Ölkə daxilində baş verən demək olar ki, bütün neqativ halların kökündə ideoloji boşluq dayanır. Güc sahibləri həqiqi dövlətçiliyi ürəyində və sözündə yaşatmaq istəyən insanları həbsə atmaqla dərin bir boşluq yaradırlar.
Təbii ki, bu boşluqdan da maraqlı tərəflər məharətlə istifadə edirlər. Çöküş bir günə baş vermir, bu proses bəzən illərlə, bəzən də onilliklərlə davam edir.
Sifarişlə “dövlətçilik” edənlərə baxanda insanın ürəyi ağrıyır. Hər sözləri ziyan vurur, hər cümlələri cəmiyyətdə yalnız qıcıq doğurur. Danışanda elə saxta enerji yaradırlar ki, elə bil az sonra nitqini bitirib cibindən partiya biletini çıxaracaq, öpüb alnına qoyacaq… Amma unudurlar ki, maaşlı dövlətçilik olmur. Dövlətə bağlılıq ştat cədvəli ilə ölçülmür…
Bu gün Bakımızın küçələri təmizdir, zibilə çox az rast gəlinir. Lakin küçələrin təmiz olduğu qədər, vətəndaşın beynini öz zir-zibili ilə doldurmaq istəyən qüvvələr üçün də geniş meydan yaradılır. Bu təhlükənin öhdəsindən küçələri təmizləyənlər yox, yalnız həqiqi dövlətçilik ideyasının daşıyıcıları gələ bilər.
Ölkədə siyasi institutları məhv etmək milli immuniteti məhv etmək deməkdir. Bunu anlamaq üçün xüsusi savada ehtiyac yoxdur.
Ən acınacaqlısı da odur ki, güc sahiblərinin bəziləri istəsələr belə, artıq o ideya daşıyıcılarını qoruya bilmirlər.
Məsələ həddindən artıq ciddidir….
Nəriman İlqaroğlu İsmayıl
