Fətullah Gülənin illər əvvəl İran haqqında söylədiyi çox sərt bir fikir var. Videodakı sözün mənası təxminən belədir:
“Axirətdə Cənnətə gedən yol İranın içindən keçsə, soruşaram: kənarından keçən başqa yol yoxdurmu?”
İrana və şiəliyə münasibətdə bundan daha açıq antipatiyanı ifadə etmək çətindir.
Amma məzhəb nifrəti yalnız bir tərəfdə olmayıb.
Radikal şiə din xadimi Yasir əl-Həbib sünnilərin “möminlərin anası” hesab etdikləri Aişə haqqında danışarkən açıq şəkildə “Allahın lənəti onun üzərinə olsun” ifadəsini işlədir. Onun Aişə və bəzi səhabələr haqqında bundan da ağır çıxışları olub.
Yəni bir tərəfdə şiəyə nifrət edən sünni, o biri tərəfdə sünninin müqəddəs saydığı insanları lənətləyən şiə…
Bu qarşılıqlı nifrətin hara qədər gedə bildiyini isə İŞİD dünyaya göstərdi.
2014-cü ildə İraqdakı Camp Speicher qətliamında İŞİD əsirləri sünni və şiə olaraq ayırdı. Sünnilərin bir hissəsi buraxıldı, yüzlərlə şiə kursant isə aparılaraq öldürüldü. Human Rights Watch qətlə yetirilənlərin sayını ən azı 560–770 nəfər göstərir. İŞİD özü isə 1,700 nəfəri öldürdüyünü iddia etmişdi.
İnsan yalnız şiə olduğu üçün öldürülürdü.
Bəs bunun sonu haradır?
Mənə görə, böyük şiə alimi Ayətullah Əli Sistaninin mövqeyi bütün bu nifrət ritorikasından qat-qat böyükdür.
İraqda məzhəb qarşıdurmasının ən təhlükəli vaxtlarında o, şiələri sünnilərdən qisas almaqdan çəkindirirdi və çox təsirli bir fikir söyləyirdi:
“Sünnilər bizim qardaşlarımızdır deməyin — onlar bizim özümüzdür.”
Bax, mənim anladığım İslam budur.
Quran bu məsələdə çox aydın danışır:
“Möminlər ancaq qardaşdırlar.”
— “Hucurat” surəsi, 49:10
Başqa bir ayədə isə buyurulur:
“Hamılıqla Allahın ipindən möhkəm yapışın və parçalanmayın.”
— “Ali-İmran” surəsi, 3:103
Onda çox sadə bir sual yaranır:
Allah “parçalanmayın” deyirsə, biz niyə parçalanırıq?
Allah möminləri qardaş adlandırırsa, biz niyə bir-birimizi düşmən hesab edirik?
Şiə ilə sünninin namazında müəyyən fərqlər ola bilər. Şiəliyin öz daxilində də, sünniliyin öz daxilində də müxtəlif məktəblər var.
Amma Allah birdir. Quran birdir. Qiblə birdir.
Azərbaycanda bunun çox gözəl nümunəsini görürük. Şiə ilə sünninin eyni məsciddə yanaşı dayanıb eyni Allaha üz tutaraq #namaz qılması bizim üçün qeyri-adi hadisə deyil.
Kaş bütün İslam dünyasında belə olaydı.
Sünni sünni olaraq qalsın, şiə də şiə olaraq. Heç kim öz məzhəbindən imtina etməsin.
Sadəcə bir-birimizə nifrət etməkdən imtina edək.
Çünki fərqli ibadət edə bilərik, tarix haqqında fərqli düşünə bilərik, amma bir-birimizə düşmən olmaq məcburiyyətində deyilik.
Bəlkə Azərbaycanın İslam dünyasına göstərə biləcəyi ən gözəl nümunələrdən biri də elə budur:
Məzhəbimiz fərqli ola bilər. Qibləmiz isə eynidir…
