Prezident olduğu dövrlərdə ən qatı İsrail tərəfdarı çıxışları ilə ortalığı qarışdıran Mahmud Əhmədnejatın MOSSAD agenti çıxması ilə əlaqədar məlumatlar məni təəccübləndirmədi. Cənub qonşumuz elə axmaq komanda ilə idarə olunur ki, İran İslam Respublikasının qurucu lideri Xomeyni belə sağ olsaydı, məmnuniyyətlə MOSSAD-a işləyərdi.
“New York Times” (NYT) bu sirri ifşa etməsindən sonra oratada bir sual dayanır: MOSSAD-a yaxınlığı ilə seçilən sözügedən media orqanı İsrail kəşfiyyatının ən önəmli adamlarından sayılan bir adamın sirrini niyə ifşa edib? Axı yayımlanan bu xəbər, Əhmədnejatın həyatı üçün də təhlükəlidir.
Məncə, bunun bir izahı var: kəşfiyyat orqanları ifşa olunmuş agentlərini sağ saxlamırlar. Və adətən onu öz yaxınlarının əli ilə ortadan qaldırırlar. Üstəlik, Əhmədnejatın MOSSAD agenti olması barədə faktların ifşa olunması İranın siyasi hakimiyyəti içərisində də bir-birinə inamsızlığı artıra və vahid mərkəzdə birləşmə iradəsini zəiflədə bilər. Görünür, MOSSAD da İranın siyasi çevrələrini moral çöküntüsünə uğratmaq və siyasi çalxantılara düçar etmək üçün bu məxfi məlumatları yayıb.
Yeri gəlmişkən, məlumatlardan belə anlaşılır ki, İranın yüksək çinli rəhbərliyi də Əhmədnejatın hansı yuvanın quşu olduğunu öyrənib. Elədirsə, MOSSAD üçün mənasız yükə çevrilən bu adamı qorumağın adı nədir?
