ABŞ Ədliyyə Nazirliyi TikTok və onun ana şirkəti “ByteDance” ilə uşaqların onlayn məxfiliyinin qorunmasına dair məhkəmə işini 400 milyon dollarlıq razılaşma ilə yekunlaşdırıb.
ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında bildirilib ki, “TikTok”, “ByteDance” və onlara bağlı qurumların Uşaqların Onlayn Məxfiliyinin Qorunması Aktına (COPPA) və bu qanunun icrasına dair qaydalara uyğunluğu ilə bağlı məhkəmə işi razılaşma yolu ilə həll edilib.
Açıqlamada 400 milyon dollarlıq razılaşmanın COPPA çərçivəsində indiyədək əldə edilmiş ən yüksək məbləğlərdən biri olduğu vurğulanıb. Razılaşmaya əsasən, “TikTok” dərhal 300 milyon dollar ödəyəcək. Bundan əlavə, “Musical.ly” şirkətinə qarşı əvvəlki razılaşma qərarının ləğv edilməsindən sonra daha 100 milyon dollar ödəniləcək.
Ədliyyə Nazirliyinin açıqlamasında 2024-cü ildə şikayətin təqdim edilməsindən sonra “TikTok”un mülkiyyətində, idarəetməsində, uyğunluq funksiyalarında və məxfilik siyasətində mühüm dəyişikliklərin həyata keçirildiyi qeyd olunub.
Ötən günlərdə ABŞ-da apellyasiya məhkəməsi “Meta” və “TikTok”un platformaların dizaynından qaynaqlandığı iddia edilən zərərlərlə bağlı açılmış minlərlə məhkəmə işinin dayandırılması tələbini rədd edib.
“The Hill” qəzetinin məlumatına görə, apellyasiya məhkəməsi şirkətlərin tələbi ilə bağlı qərarında “Meta” və “TikTok”un məhkəmə proseslərinin çox erkən mərhələsində apellyasiya müraciəti etdiyini bildirib.
Məhkəmə qərarında texnologiya şirkətlərini istifadəçilərin yaratdığı məzmundan irəli gələn hüquqi məsuliyyətdən böyük ölçüdə qoruyan Kommunikasiyanın Əxlaqı Aktının sosial media şirkətləri tərəfindən məhkəmə işlərinin dayandırılması üçün deyil, yalnız məsuliyyətə qarşı müdafiə məqsədilə istifadə oluna biləcəyi vurğulanıb.
Məhkəmə bu məsələ ilə bağlı apellyasiya səlahiyyətinin olmadığını bildirərək şirkətlərin tələbini rədd edib.
ABŞ-da “Meta”ya məxsus platformaların və “TikTok”un dizaynından qaynaqlandığı iddia edilən zərərlərlə bağlı minlərlə məhkəmə işi açılıb. “Meta” və “TikTok” isə bu işlərin dayandırılması üçün apellyasiya məhkəməsinə müraciət etmişdi.
Bundan əvvəl ABŞ-da keçirilən başqa bir məhkəmə işində andlılar “Meta” və “YouTube”un bəzi istifadəçilərin psixi sağlamlığına təsirinə görə qismən məsuliyyət daşıdığı qənaətinə gəlib və 6 milyon dollar təzminat ödənilməsinə qərar verib.
20 yaşlı K.G.M.-nin qaldırdığı və minlərlə işin birləşdirilməsi ilə baxılan məhkəmə prosesində sosial media platformalarından istifadəyə asılılığın psixi sağlamlıq problemlərinə səbəb olduğu və ya mövcud problemləri ağırlaşdırdığı iddia edilmişdi. (Valyuta.az)
