ardınca düzməklə deyirəm. ABŞ Müdafiə Nazirliyinin adını Müharibə Nazirliyinə dəyişəndə, hərbi büdcəsini bir ildə 1 trilyondan 1,5 trilyona artıranda artıq niyyət bəlli oldu. Avropada, o cümlədən bütün dünyada faktiki olaraq sürətli hərbiləşmə gedir. Almaniya müdafiə xərclərini kəskin artırır və özünü müdafiə etmək üçün hətta yeni borclanmaya ehtiyac olduğunu açıq bildirir. Almaniya hökuməti Leypsiq/Halle hava limanına partlayıcı daşıyan dronla cəhdi Rusiya ilə əlaqələndirib və Rusiya ilə münaqişənin real olması haqqında artıq açıq müzakirələr gedir.
Polşada da vəziyyət təhlükəlidir. Polşa rəhbərliyi Rusiyanın NATO ərazisinə dron və raket zərbələri planlaşdıra biləcəyi barədə xəbərdarlıq edir. Bir neçə gün əvvəl Baltik sahilində ehtimal olunan Rusiya hərbi dronu da aşkarlandı. Dünən isə ABŞ Polşa ərazisində böyük ABŞ hərbi bazasının qurulması barədə razılıq əldə etdi. Bütün bunların fonunda Sergey Lavrovun son bəyanatı xüsusilə diqqətçəkəndir: onun sözlərinə görə, Rusiya Avropaya hücum etmək niyyətində deyil, amma Avropa Rusiyaya hücum edərsə, bu, “tamamilə başqa və çox qısa müharibə” olacaq. Yəqin, təhdidin nədən ibarət olduğunu anladınız. Bütün dünyanın gözü qarşısında 24 fevral 2022-ci il səhər saat 4-də Ukraynaya qoşun yeridib, yerdən, göydən bombardman edən Rusiya rəhbərləri uzun müddətdir ki, bir ağızdan müharibəni Ukraynanın başladığını deyirlər.
Yaxın Şərqdə isə ikinci böyük cəbhə formalaşır. Hörmüzün tam bloklanmasından sonra İranın dəstəklədiyi Husilər Bab əl-Məndəb ətrafında mövqelərini genişləndirib, Səudiyyə Ərəbistanının neft infrastrukturu və ixrac marşrutları üzərində təzyiqi artırır. İtaliya artıq Brüsselin qərarını gözləməyəcəyini bildirərək öz ticarət və tanker gəmilərinin keçidini qorumaq üçün donanmasını hərəkətə gətirməyə hazırlaşır. Nəzərinizə çatdırım ki, Bab əl-Məndəb boğazı Avropa üçün təkcə yanacaq deyil, ümumilikdə yükdaşıma arteriyası sayılır. Çünki Asiya–Avropa xəttində Süveyş kanalının cənub girişidir. Asiyadan Avropaya Süveyş vasitəsilə gedən gəmi Bab əl-Məndəbdən keçməlidir. Dünya ticarətinin təxminən 12–15%-i normal şəraitdə Süveyş/Qırmızı dəniz marşrutu ilə əlaqəlidir. Dünya konteyner daşımalarının təxminən 22–30%-i bu dəhlizdən keçir. Bu marşrut enerji baxımından da kritikdir: 2023-cü ilin ilk yarısında Bab əl-Məndəb dünya üzrə dənizlə daşınan neftin təxminən 12%-ni və LNG (mayeləşdirilmiş təbii qaz) ticarətinin 8%-ni daşıyırdı. Bu rəqəmlər dünya iqtisadiyyatı üçün kifayət qədər ciddi rəqəmlərdir.
İranla müharibənin iqtisadi nəticələri ABŞ-da görünməyə başlayıb. ABŞ-da 1 qallon dizelin pərakəndə qiyməti 6 dolları keçərək rekord səviyyəyə qalxıb. Kaliforniyada bu rəqəm 8 dolları keçib. Son sorğularda Trampın reytinqi cəmi 35 faizdir; 59 faiz onun fəaliyyətini bəyənmir. İran müharibəsi və yanacağın bahalaşması ABŞ daxilində siyasi təzyiqi də xeyli artırıb. Mən hələ ABŞ-ın xarici borcunun son 5 ildə 10 trilyon artaraq 40 trilyonu keçməsindən danışmıram. Bunların hər birinə ayrı-ayrılıqda baxanda regional hadisələr təsiri bağışlayır. Ancaq hamısını bir xəritədə birləşdirəndə mənzərə dəyişir: Avropa silahlanır, Rusiya ilə NATO arasında birbaşa toqquşma riski artır, Yaxın Şərqdə müharibə genişlənir, dünyanın əsas enerji və ticarət yolları təhlükə altına düşür, enerji qiymətləri yüksəlir və ABŞ daxilində siyasi gərginlik artır.
Birinci və İkinci Dünya müharibələri ərəfəsindəki vəziyyəti bugünkü dünya ilə dörd istiqamətdə — sosial, iqtisadi, siyasi və hərbi baxımdan müqayisə etsək, çox fiqurlar yerinə oturur. Əsas məqamlardan biri budur: dünya müharibələri adətən dünya müharibəsi kimi başlamır. Regional qarşıdurmalar mövcud ittifaqlar və böyük dövlətlərin müdaxiləsi nəticəsində tədricən beynəlxalq müharibəyə çevrilir. Məncə, artıq əsas sual böyük müharibə təhlükəsinin olub-olmaması deyil. Əsas sual bu prosesin qarşısının alınıb-alınmayacağıdır.
Göstərdiklərimə dünyada baş qaldıran milliyyətçiliyi də əlavə etsək, təhlükənin nə qədər böyük olduğunu görərik. Bu gün Almaniyada, Avstriyada, İtaliyada və digər ölkələrdə adları cürbəcür olsa da, faktiki faşist partiyaların gündən-günə artan reytinqi yaxın zamanlarda milli zəmində də böyük iğtişaşların olacağından xəbər verir. Bu gün min bir əziyyətlə Azərbaycandan bu ölkələrə köçənləri yaxın zamanlarda böyük problemlər gözləyir. Ona görə də hamı bu gün Azərbaycanla bağlı düşünməlidir. Heç kim fikirləşməsin ki, buradan qaçıb rahat həyat tapacağaq.
Bütün bu proseslərdə Azərbaycanı gözləyən təhdidlərlə bağlı ayrıca bir yazım olacaq.
