“Cavab verməsəniz, sizə tankdan atəş açacağam.” Rusiya hərbi rabitəsinin döyüş şəraitində ələ keçirilmiş səs yazıları vəziyyətin kritik olduğundan xəbər verir. Ukrayna hərbi qulluqçuları WELT nəşrinə rusiyalı komandirlərin əsgərləri hücuma keçmələri üçün təhdid etdikləri səs yazılarını paylaşıblar. “And içirəm ki, bu şəhəri alana qədər heç kim geri qayıtmayacaq. Heç kim” – komandirlərdən biri belə deyir.
Digər əsgərlərin danışıqlarına əsasən, cəbhədəki vəziyyət olduqca acınacaqlıdır. Bir əsgər su çatışmazlığı səbəbindən öz sidiyini içməyə məcbur olduğunu deyir. Çağırış adı (pozıvnoy) Mario olan Ukrayna kəşfiyyat zabiti rus əsgərlərinin aclıqdan pişik yeməsi ilə bağlı söhbətləri də eşitdiyini iddia edir. Ən pisi isə odur ki, bu vəziyyətdə geri dönmək də mümkün deyil. Geri çəkilənləri orduya maneə dəstələri izləyir və onlar özləri atəş aça bilərlər.
