28.08.2026 tarixində Norveçin 35 illik kralı V Harald 89 yaşında vəfat etdi.
Ölkədə kralın dəfninə qədər (günü dəqiq deyil) matəm elan olunub. Bütün şəhər kralın şəkillərindən ibarətdir və reklamlar da təxminən tamamilə yığışdırılıb.
Monarxiyanı müsbət bir anlayış kimi şəxsən heç cür qəbul edə bilməsəm də, Norveçdə mərhum krala qarşı çox dəhşətli bir sevgi var idi. Ölkənin 80%-dən çoxu kralı və monarxiyanı müsbət bir şey kimi qəbul edirdi.
Dünəndən hava təxminən 15-16 dərəcə və yağıntılı olsa da, sarayın qabağı insanlarla, güllərlə doludur.
Burada hökumətlər bir o qədər populyar ola bilmədiyi üçün ölkənin və milli kimliyin əsas birləşdirici fiquru kral sayılır. Xüsusilə, kritik məqamlarda xalqa səslənmək, xalqı birləşdirmək işi krala qalır.
Məsələn, 2011-ci ildə nasist terrorçu Breyvik Ütoya adasındakı solçu gənclərin yığıncağına hücum edib 77 nəfəri öldürəndə V Harald çox emosional bir çıxış etmişdi.
Eyni formada 2016-cı ildə norveçli kimliyi ilə bağlı belə bir çıxışı tez-tez paylaşılır:
“Norveçlilər şimaldan, cənubdan və digər bütün regionlardandır. Norveçlilər həm də Somalidən, Pakistandan, Suriyadan, İsveçdən və Polşadandır.
Norveçlilər fəal gənclər və təcrübəli qocalardır.
Norveçlilər qızları sevən qızlar, oğlanları sevən oğlanlar və bir-birini sevən qızlar və oğlanlardır.
Norveçlilər Tanrıya inanır, Allaha inanır, hər şeyə inanır və heç nəyə inanmır.”
Eyni zamanda kralın həyat hekayəsi də çox maraqlıdır ki, o 22 yaşında aristokratiyadan olmayan Sonya adlı bir qıza aşiq olmuşdu. Əvvəlcə saraydan olmadığı üçün ailəsi Haraldın Sonya ilə evlənməsinə icazə verməmişdi, onu Danimarkanın şahzadəsi ilə evləndirməyi düşünürdülər.
Amma Harald düz 9 il inad etmişdi və atasını heç vaxt evlənməyib nəsli dayandırmaqla təhdid etmişdi, beləcə icazəni ala bilmişdi. Bu gün (red: dünən) də evliliklərinin ildönümü olacaqdı.
Elə dünən səhər kralın ölümündən bir neçə saat sonra oğlu VIII Hakon nazirləri toplayaraq özünü kral, qızı İnqridi şahzadə elan etdi.
Harald nə qədər populyar idisə, ailənin geri qalan üzvləri də bir o qədər qeyri-populyardır.
Hakonun yoldaşı və yeni kraliça Mette Maritin Epşteynlə çox qəribə, təxminən dostluqla romantika arası əlaqələri üzə çıxmışdı.
Həm də Mette Maritin keçmiş evliliyindən olan oğlu Marius müxtəlif qadınlara qarşı fiziki zorakılıq, cinsi zorakılıq və hətta zorlama maddələri üzrə təqsirli bilinərək həbs cəzası alıb.
Norveçdə parlament hər ilin əvvəlində yığışıb monarxiyanın davam edib-etməməsi üçün səsvermə keçirir və bu il də 26-ya qarşı 141 səslə “hə” cavabı çıxmışdı, amma aritmetika gələn dəfə az da olsa, dəyişə bilər.
