Finlandiya Prezidenti Aleksandr Stubb: “Rusiya heç vaxt nüvə silahından istifadə etməyəcək, çünki Çin buna icazə verməyəcək”.
Finlandiya prezidenti Aleksandr Stubb, 29 avqust şənbə günü Almaniyanın “Bild” tabloid qəzetinə verdiyi müsahibədə Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etməyəcəyini və ya NATO-ya hücum etməyəcəyini bildirib.
Stubbun fikrincə, Rusiyanın nüvə təhdidləri sadəcə informasiya savaşı həmləsidir.
“Rusiya informasiya müharibəsində çox yaxşıdır. Rusiya istəyir ki, biz avropalılar burada oturub Rusiyanın qızışıb-qızışmayacağını, nüvə silahından istifadə edib-etməyəcəyini və NATO-ya hücum edib-etməyəcəyini müzakirə edək”, – Stubb Bild-ə deyib.
Jurnalist Pol Ronzheimerin Rusiyanın nüvə silahından istifadə etməyəcəyinə niyə bu qədər əmin olduğunu soruşduqda, Stubb cavabı belə olub: “Məsələn, bu yay Çinin xarici işlər naziri mənim yanımda idi. Mən bu məsələni qaldırdım və o dedi ki, “Biz buna heç vaxt icazə verməyəcəyik”. Düşünürəm ki, bu, kifayət qədər yaxşı bir maneədir.”
Stubba görə, hazırda Rusiyanın ata biləcəyi eskalasiya addımları olduqca məhduddur: “Onlar təkcə səfərbərlik elan edə bilərlər. Düşünürəm ki, səfərbərlik Rusiyaya da təsir edəcək. Ona görə də, sakit olun, soyuqqanlı olun, diqqətli olun, vəziyyəti dramatikləşməyin”.
O, həmçinin Rusiyanın NATO alyansına hücum ehtimalı barədə danışaraq deyib ki, “bizim [NATO] çəkindirici gücümüz var – və bu çəkindiricilik gücü dünyanın istənilən yerindəki digər hərbi qüdrətlərdən daha güclüdür. Dünyadakı heç bir gücün bu alyansın qətiyyətini sınamasının mənası yoxdur.”
Qeyd edək ki, Çin xarici işlər naziri Vanq Yi 5 iyulda Helsinkidə Stubbla görüşmüşdü və onlar Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi, Avropa təhlükəsizliyi kimi mövzuları müzakirə etmişdilər.
