Hadisə

“WhatsApp” statusunda Ərdoğanla bağlı paylaşım edən vətəndaşa 15 sutka həbs cəzası verilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında “WhatsApp” statusunda tənqidi ifadələr yazan Azərbaycan vətəndaşına 15 sutka inzibati həbs cəzası verilib.

Tacxeber.com xəbər verir ki, “Abzas Media”nın əldə etdiyi məhkəmə qərarına əsasən, hökm iyulun 9-da Xəzər Rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə çıxarılıb.

İş Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin tərtib etdiyi inzibati xəta protokolu əsasında məhkəməyə göndərilib. Polis vətəndaşın internet informasiya ehtiyatında yayılması qadağan edilən məlumat yerləşdirdiyini iddia edib.

Polis əməkdaşı məhkəmədə bildirib ki, şəxs “WhatsApp” platformasında “cəmiyyətə açıqca hörmətsizlik ifadə edən əxlaqsız ifadələr” işlədib.

Məhkəmə sənədlərinə görə, vətəndaş statusunda Türkiyə prezidenti haqqında hamının görə biləcəyi şəkildə bir neçə qeyri-etik ifadə yazdığını etiraf edib. O, əməlindən peşman olduğunu bildirərək məhkəmədən inzibati həbslə bağlı olmayan cəza seçilməsini istəyib.

Məhkəmə şəxsin İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulan xətanı törətdiyi qənaətinə gəlib. Həmin maddə internet informasiya ehtiyatında “yayılması qadağan edilən informasiya”nın yerləşdirilməsinə görə 500 manatdan 1000 manatadək cərimə və ya bir ayadək inzibati həbs nəzərdə tutur.

Qərarda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun internetdə təhqir və böhtan xarakterli məlumatların yerləşdirilməsini qadağan edən müddəalarına da istinad olunub.

Məhkəmə vətəndaşın əməlini etiraf etməsini, peşmanlığını və ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını yüngülləşdirici hallar kimi qiymətləndirsə də, ona 15 sutka inzibati həbs cəzası verib.

Qərarda vətəndaşın Türkiyə prezidenti haqqında konkret hansı ifadələri yazdığı göstərilmir.

Azərbaycanda sosial şəbəkələrdə yazılan şərh və paylaşımlara görə inzibati həbs qərarları daha əvvəl də verilib. İyunun əvvəlində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətini tənqid edən bir şəxs 15 sutka inzibati həbs olunub.

Fevralda isə polis zorakılığı ilə bağlı sosial şəbəkələrdə və yerli mediada yayılan videoya şərh yazan bir sıra vətəndaşlar inzibati məsuliyyətə cəlb ediliblər. Müxtəlif rayon məhkəmələri həmin şəxsləri də İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi ilə təqsirli bilərək barələrində həbs qərarları çıxarıb.

Məhkəmə qərarlarında vətəndaşların dövlət qurumları və polis haqqında “nalayiq ifadələr” yazdıqları iddia olunsa da, onların konkret hansı sözlərə görə məsuliyyətə cəlb edildiyi açıqlanmır.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Həkimdən MRT istəyimə cavab: ‘Xoruz banlamırdı, səhər açılmırdı?’”

admin

“Dünyanın damı”nda yaşanan dəhşət: gizlədilən ölümlər, 20 illik sükut…

admin

Həbsxanada jurnalistin səhhəti çox ağırlaşıb

redaktor