19 C
Bakı
08 Sentyabr 2026 15:47
İdman

Varqas Türkiyənin uğurudur, amma Türkiyənin uğuru təkcə Varqas deyil

Türkiyə qadın voleybol millisinin uğurlarının həmişə siyasi çaları olub. Bir tərəfdən, qatı dindar kəsim üçün şortla voleybol oynayan qızlar tamamilə qəbuledilməzdir. Digər bir kəsim isə qızların daim Atatürk, Cümhuriyyət, qadın emansipasiyası mesajlarına sancılı yanaşır.

Bu səbəbdən qızların uğurlarının daim kiçildilməsinə çalışılır. Belə cəhdlərdən biri də “Varqas olmasaydı…” mesajıdır. Əlbəttə, Türkiyənin son üç ildəki uğurlarında Varqasın müstəsna payı var. Amma azarkeşlər zəif milli komanda üzündən beynəlxalq yarışlarda heç bir uğur qazana bilməyən onlarla idmançı sadalaya bilərlər. Məsələn, futbolda İbrahimoviç. İndi oynayanlardan Haaland Zlatanın taleyini təkrar edə bilər. Halbuki onlardan qat-qat zəif oyunçuların milli komanda ilə qazandığı xeyli titullar var.

Avropa çempionatının finalında İtaliya ilə oyun göstərdi ki, Varqas faktoru önəmlidir, amma həlledici deyil. Qızlar birinci və üçüncü setlərdə, ikinci setin yarısında zəif oynayanda Varqas da ortabab oyunçudan artıq performans göstərmirdi.

Sonra vəziyyət dəyişdi. Xüsusən Derya Cebecioğlu komandada həmin gün çatışmayan ehtiras, çılğınlıq gətirdi. Adətən “çılğın türk” rolunda Ebrar Karakurt olurdu, amma zədə səbəbindən bu çempionatda yox idi. Deryanın hücumda məhsuldar oyunu Hande Baladinə müdafiədə liberoya daha çox kömək etmək imkanı verdi. Yaprak Erkek və Saliha Şahin panikadan çıxmaqda önəmli rol oynadılar. Eda Erdemin komandaya ruh vermək cəhdi ilk hissələrdə alınmadı, amma son iki hissədə çox faydalı oldu. Gizem Örgenin, Elif Şahinin və Zehra Güneşin oyunu xeyli yaxşılaşdı. Varqas da məhz bunlardan sonra həmin Varqas olmağa başladı.

Ümumiyyətlə, Türkiyənin finalda qalib gəlməsində bir neçə faktor önəmli rol oynadı: tribunaların möhtəşəm dəstəyi, daha keyfiyyətli ehtiyat skamya, italyanlarda görmədiyimiz ehtiras və oyunun sonlarına yaxın yorulan italyanlarla müqayisədə türklərin mükəmməl fiziki forması. Sonuncu aspektdə xüsusən Varqas Eqonu və Antropovadan fərqləndi.

Komanda idman növü hər detalı dəqiq işləməli olan mexanizm kimidir. Burada bir detalla işləmək olmur. Üstəlik, Varqas Türkiyəyə titullar qazandırdığı kimi, Türkiyə də Varqasa qazandırır. Bir zamanlar çox güclü olan, indi tənəzzül dövrünü yaşayan Kuba millisində Varqas bu uğurları qazanmayacaqdı.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər

“Mançester Yunayted”ə qarşı fərqli planımız olacaq” – Dambrauskas

admin

“Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda! – Rəsmi

admin

Superseriya-1972

admin