Son bir neçə ildir Azərbaycan cərimə yönümlü dövlətə çevrilib. Neft azaldıqca cərimlər çoxalır, neft gəlirləri aşağı düdükcə cərimlər yüksəlir. Neftdən Azərbaycan xalqına bu nəqarət qaldı: İsinmədik istisinə, kor olduq tüstüsünə…
Təxminən iki həftə əvvəl rayonların birində yol kənarlarında təbii bitən yabanı böyürtikan yığıb vedrəsini 2 manata satan qadınlar sosial medianın məlumatına görə polis bölməsinə aparılıb 500 manat cərimə ediliblər. Orta əsrlərdə ölkəmizdə “Çöpbaşı” deyilən cərimə xarakterli vergi vardı. Görünür onu bərpa etmək istəyirlər. Amma o heyvana aid idi. İndi yəqin təyinatını dəyişib insana şamil edirlər.
Sərnişinin maşına minməsi və maşında özünün aparması ilə bağlı son cərimlər daha intellektual məzmun daşıyır. Məsələn, maşının qapısını açıb ona minmək necə tənzimlənəcək? Qapını açandan sonra əvvəl başınımı içəri salmalısan, yoxsa ayrı yerini? 30 manat cəriməsi var. Elə ki, maşına mindin gərək özünlə su götürəsən və ağzına su alıb dinməyəsən. Maşında nəsə danışmaq sürücünü yayındırmaq kimi tövsif olunub sərnişini 30 manat cərimələyə bilərlər.
Bir 30 manat da sərnişinin kəmər cərməsi var. Üst-üstə bu elədi 90 manat. Yəni “ehtiyatsızlıq” ucbatından 5 manatlıq yol sənə 95 manata başa gələ bilər. Teymurilər dövründə buna ölkəmizdə “Xəsis Culfa və Keçəl” nağılında olduğu kimi”dinməver” deyirdilər. Məsələn, vətəndaş evində yaşadı-yaşamadı “sabit tarif” deyilən padşah fərmanına görə “dinməver” ödəməlidir.
Hələ bu harasıdır, sentyabr ayının 1-dən vətəndaşların öz həyətində 10-15 min manata qazdırdıqları quyu suyundan (içməli su) istifadəyə görə də vergilər gözləyir. Yaxşı deyək ki, bu quyu yoxdur. Hökumət deyilən qurum vətəndaşı içməli su ilə təmin etməlidir, yoxsa məmləkəti Kərbəla çölünə döndərməlidir?
Qonşu Gürcüstan əhalinin vəziyyətini nəzərə alıb cərimə və vergiləri azaldır, xüsusilə yol hərəkət qaydaları ilə bağlı cərimləri minimuma endirilir. Bizdə isə sabah insanların ağız-burnuna hava sayğacları qoyulsa, təəccüblənməyin.
