Elon Muskın son müsahibəsinə baxdım. Adam yenə də ictimai diqqəti üzərinə çəkəcək və öz maraqlarına xidmət edə biləcək kifayət qədər iddialı fikirlər səsləndirdi.
İndi onun səsləndirdiyi fikirlərdən 3 əsas fikri ayırıb, nə qədər real ola biləcəyini yazacam.
Mask deyir ki, 5 il ərzində süni intellekt bütün insanların ümumi intellektini üstələyəcək.
Doğrumu deyir ? Baxaq.
Əvvəla onu deyim ki, “bütün insanların ümumi intellekti” anlayışının elmi ölçüsü yoxdur. Düzdür, onsuz da süni intellekt artıq bir çox sahədə insanı üstələyir. Lakin insan intellekti yalnız hesablama qabiliyyəti deyil ki. İnsan intellektində yaradıcılıq, sosial intuisiya, emosional zəka və fiziki dünya ilə qarşılıqlı əlaqə kimi önəmli şeylər var. Ona görə də müəyyən sahələrdə Maskla razılaşsam da, ümumi mənada bu ifadəni təsdiqləmək hələ mümkün deyil.
Sonra Mask deyir ki, yaxın 10 ildə insanların AI üzərində tam nəzarəti saxlamaq ehtimalı aşağıdır.
Əslində, bu heç Elon Muskın öz fikri deyil, başqalarının fikirlərinin təkrarıdır. Çünki artıq 1 ilə yaxındır ki, OECD, DB və BMT Aİ-nin sürətli inkişafı idarəetmə və tənzimləmə riskləri yaratdığını, mövcud hüquqi mexanizmlərin isə bu inkişaf tempindən geri qaldığını öz hesabatlarında yazırlar.
İndi gəldik müsahibənin əsas yerinə. Hansı ki, onun bu müsahibədə öz məqsədlərinə xidmət edəcək əsas fikri məhz pulla bağlı idi. O deyir ki, 2036-cı ildə robotlar bolluq yaradacaq və pul əhəmiyyətini böyük ölçüdə itirəcək.
Bu fikir kökündən cəfəngiyatdır. Robotlar məhsuldarlığı ciddi artıra bilər. Amma məgər pul təkcə istehsalın nəticəsidir ki?! Əlbəttə yox. Pul resursların bölüşdürülməsidir. Pul mülkiyyət hüquqlarıdır. Pul torpaq və enerji kimi məhdud resursların qiymətləndirilməsi alətidir. Pul xidmətlərin mübadiləsi üçün lazımdır və s. Odur ki bu gün dünyada mövcud olan reallıqlar qarşısında pulun əhəmiyyətini itirməsi heç yaxın 100 ildə mümkün deyil. Bunun üçün planetdə başqa şərtlər bərqərar olmalıdır.
Bəs, Elon Mask bunları bilmirmi? Əlbəttə bilir. Sadəcə o, bu cür proqnozlarla insanların gələcəklə bağlı gözləntilərinə təsir göstərməyə çalışır və bu yanaşma dolayısı ilə onun uzunmüddətli biznes maraqlarına da xidmət edir.
Əlqərəz, həmişə dediyimi yenə də təkrarlayıram ki, Elon Muskın ən böyük üstünlüyü super texnologiya yaratması yox, davranış iqtisadiyyatını və insan psixologiyasını çox yaxşı bilməsidir. Onun topladığı sərvətdə bu bacarıq texnaloji bacarığından qat-qat fayda verib ona.
Ümumiyyətlə, bu gün dünyada böyük sərvət qazanmaq üçün iqtisadiyyatı yaxşı bilmək artıq vacib deyil. Ən vacib olan insanların nəyə inanacağını, hansı xəbərin diqqət çəkəcəyini və hansı fikrin kütləni hərəkətə gətirəcəyini daha yaxşı bilməkdir.
