DünyaTarix

30 iyul 762-ci il, ikinci Abbasi xəlifəsi Mənsurun göstərişi ilə Bağdad şəhərinin əsası qoyulur

Xilafətin ilk paytaxtı Mədinə idi. Dördüncü xəlifə Əli ibn Əbu Talib 656-cı ildə paytaxtı Kufəyə köçürdü.

Suriya hakimi Müaviyə Birinci fitnə adını alan daxili müharibədən qalib çıxandan sonra iqamət etdiyi Dəməşqi 661-ci ildə paytaxt etdi. Sonuncu Əməvi xəlifəsi II Mərvan 744-cü ildə paytaxtı Harrana köçürdü.

750-ci ildə Əməviləri devirərək hakimiyyətə gələn Abbasilər paytaxtı Kufəyə qaytardılar və bu vəziyyət 12 davam etdi. Xəlifə Mənsur Dəclə çayı sahilində yeni paytaxt salmaq qərarına gəldi. Yeni şəhər sürətlə böyüdü.

Mənası dəqiq bilinməyən Bağdad adına e.ə. IX əsrdə Assuriyanın mixi yazılarında rast gəlinir. Burada yeni şəhər salınanda da əraziyə Bağdad deyilirdi. Mənsur şəhərə Mədinət əs-Salam adını vermişdi ki, bu da “Sülh şəhəri” deməkdir. Kəsilən sikkələrin üzərində bu ad yazılırdı. Amma şəhərə qeyri-rəsmi Bağdad deyilirdi və tədricən bu ad yeganə oldu.

Xəlifə Mötəsim 836-cı ildə xilafətin paytaxtını Səmarraya köçürdü. Amma 892-ci ildə xəlifə Mötəmid Bağdada qayıtdı.

Xəlifələrin hakimiyyəti zəifləyənə və mərkəzdənqaçma prosesi gedənə qədər Bağdad dünyanın ən böyük meqapolisi idi. X əsrin əvvələrində burada 900 min adamın yaşadığı təxmin olunur. Əsrin sonunda isə əhali sayı 1 milyonu keçmişdi.

Mərkəzi hakimiyyət zəifləyəndən sonra şəhərin siyasi önəmi azalsa da, yenə ən böyük elm və mədəniyyət mərkəzi idi.

Monqolların 1258-ci ildə Bağdadı tutub dağıtmasından sonra şəhər tənəzzül etdi və sonrakı dövrlərdə müxtəlif dövlətlərin tərkibində sadəcə əyalət şəhəri oldu.

Bağdad
– 1258-1356-cı illərdə Elxanilər dövlətinin tərkibində oldu.
– 1356-cı ildə Cəlairilərin əyalət mərkəzi idi. 1393-1405-ci illərdə Teymur imperiyasının tərkibində olduqdan sonra (Teymur şəhəri daha bir dəfə darmadağın etdi) qısa müddət üçün Cəlairilərə qayıtdı.
– 1411-1469-cu illərdə Qaraqoyunlular dövlətinin əyalət şəhəri idi.
– 1469-1508-ci illərdə Ağqoyunlu dövlətinin tərkibində oldu.
– 1508-1534-cü illərdə Səfəvilərin ərazisində yerləşirdi.
– 1535-ci ildə sultan Süleyman Bağdadı tutdu və Osmanlı dövlətinə qatdı.
– Təxminən 90 il sonra I şah Abbas şəhəri Səfəvilərə qaytardı. Amma 1638-ci ildə sultan IV Murad yenidən Bağdadı tutdu.
– Birinci dünya müharibəsindən sonra isə Bağdad İraq dövlətinin paytaxtı oldu.

Hazırda Bağdadda 8 milyona yaxın adamın yaşadığı təxmin edilir. O, ərəb dünyasında Qahirədən sonra ən böyük şəhərdir.

 

Mənbə: Tarixcı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ukrayna Silahlı Qüvvələri Rusiyaya odlu bir gecə yaşatdı: Wildberries anbarları yanır

redaktor

Bununla da, Rusiya Ukraynaya Kremli raketlə vurma haqqı verdi

redaktor

İdeoloji müstəqillik ən çətin yoldur

redaktor