Türkiyənin NATO yanında keçmiş daimi nümayəndəsi, “Ankara Siyasət Mərkəzi”nin direktoruFatih Ceylan hesab edir ki, Azərbaycan və Ermənistan sülh sazişini imzaladıqdan sonra sənəddən irəli gələn hüquqi dəyişiklikləri mərhələli şəkildə həyata keçirə bilərlər.
Ceylan bu fikirləri Ermənistanın “Armenpress” agentliyinə müsahibəsində səsləndirib.
Ceylan 2025-ci ilin martında Bakı və Yerevanın sülh sazişi layihəsinin bütün maddələri üzrə razılığa gəldiklərini açıqladıqlarını, həmin ilin avqustunda isə sənədin Vaşinqtonda paraflandığını xatırladıb.
Onun sözlərinə görə, bu proses sülh sazişinin yekunlaşdırılması üçün möhkəm əsas yaradıb:
“Hazırda əsas məsələ prosesi imzalanma mərhələsinə çatdırmaqdır. Bu, Cənubi Qafqaz üçün ciddi dönüş nöqtəsi ola, həmçinin Mərkəzi Asiyanı əhatə edən regional əməkdaşlığa təsir göstərə bilər”.
Diplomat bildirib ki, ABŞ və Avropa İttifaqının prosesdə iştirakı, eləcə də nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı layihələr sazişin imzalanmasına beynəlxalq marağı artırır.
Ceylanın fikrincə, sənəd imzalandıqdan sonra həm Azərbaycan, həm də Ermənistan öz hüquq sistemlərini götürdükləri öhdəliklərə uyğunlaşdırmalı olacaqlar. O, hüquqi dəyişikliklərin sazişdən əvvəl tamamlanmasını zəruri hesab etmir:
“Konstitusiya dəyişiklikləri müəyyən vaxt tələb edə bilər. Saziş imzalandıqdan sonra hər iki tərəfin hüquqi öhdəlikləri yaranacaq”.
Azərbaycan hakimiyyəti Ermənistan Konstitusiyasında və digər normativ sənədlərdə Azərbaycana qarşı ərazi iddialarının qaldığını bildirərək onların dəyişdirilməsini sülh sazişinin imzalanması üçün şərtlərdən biri kimi irəli sürür.
Ceylan düşünür ki, tərəflər bu məsələni tənzimləmək üçün sülh sazişinə əlavə olaraq protokol və ya qarşılıqlı anlaşma memorandumu da imzalaya bilərlər. Onun sözlərinə görə, belə bir sənəddə hüquqi öhdəliklərin icra müddəti və mexanizmləri göstərilə bilər.
“Türkiyə Bakıya müəyyən siqnallar verir”
Keçmiş diplomat hesab edir ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlarla Azərbaycanı dolayı şəkildə sülh sazişini imzalamağa təşviq edir.
Ceylan buna Türkiyə vitse-prezidentinin Yerevanda keçirilən Avropa Siyasi Birliyi sammitində iştirakını, Ani körpüsünün bərpası ilə bağlı razılaşmanı və Qars–Gümrü dəmir yolunun işə salınması üçün görülən hazırlıqları nümunə göstərib.
“Bunlar Türkiyənin Azərbaycana birbaşa və ya dolayı təzyiqinin əlamətləri kimi qiymətləndirilə bilər. Ankara bununla tam normallaşmaya hazır olduğunu göstərir”, – o bildirib.
Ceylan əlavə edib ki, Ankara və Bakı arasında bu mövzuda qapalı danışıqların aparılıb-aparılmadığı barədə məlumatı yoxdur. Bununla belə, onun fikrincə, Türkiyənin praktik addımları Azərbaycana ünvanlanan siyasi mesaj kimi də başa düşülə bilər.
Diplomat Türkiyənin Ermənistanla normallaşma prosesini daha sürətlə irəlilətməsinin Bakıda narahatlıq yarada biləcəyini də istisna etməyib. O bildirib ki, Azərbaycanla Türkiyə arasında geniş iqtisadi və siyasi əlaqələr olduğuna görə Ankara ehtiyatlı davranır.
Ceylanın fikrincə, prosesdə Azərbaycan, Ermənistan və Türkiyə ilə yanaşı, Gürcüstan da fəal iştirak etməlidir:
“Region ölkələri bu prosesə sahib çıxmalı və əməkdaşlıq imkanlarını itirməməlidirlər. Türkiyə–Ermənistan və Azərbaycan–Ermənistan münasibətlərində yaranmış dinamika qorunmalıdır”.
O, Türkiyə ilə Ermənistan arasındakı sərhədin açılmasının münasibətlərin normallaşmasında dönüş nöqtəsi ola biləcəyini deyib. Ceylan turizm, mədəni əlaqələr və müxtəlif qurumlar arasında əməkdaşlığın xalqlar arasında etimadın formalaşması üçün də əhəmiyyətli olduğunu vurğulayıb.
Keçmiş diplomatın sözlərinə görə, sülh və normallaşma prosesinin sürətlənməsi Azərbaycan, Ermənistan, Türkiyə və Gürcüstanın hamısının maraqlarına uyğundur. (AbzasMedia)
