DünyaSiyasət

CHP-də yeni parçalanma: Özgür Özəlin gedişi kimə sərf edir?

Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Özgür Özəl partiyanın qrup iclasında CHP ilə vidalaşdığını və yeni siyasi partiya yaradacağını açıqlayıb. Özəl yeni siyasi təşkilatın “Yeni Partiya” adı ilə fəaliyyət göstərəcəyini bildirib.

Əvvəla onu deyim ki, CHP tarixində daxili fikir ayrılıqları, siyasi xətt mübarizələri və partiyadan ayrılmalar dəfələrlə yaşanıb. Partiya uzun müddət Türkiyənin  əsas siyasi aktoru kimi çıxış etsə də, cəmiyyətin dəyişən tələbləri, ideoloji istiqamətlər və liderlik məsələləri zaman-zaman CHP daxilində ciddi müzakirələr yaradıb.

CHP-nin ilk böyük sınaqlarından biri 1940-cı illərin sonu və 1950-ci illərin əvvəllərində, Türkiyənin təkpartiyalı idarəçilik modelindən çoxpartiyalı siyasi sistemə keçidi dövründə yaşandı. 1950-ci ildə Demokrat Partiyanın hakimiyyətə gəlməsi CHP üçün yeni siyasi reallıq yaratdı. Müxalifət mövqeyinə keçən partiya daxilində dövlətçilik ənənələri ilə daha çevik və seçici yönümlü siyasət arasında fikir ayrılıqları meydana çıxmağa başladı. Bu dövrdə bəzi CHP üzvləri partiyanın mövcud xəttini tənqid edərək başqa siyasi partiyalara qoşuldular.

1960-cı illər isə CHP daxilində ideoloji axtarışların gücləndiyi mərhələ oldu. Türkiyədə sosial və siyasi proseslərin dəyişməsi partiyanın hansı istiqamətdə hərəkət etməsi məsələsini gündəmə gətirdi. Bir tərəfdə klassik dövlətçi və mərkəzçi xətti qorumaq istəyənlər, digər tərəfdə isə daha sosial yönümlü siyasət tələb edən qruplar dayanırdı. Bu müzakirələr nəticəsində CHP daxilində “ortanın solu” ideyasının formalaşması üçün zəmin yarandı.

Bülent Ecevitin yüksəlişi ilə isə CHP-də ciddi transformasiya başladı. Ecevit partiyanı daha çox sosial-demokrat xəttə yaxınlaşdırmağa çalışdı və “ortanın solu” siyasətini əsas istiqamət kimi təqdim etdi. Bu yanaşma CHP-ni geniş kütlələrə açmaq məqsədi daşısa da, partiya daxilində bütün qruplar tərəfindən qəbul edilmədi. Xüsusilə daha ənənəvi dövlətçi xətti müdafiə edən siyasətçilərlə Ecevit tərəfdarları arasında ciddi fikir ayrılıqları yarandı. Nəticədə bəzi tanınmış simalar partiyadan uzaqlaşdı və fərqli siyasi partiyalara üz tutdu.

1980-ci il hərbi çevrilişi Türkiyənin bütün siyasi sisteminə olduğu kimi CHP-yə də böyük təsir göstərdi. Çevrilişdən sonra siyasi partiyalar bağlandı və CHP fəaliyyətini dayandırdı. Lakin partiyanın siyasi mirası sosial-demokrat xətt üzərində yeni təşkilatların yaranmasına səbəb oldu. 1980-ci illərdə CHP-nin davamı hesab edilən Xalq Partiyası və Sosyal Demokrat Partiyası (SODEP) kimi qurumlar meydana çıxdı. Daha sonra bu siyasi xətt Sosial Demokrat Xalq Partiyasının (SHP) yaradılması ilə davam etdirildi.

1992-ci ildə CHP yenidən fəaliyyətini bərpa etdikdən sonra da partiya daxilində siyasi xətt və liderlik məsələləri ətrafında müzakirələr davam etdi. Partiyanın cəmiyyətlə münasibəti, seçki strategiyası və Türkiyənin əsas siyasi problemlərinə yanaşması ilə bağlı müxtəlif mövqelər ortaya çıxdı. Bəzi siyasətçilər CHP-nin mövcud istiqamətini kifayət qədər uğurlu hesab etməyərək ayrıldılar və başqa siyasi partiyalara qoşuldular.

Əslində, yuxarıdakı tarixi misallara baxdıqda demək olur ki, CHP-də parçalanmalar və ayrılmalar yeni hadisə deyil. Lakin Özgür Özəlin yeni siyasi partiya yaratması mənə görə bir qədər fərqli situasiyadır. Əvvələr də dediyim kimi CHP daxilindəki böhran və Özgür Özəlin yeni partiya yaratması ən çox hakim Ədalət və İnkişaf Partiyasının (AKP) işinə yarayır. Uzun illərdir alternativi olmadığını deyən partiya bu parçalanmanı seçki kampaniyalarında sözün əsl mənasında istifadə edəcək. Hətta istisna deyil ki, CHP sədri Kamal Kılıçdaroğlunun tələsik şəkildə partiya rəhbərliyinə gətirilməsi Prezident Rəcəb Tayyib Ərdoğanın beyin məhsuludur.

Ərdoğan çox ağıllı, daxili siyasəti bilən təcrübəli siyasətçidir. Vaxtilə bu proseslərdən özü də keçib. Yəni oyunun qaydasını yaxşı bilir. Kamal Kılıçdaroğlunun potensialı və edə biləcəkləri hər kəsə bəllidir. Özgür Özəl isə yeni qan, yeni nəfəsdir. Amma bu nəfəsi kəsmənin yolu elə parçalanmadır.

Özgür Özəl üçün qarşıdakı proses çətin olacaq. Çünki Özel və komandası yeni partiyanın Türkiyənin əsas müxalifət qüvvəsinə çevrilməsini hədəfləyir. Bunun üçün CHP-nin 135 millət vəkilindən ən azı 68-nin yeni partiyaya qoşulması tələb olunur. Siyasi kulislərdə isə bu prosesə 80 deputatın qatılacağı iddia edilir. Lakin Türkiyədə mühafizəkarlığın sürətlə artdığı bir parçalanmış CHP və partiyanın yarı gücünə sahib Özgür Özəlin nə qədər effektiv olacağı ciddi sual altındadır.

 

Turan Rzayev

Tacxeber.com

Oxşar xəbərlər

“Onlar ABŞ-ı məhv etməyə çalışırlar”: Taker Karlson Rusiya ilə bağlı sərt açıqlama verdi

redaktor

Zelenski: Ukraynanın hücumları Putinin ətrafındakı atmosferi zəhərləyir

redaktor

Orta məktəbdə robot müəllim işə başlayır

redaktor