DünyaSiyasət

Putinin sülh niyyəti yoxdur: Çin Rusiyanın müharibəsini necə dəstəkləyir?

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərləri yekunlaşıb. Moskvada və Kiyevdə üçtərəfli görüşün keçirilməsi imkanları müzakirə edilib. Stiven Uitkoff Moskvada keçirilən danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu bildirib. Ancaq bu irəliləyişin nədən ibarət olduğu haqqında detallı açıqlama verməyib.

Stiven Uitkoff Moskva və Kiyevin müharibəyə son qoymaları üçün güzəştə getmələrinin vacib olduğunu deyib. Yəqin Vaşinqton hər iki tərəfin konkret güşəztlərini də müəyyənləşdirib. Kiyevin güzəşti atəşkəs və ərazilərin itkisi hesabına olsa belə bir daha müharibənin başlamayacağına dair təminat almaqdan ibarətdir. Moskvanın güzəşti isə bəlli deyil, əksinə Rusiya Prezidenti Kiyevdən Donbasın tamamını tələb edir. Kiyevin buna razılaşması mümkün deyil. Bu səbəbdən tərəflərin qarşılıqlı güzəştlərlə müharibəni dayandıracaqları ehtimalı azdır.

Vladimir Putin Donald Trampın nümayəndələrini yola saldıqdan dərhal sonra Şimali Koreyaya səfər edib. Bu o deməkdir ki, Rusiya Prezidentinin müharibəni dayandırmaq fikri yoxdur. Çünki, Vladimir Putinin Şimali Koreyaya səfəri yenidən bu ölkədən daha çox raket əldə etməkdən və koreyalıları cəbhə bölgəsinə göndərməkdən ibarətdir.

Rusiyanın özündə də hərbi texnika istehsalı genişlənib.  “The Telegraph” və “Politico” nəşrlərinin birgə araşdırmasına görə, Çinin dövlət şirkəti Rusiyaya yüzlərlə kamikaze dronunun istehsalı üçün materiallarla təhciz edib. Hissələr Rusiyanın ən böyük enerji istehsalçısı ilə əlaqəli bir şirkətə göndərilib. Nəşrlərin əldə etdiyi sənədlərə görə, həmin şirkət avqust ayında Ukraynanın mərkəzindəki ticarət mərkəzinə hücum etmək üçün istifadə edilən və ən azı 16 nəfərin ölümünə səbəb olan Geran dronlarını istehsal edir.

Vaşinqton dəfələrlə Pekini müdafiə sənayesində istifadə edilə bilən və birbaşa Rusiya ordusuna gedən ikili təyinatlı əşyalarla təmin etməkdə günahlandırıb. ABŞ Dövlət Departamentinin ötən ilki bəyanatında Rusiyanın müharibə səylərini dəstəkləyənlərə qarşı sanksiyalar tətbiq ediləcəyi bildirilmişdi.

Nəşrlərdə yayımlanan məqalə Çin lideri Si Cinpini çətin vəziyyətə salıb. O bu ayın sonlarında ABŞ səfər edərək Ağ Ev sahibi Donald Trampla müxtəlif mövzuları müzakirə edəcək. Tramp daha əvvəl Si Cinpindən Rusiya və İranı silanlandırmamağı xahiş etmişdi. Ancaq bu xahişin yerinə yetirildiyini söyləmək çətindir. Qərb ekspertləri hesab edirlər ki, Çinin texnoloji dəstəyi olmadan Rusiya Ukraynaya qarşı müharibəni davam etdirə bilməz. Çin lideri Si Cinpin isə Vladimir Putinlə son görüşündə iki ölkə arasında əlaqələrin möhkəmlənəcəyini bildirib. Bayden administrasiyasında dövlət katibinin keçmiş müavini Kurt Kempbell bildirib ki, Çində Rusiyanın hərbi sənaye kompleksinə ikiqat təyinatlı imkanlar təqdim edən şirkətlərin sayı hazırda onlarladır və bu əlaqələr dərindir. O əlavə edib ki, bunun müqabilində Moskva Pekinə “axtardıqları bəzi hərbi imkanları” təkmilləşdirmək üçün texnologiya transferləri təmin edib.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Çin yaxın şərqdə yerləşir…

redaktor

Ancaq tiblə ölkə xilas olunmaz!

redaktor

Putin Trampın atəşkəs tələsinə “yox” deyəcək

redaktor