DünyaGündəmSiyasət

Sberbank-dan Rusiya üçün bədbin, Azərbaycanlı politoloqdan nikbin proqnoz

Rusiyanın ən böyük bankı və ən bahalı şirkəti olan Sberbank-ın analitikləri Rusiyanın Ukrayna üzərində hərbi qələbə şansını 7 faiz, Rusiyanın şərtləri ilə sülh ehtimalını isə 12 faiz olaraq qiymətləndirdikləri halda, bəzi Azərbaycanlı politoloqlar Rusiyanın qalib gələcəyini proqnozlaşdırırlar.

Rusiya elitasında ən ağıllı və uzaq görən adam hesab etdiyim Sberbank-ın prezidenti German Qref 22 fevral 2022-ci ildə Mərkəzi Bankının sədri Elvira Nabiullina və o zaman Hesablama Palatasının sədri olan Aleksey Kudrinlə birlikdə Putinin yanına gedərək onu Ukraynaya müdaxilə fikirindən daşındırmağa çalışıb. Qref, Nabiullina və Kudrin müharibənin Rusiya üçün fəlakətli olacağı haqqında xəbərdarlıq ediblər. Lakin Putin müharibənin qısa müddətli olacağı, Ukraynanın müqavimət göstərə bilməyəcəyi, Qərbin ciddi tədbirlər görməkdən çəkinəcəyinə əmin olduğu üçün Qref, Nabiullina və Kudrinin fikirlərinə əhəmiyyət verməyib.

Rusiya müharibəyə başladığı zaman Ukraynanın hərbi-sənayesinin istehsal gücü 1 (bir) milyard dollar civarında idi. Ötən ilin iyun ayında Prezident Volodimir Zelenski Ukraynanın hərbi-sənayesinin istehsal gücünün 35 milyard dollardan çox olduğunu bəyan etmişdi. İndi bu rəqəm 50-55 milyard dollara çatıb. Ötən il Ukrayna Müdafiə Nazirliyi 1300-dən çox yeni yerli istehsal silahın istifadəyə verildiyini təsdiqləyib. Brave1 müdafiə klaster ekosistemində FPV dronlarından və elektron müharibə sistemlərindən raketlərə və dəniz platformalarına qədər 5000-dən çox ixtiralar qeydə alınıb.

Britaniya Müdafiə və Təhlükəsizlik Tədqiqatları üzrə Kral Birləşmiş İnstitutu (Royal United Services Institute for Defence and Security Studies) Ukrayna dron istehsalının artımını müasir hərbi sənayedə ən sürətli dəyişiklik adlandırıb.
Müharibənin fəlakətli nəticələri ilə bağlı tənqidi fikirlərinə görə “Vneşekonombank”-ın baş iqtisadçısı vəzifəsindən kənarlaşdırılan Rusiyanın ən yaxşı iqtisadçılarından hesab olunan Andrey Klepaça görə, Rusiya həm texnoloji, həm də iqtisadi rəqabəti uduzur. Üstəlik, təkcə Çin və ABŞ-a deyil, həm də Ukraynaya uduzur.

Rusiya müharibənin bir gününə dövlət büdcəsindən ən azı bir milyard dollar xərcləyir. Qərbin sanksiyaları və Ukraynanın hərbi zərbələri nəticəsində Rusiyanın məruz qaldığı itgiləri büdcədən müharibəyə xərclənən gündəlik bir milyard dollar xərcinin üzərinə gəldikdə bir günlük itgilərin dəhşətli miqyası məlum olar. İqtisadi itgilərlə yanaşı Rusiya dövlət və cəmiyyətin bütün sahələrində çox ağır, dağıdıcı itgilərə məruz qalır.

Heç bir dövlət və cəmiyyət belə ağır itgilərdən sonra mövcudluğunu uzun müddət qoruyub saxlaya bilməz.
Sberbank-ın analitikləri Rusiyanın qələbə ehtimalı 7 faiz dəyərləndirdikləri halda bəzi Azərbaycanlı politoloqların Rusiyanın qələbəsindən əmin olmaları heyrət doğurur.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Stubb: “Çin Rusiyanın nüvə silahından istifadəsinə icazə verməyəcək”

redaktor

Mirzoyan Zaxarova haqqında: “Bu qadının KTMT haqqında dediyi” yalandır

redaktor

“Nə axmaq sualdır”: Tramp İrana nüvə zərbəsi endirildiyini təkzib edir

redaktor