31 C
Bakı
23 Avqust 2026 15:44
DünyaSiyasət

Azərbaycan-Özbəkistan ittifaqı: Bakı-Daşkənd əməkdaşlığı yeni mərhələdə

Azərbaycan  Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gedib. Ümumiyyətlə, Prezident İlham Əliyevin Özbəkistana səfəri indiki məqamda diqqət çəkir.

Belə ki, səfər kifayət qədər geniş gündəmlə müşayiət olunur. Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü, Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi, yeni sənədlərin imzalanması, “Yeni Daşkənd” layihəsi ilə tanışlıq və Buxaraya səfər proqramın bir hissəsidir. Əslində, ölkə başçısının Özbəkistana səfər proqramı belə onu deməyə əsas verir ki, bu səfər olduqca mühümdür.

Ümumiyyətlə, Azərbaycanla Özbəkistan arasında bugünkü yaxınlığın arxasında həm siyasi iradə, həm də tarixi-mədəni yaxınlıq dayanır. Azərbaycan və özbək xalqları arasında ortaq dəyərlər, dil və mədəniyyət yaxınlığı münasibətlərin ictimai dayaqlarını formalaşdırır. Lakin son illərdə bu münasibətləri fərqləndirən əsas məqam məhz yaxınlığın konkret dövlətlərarası mexanizmlərlə tamamlanmasıdır.

İki ölkə arasında əməkdaşlığın əsas zəmini isə ümummilli lider Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfəri ilə yaradıldı. Belə ki, məhz bu səfər zamanı ikitərəfli münasibətlərin əsasını təşkil edən bir sıra vacib sənədlər imzalandı.

Prezident İlham Əliyev əsası Heydər Əliyev dönəmində qoyulan bir çox prioritet siyasi xətt kimi Özbəkistan ilə əlaqələrə də xüsusi qiymət verir. Bu gün bu xətt daha geniş miqyas alıb və nəticədə münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib.

Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafından danışarkən mütləq şəkildə iki lider arasında formalaşmış şəxsi münasibətlərdən də danışmaq lazımdır. Təsadüfi deyil ki, son 5 ildə Prezident İlham Əliyev Özbəkistana 2 dövlət səfəri və 4 işgüzar səfər edib. Prezident Şavkat Mirziyoyev isə həmin müddətdə ölkəmizə 2 dövlət səfəri və 7 işgüzar səfər həyata keçirib.

Budəfəki səfər çərçivəsində həm də “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması gözlənilir. Bu tarixi bir sənəd olacaq. Belə ki, bu sənədlə iki ölkənin siyasi münasibətləri və mövcud müttəfiqliyi gələcək nəsillər üçün də siyasi çərçivəyə salınacaq.

Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin son illərdə sürətlə dərinləşməsi bu kontekstdə diqqət çəkir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı regiondakı siyasi çəkisinin artmasının göstəricisidir. Əvvəllər “C5” formatında formalaşan regional dialoqun Azərbaycanın iştirakı ilə faktiki olaraq “C6” formatına genişlənməsi Bakının artıq Mərkəzi Asiya ilə münasibətlərə kənardan baxan tərəf olmadığını göstərir.

Azərbaycan-Özbəkistan ittifaqı: Bakı-Daşkənd əməkdaşlığı yeni mərhələdə

Bu məqam Azərbaycan-Özbəkistan münasibətlərinin əhəmiyyətini daha da artırır. Çünki Özbəkistan Mərkəzi Asiyanın ən böyük əhalisinə və mühüm iqtisadi potensialına malik ölkələrindən biridir. Azərbaycan isə Cənubi Qafqazın nəqliyyat və enerji imkanlarını Mərkəzi Asiyanın resursları və bazarları ilə birləşdirən əsas ölkələrdən biridir. Başqa sözlə, iki ölkənin coğrafiyası onları bir-birindən uzaqlaşdırsa da, geosiyasi və iqtisadi maraqları əksinə, yaxınlaşdırır.

tdt
İki ölkənin yaxınlaşmasının başqa bir mühüm məqamı Türk Dövlətləri Təşkilatıdır. Bakı və Daşkənd təşkilatın gələcək rolunun müəyyənləşməsində maraqlıdır. TDT-nin siyasi və iqtisadi imkanlarının genişləndirilməsi, türk dünyası daxilində nəqliyyat əlaqələrinin gücləndirilməsi Azərbaycan və Özbəkistanın maraqlarının ciddi şəkildə üst-üstə düşdüyü istiqamətlərdəndir.

Azərbaycan-Özbəkistan münasibətlərinə yalnız ikitərəfli əlaqələr, ya da sırf siyasi prizmasından baxmaq kifayət etmir. Bu münasibətlər Xəzər dənizini Mərkəzi Asiyaya, Mərkəzi Asiyanı Qafqaza, Qafqazı isə Avropaya bağlayan daha böyük geosiyasi və iqtisadi mənzərənin bir hissəsinə çevrilib. Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu gücləndirməsi, Özbəkistanın isə bu bağlantılarda daha fəal iştirak etməsi iki ölkənin qarşılıqlı maraqlarını daha da artırır.

Təsadüfi deyil ki, Azərbaycan-Özbəkistan münasibətləri son illərdə iqtisadi kontekstdə nəzərəçarpacaq dərəcədə dəyişib. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 795 milyon dollara çatması və bir il ərzində üç dəfədən çox artması, 2026-cı ilin ilk beş ayında da artımın davam etməsi bu dinamikanın real göstəricisidir.

Avtomobil istehsalı sahəsində “Azərmaş” ilə özbək şirkətləri əməkdaşlıq edir. Bu gün minlərlə Chevrolet və yüzlərlə Isuzu markalı avtomobilin istehsalı artıq bu əməkdaşlığın kağız üzərində qalan razılaşma olmadığını göstərir.

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. İnvestisiya münasibətlərinin ayrıca institusional mexanizmlə dəstəklənməsi iki ölkənin iqtisadi əlaqələrini daha sistemli mərhələyə keçirir. Burada əsas məsələ mövcud potensialın yeni layihələrə çevrilməsidir.

2025-ci ildə Azərbaycanla Özbəkistan arasında tranzit daşımaların həcmi 1,4 milyon tona çatıb. Bu çox mühüm göstəricidir. Belə ki, Azərbaycan Xəzər üzərindən Qərbə çıxış imkanlarına, Özbəkistan isə Mərkəzi Asiyanın daxilində mühüm mövqeyə malikdir. Bu iki coğrafiyanın bir-birini tamamlaması Bakı ilə Daşkənd arasında nəqliyyat əməkdaşlığını ikitərəfli münasibətlərdən daha böyük bir layihənin hissəsinə çevirir.

Burada Azərbaycanın Orta Dəhlizdəki mövqeyini xüsusilə qeyd etmək lazımdır. Özbəkistanın Avropa bazarlarına çıxışında Azərbaycan üzərindən keçən marşrutların əhəmiyyəti böyükdür. Əslində, bu detal Bakı-Daşkənd münasibətlərində nəqliyyat məsələsini iqtisadi əməkdaşlığın ayrıca istiqamətindən çıxaraq strateji məsələyə çevirir.

Bu gün Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat imkanları və Avropa istiqamətində bağlantıları Özbəkistanın iqtisadi və regional potensialı ilə birləşir. Tarixi yaxınlıq isə bu əməkdaşlığın siyasi və ictimai əsasını möhkəmləndirir. Məhz buna görə Bakı-Daşkənd münasibətlərinin gələcək inkişafı yalnız iki ölkənin deyil, bütövlükdə Türk dünyasının və Avrasiya məkanının geosiyasi mənzərəsinə təsir edə biləcək proses kimi qiymətləndirilə bilər.

Turan Rzayev

Tacxeber.com

Oxşar xəbərlər

“Cavab alın”: Putin Ukraynada mülki obyektlərə endirilən zərbələr barədə

redaktor

ABŞ “TikTok”u 400 milyon dollar cərimələdi – Uşaqlara görə

admin

Türkiyə–İsrail gərginliyi: Yaxın Şərqdə strateji qarşıdurmanın yeni mərhələsi

redaktor