Əvvəla, başlayaq Yəməndən. Əhalisi 34 milyon nəfərdir. Təxminən 65%-i sünni, 35%-i isə şiədir.
Amma bunlar bizim bildiyimiz şiələrdən deyil, çox fərqlənirlər. Yəməndəki şiələrin böyük hissəsi Zeydi şiələridir və Zeydilik bir sıra məsələlərdə sünniliyə daha yaxındır.
Zeydilərdə imamlar ilahi seçilmiş, möcüzələr göstərən və xüsusi məsumiyyət daşıyan müqəddəs varlıqlar deyil. İmamlıq onlara görə daha çox Əhli-beytdən olan və zülmə qarşı çıxan sıradan insanlardır.
Zeydilərdə İrandakı ənənəvi şiəlikdə olduğu kimi ilk xəlifələrə qarşı təhqirlər yoxdur. Ən əsası isə İranda qurulan “Vilayət-i fəqih” sistemi Zeydiliyin klassik doktrinasına aid deyil.
1990-cı illərdə Yəməndə sələfilik sürətlə yayılmağa başlayır. Buna alternativ olaraq Zeydi din xadimləri “Gənc Möminlər” adlı dini hərəkat yaradırlar. Məqsəd Zeydi dini və mədəni kimliyini qorumaq, xüsusilə gənclər arasında Zeydiliyi yaşatmaq idi.
İlk mərhələdə hərəkat silahlı təşkilat deyildi. Yəmən hökuməti də bu fəaliyyətə qarşı çıxmırdı.
Sonra vəziyyət dəyişməyə başladı.
Hərəkatın daxilində önə çıxan şəxslərdən biri Hüseyn əl-Husi idi. O, İran İslam İnqilabının ideologiyasından təsirlənmişdi. O dini tıhsilini artırmaq üçün Quma gedir və özü kimi gəncləri İrana daşıyır.
2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra Hüseyn əl-Husinin ritorikası sərtləşir. Onun rəhbərlik etdiyi çevrədə “Amerikaya ölüm, İsrailə ölüm” şüarları yayılmağa başladı. Bu, ABŞ-la əməkdaşlıq edən Yəmən hökuməti ilə münasibətlərin də kəskinləşməsinə səbəb oldu.
Hüseyn əl-Husi hökuməti ABŞ-a xidmət etməkdə və Yəmənin maraqlarına xəyanət etməkdə ittiham etməyə başladı. 2004-cü ildə hökumət onun həbsinə cəhd etdi. Qarşıdurma silahlı üsyana çevrildi.
10 sentyabr 2004-cü ildə Hüseyn əl-Husi öldürüldü. Lakin hərəkat bununla bitmədi. Əksinə, onun tərəfdarları sonradan “Husilər” adı ilə daha böyük və daha silahlı siyasi-hərbi qüvvəyə çevrildilər.
Hərəkatı radikallaşdıran Hüseyn əl-Husi öldü, amma 2004-cü ildə başlayan üsyan sonrakı illərdə Yəməni uzunmüddətli və dağıdıcı müharibəyə sürüklədi.
BMT-nin hesablamasına görə, yalnız 2015–2021-ci illər arasında təxminən 223 min insan aclıq, xəstəlik, su və səhiyyə çatışmazlığı kimi dolayı səbəblərdən ölüb. Döyüşlərdə ölənlərin ümumi sayı barədə isə dəqiq rəqəm yoxdur.
Keçən dəfə yazmışdım tərkibində psixoaktiv maddə olan qat bitkisi var. Əvvəllər onu əsasən imkanlı insanlar əldə edib istifadə edə bilirdi, indi İran fermerlərinin hesabına əhalinin 86%-i narkotik aludəçisidir.
Bu gün məsələ sadəcə məzhəb məsələsi deyil. İranın təsiri, Qumla dini əlaqələr, silahlı təşkilatlanma və Yəmənin uzunmüddətli müharibəsi bir-birinə qarışmış vəziyyətdədir.
Beləliklə, vaxtilə Zeydiliyin dini və mədəni kimliyini qorumaq üçün yaranan “Gənc Möminlər” hərəkatı bu gün Zeydiliyin özünün İran şiəliyinin təsiri altında əriməsi prosesinə çevrilib.
