Fəaliyyətini dayandırmış “Gənc Qazilər” İctimai Birliyinin sədri, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilən ictimai fəal Hacı Vəliyev həbsdə lazımi tibbi yardımla təmin olunmadığını və əlillik təyinatının iki aydır bərpa edilmədiyini bildirir.
Bu barədə onun adından sosial şəbəkələrdə yayılan açıqlamada deyilir.
Vəliyev bir il dörd aydır “saxta və əsassız ittihamlarla” həbsdə saxlanıldığını, bu müddətdə işgəncə və qeyri-insani rəftara məruz qaldığını iddia edir. O, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müalicə almaq hüququnun təmin edilmədiyini də bildirib.
“Mənə qarşı edilən işgəncələri, qeyri-insani rəftarı, hüquq pozuntularını Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində, yəni, Mərkəzi Müalicə Müəssisəsində (Sentralda) müalicə almaq hüququmdan məhrum edilməyimi və əlillik təyinatımın artıq 2 aydır məqsədli şəkildə bərpa olunmaması səbəbindən özümü faktiki olaraq əsirlikdə hiss edirəm.
2021-ci ildə heç bir beynəlxalq hüquqa, fundamental insan hüquqlarına və hüquq normalarına uyğun olmayan şəkildə mənə 5 illik II qrup əlillik təyin edilmişdi. Halbuki mənim bir gözüm yox, bir gözüm isə ağır yaralı, nevroloji xəstəliklərim və müxtəlif travmalarım mövcuddur”, – açıqlamada qeyd olunur.
Vəliyevin sözlərinə görə, o, mayın 14-də Penitensiar Xidmətin konvoyunun müşayiəti ilə Tibbi-Sosial Ekspert Komissiyasında müayinədən keçirilib. Müayinə zamanı görən gözündə görmə qabiliyyətinin 3 faiz olduğu, baş və bədən ağrılarının şiddətləndiyi müəyyən edilib.
Buna baxmayaraq, ictimai fəal əlillik təyinatının indiyədək bərpa olunmadığını deyir.
“Şəhidlərin, qazilərin və veteranların hesabına ayaqda qalan Azərbaycan hökuməti məni qanunsuz həbsdə saxlamaqla, həbsxanada işgəncələr verməklə, qeyri-insani rəftar göstərməklə və çoxsaylı qanun pozuntularına yol verməklə kifayətlənməyərək, görən gözümü də kor etməkdə, qan pulumu mənimsəməkdə israrlıdır.
Əsirlikdə və ikrah vəziyyətində olmağıma baxmayaraq, mübarizə yolumdan, o cümlədən tapdalanmış təməl hüquqlarım uğrunda mübarizədən geri çəkilməyəcəyəm”, – açıqlamada bildirilir.
İkinci Qarabağ müharibəsinin iştirakçısı olan Hacı Vəliyev müharibədən sonra sağlamlığını itirmiş hərbçilərin və şəhid ailələrinin problemlərini ictimailəşdirirdi.
O, 2025-ci il martın 18-də küçə ticarəti ilə məşğul olan qazilərə polis müdaxiləsini əks etdirən videogörüntülər paylaşmışdı. Bundan bir neçə gün sonra, martın 31-də II qrup əlilliyi olan Vəliyev polis əməkdaşları tərəfindən saxlanılmışdı.
Hacı Vəliyev 2026-cı il mayın 6-da Tovuz Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, iyunun 21-də “ədalətsiz məhkəmə hökmünə” etiraz olaraq aclıq aksiyasına başladığını açıqlasa da, sonradan aksiyanı dayandırıb.
Vəliyev irəli sürülən ittihamları qəbul etmir. O, 2025-ci ilin avqustunda həbsdə olan müstəqil jurnalist Ülviyyə Əliyə verdiyi müsahibədə qazilər və veteranların problemləri ilə bağlı sosial şəbəkələrdə və mediada səsləndirdiyi tənqidlərə görə həbs olunduğunu bildirmişdi.
Hacı Vəliyevin açıqlamasında irəli sürülən iddialara Penitensiar Xidmətin, Ədliyyə Nazirliyinin və aidiyyəti sosial müdafiə qurumlarının münasibəti hələlik məlum deyil. (AbzasMedia)
