Türkiyədə AKP hökumətinə müxalif, yaxud ona bağlı və tabe olmayan dini camaatlara qarşı əməliyyatlar davam edir.
“Süleymançılar”ın lideri Əlixan Kurişdən sonra bu gün “Furkan” icmasının lideri Alparslan Kuytul həbs olunub. Əl Əzhər məzunu A.Kuytul digər dini icma və təriqət başçılarından fərqli olaraq, ictimai- siyasi hadisələrlə bağlı açıq, tənqidi mövqe ortaya qoyan, cəsarətli çıxışlar edən dini avtoritetdir. O, əvvəllər də bir neçə dəfə saxlanılıb və həbsdə yatıb.
Baş verənlər ümumən ölkədə rəqabətli avtoritarizmdən sərt, hegemonik avtoritarizmə keçid prosesinin tərkib hissəsidir. Bu yolda irəliləmək üçün təkcə institusional müxalifəti, azad medianı və müstəqil-müxalif vətəndaş cəmiyyətini deyil, “biət etməyən” islami camaatları da əzmək zərurətdir. AKP-nin son vaxtlara qədər tam hakim olduğu sünni-mütədeyyin məhəllədə müxalif meyllərin baş qaldırması rejim üçün xüsusilə arzuolunmazdır. (“Süleymançılar” son yerli hakimiyyət seçkilərində CHP-yə səs vermişdi). Bu, sementləşmiş sadiq sosial bazanın qırılması riskini yaratmaqla, siyasi islamçı rejimin legitimliyini də aşındırır.
Türkiyədə növbəti seçkilərin taleyini seçkidən əvvəl həll etmək üçün repressiyaların şiddətlənərək davam edəcəyinə şübhə yoxdur. Mövcud beynəlxalq konyuktur, Qərbin Ərdoğana güclü dəstəyi də buna imkan verir.
