CəmiyyətDünyaSiyasət

Problem Emin Ağalarov deyil, hamıya eyni imkanın verilməməsidir

Musa Rahimin narkotik ittihamına söykənən həbsi ilə bağlı yayılan məlumatlarda onun saxlanılmasını Emin Ağalarov və “Sea Breeze” layihəsi haqqında tənqidi çıxışları ilə əlaqələndirdiyi bildirilir.

Mən Emin Ağalarovun gördüyü bir çox işi müsbət qiymətləndirirəm. Azərbaycana investisiya cəlb etmək, böyük turizm və yaşayış layihələri yaratmaq, xarici vətəndaşların Azərbaycanda əmlak almasına maraq yaratmaq pis şey deyil. Əksinə, normal iqtisadiyyatda belə təşəbbüslər ölkəyə kapital, iş yeri və vergi gətirə bilər.

Problem Emin Ağalarovun bizneslə məşğul olması deyil.

Problem budur: Azərbaycanda başqa sahibkar da eyni imkanlardan istifadə edə bilərmi?

Başqa iş adamı eyni miqyasda torpaq əldə edə, tikinti apara, infrastruktur imkanlarından yararlana, dövlət qurumları ilə eyni sürətlə problemlərini həll edə bilərmi?

Əgər cavab “yox”dursa, onda artıq söhbət azad bazardan getmir.

Biznes mühitinin əsas şərti sahibkarların hamısının eyni qanun qarşısında fəaliyyət göstərməsidir. Dövlətin vəzifəsi konkret biznesmeni böyütmək deyil, elə qaydalar yaratmaqdır ki, Emin Ağalarova mümkün olan şey eyni hüquqi şərtləri yerinə yetirən başqa sahibkara da mümkün olsun.

Əks halda iqtisadiyyatda təhlükəli model yaranır: hakimiyyətə yaxın olan böyüyür, siyasi və inzibati dayağı olmayan isə rəqabətə başlamamış uduzur.

Bunun nəticəsində təkcə ayrı-ayrı sahibkarlar zərər çəkmir. Ölkə bütövlükdə uduzur. Çünki investor üçün əsas təminat hansısa məmurla münasibət deyil, qanunun hamıya eyni tətbiq edilməsidir.

Azərbaycanın problemi uğurlu biznesmenlərin olması deyil. Belə biznesmenlər nə qədər çox olsa, bir o qədər yaxşıdır.

Problem uğur qazanmaq üçün hamıya eyni qapının açıq olmamasıdır.

Normal dövlət bir sahibkara xüsusi yol açmır.

Normal dövlət yolu hamı üçün açır.

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Qafqaz üçün “Məkkə sazişi”: Türkiyənin yeni təhlükəsizlik təşəbbüsü

redaktor

“Ruslar kimi satılmayın”: Kastronun Qərb haqqında tarixi xəbərdarlığı

redaktor

İranın Zəngəzur təhdidləri: hədəf Ermənistan, ya Azərbaycan və Türk dünyasıdır?

redaktor