ABŞ müharibə və dəniz blokadası yolu ilə Hörmüz boğazına nəzarəti İranın əlindən ala bilmədi. Məcbur qalıb İranın təklif etdiyi 10 bəndlik şərtlər əsasında anlaşma memorandumu imzaladı. Memorandumu ABŞ-ın və İranın prezidentləri imzaladı. Yeri gəlmişkən, bu memorandum 1979-cu ildən sonra iki ölkə prezidentinin birgə imzası olan ilk rəsmi sənəd idi.
Memoranduma əsasən, tərəflər onun şərtləri əsasında sülh sazişini razılaşdırmaq üçün danışıqlara başlamalı idilər. Danışıqlar üçün 60 gün vaxt müəyyənləşdirilib. Bu müddət ərzində tərəflər atəşkəsə riayət etməli, bir-birini təhdid etməməli, blokadanı ləğv etməli, boğazı açmalı idilər.
Bildiyimiz kimi, ABŞ heç vaxt zəif hesab etdiyi ölkə ilə bərabər səviyyəli danışıqlara getmir. O qarşı tərəfi aşağıdakı mərhələlərdən keçməklə yalnız özünə sərfəli olan sazişi imzalamağa məcbur edir:
Əvvəl qarşı tərəfi təhdid etməklə şərtlərini qəbul etməyə məcbur edir.
Bu alınmadıqda həmin tərəfə sanksiyalar (iqtisadi, maliyyə, siyasi, humanitar və s.) tətbiq etməklə eyni məqsədə çatmağa çalışır.
Bu da alınmadıqda ABŞ həmin ölkədə saray çevrilişi, Maydan, “rəngli inqilab” etməklə hakimiyyətə öz kuklalarını gətirməyə çalışır ki, istədiyi sazişi bağlaya bilsin.
Bu da alınmadıqda həmin ölkəyə qarşı başqa ölkəni(ləri) müharibəyə cəlb etməklə onu zəiflətməyə (məhv etməyə) çalışır ki, məqsədinə çatsın.
Bu da alınmadıqda həmin ölkəyə qarşı özü (çox vaxt başqa ölkələri də özünə qoşmaqla) müharibəyə başlamağa məcbur olur.
Bu da alınmadıqda həmin ölkə ilə “sülh” danışıqlarına başlayır ki, danışıqlar zamanı müxtəlif çirkin fəndlərdən istifadə etməklə ilkin məqsədinə tam və ya qismən çatsın.
Bəzən bu mərhələlərin bir neçəsi paralel tətbiq edilə bilər.
Hər növbəti mərhələyə keçid o vaxt baş verir ki, əvvəlki mərhələnin ABŞ-a uğur gətirməyəcəyi aydın olur. Yəni əgər, məsələn, ABŞ danışıqlar mərhələsində təhdid edirsə və ya müharibəyə başlayırsa, bu onun resurslarının tükəndiyinin, artıq “vurulmuş kartlardan” istifadə etdiyinin, əlacsız vəziyyətə düşdüyünün simptomudur.
İran bu mərhələlərin hər birindən keçdi, lakin ABŞ-ın şərtlərini qəbul etmədi deyə hazırda sonuncu – danışıqlar mərhələsindədir. ABŞ paralel olaraq digər mərhələlərin də elementlərini (təhdid, sanksiya, qısamüddətli hərbi əməliyyatlar) tətbiq etməklə danışıqlarda üstünlük qazanmağa çalışır. Lakin nə qədər ki Hörmüz boğazına nəzarət İrandadır, ABŞ-ın bütün səyləri əbəs olacaq.
Müharibə zamanı İran Hörmüz boğazına tam nəzarət edirdi. ABŞ-ın boğaza nəzarəti İrandan alması üçün hərbi-dəniz qüvvələri boğaza yaxınlaşmalı idilər (minalardan təmizləmək və keçidin təhlükəsizliyini təmin etmək üçün), buna isə İran imkan vermirdi. Müharibə, iqtisadi sanksiyalar və dəniz blokadası ilə İranı boğazı açmağa məcbur edə bilməyən ABŞ atəşkəsə və sülh danışıqlarına razılaşdı ki, hərbi gəmiləri qorxusuz boğaza yaxınlaşa bilsinlər. Məqsəd nə idi?
Hörmüz boğazı iki ölkənin yurisdiksiyasına aiddir – İranın və Omanın. İran ABŞ və tərəfdaşlarının gəmilərinin danışıqlar müddətində onun sahillərinə yaxınlaşmasına icazə vermirdi. Lakin bunu Omana qadağan edə bilməzdi. Oman isə gücsüz, ABŞ-dan asılı bir dövlətdir. ABŞ Omana təzyiq etməklə gəmilərini Oman sahillərinə gətirdi. Atəşkəs olduğu üçün İran buna mane olmadı. ABŞ istəyirdi ki, boğazın Omana aid hissəsini öz nəzarətinə götürsün.
ABŞ boğazın Omana aid hissəsini nəzarətinə götürsəydi, İranın danışıqlarda əsas təsir “rıçaq”ını əlindən alacaqdı. Bundan sonra ABŞ danışıqlardan imtina edə bilər və ya onu illərlə uzada bilərdi – dünya bazarlarında neft qıtlığı yoxdursa, ABŞ niyə danışıqlarda özünə sərf etməyən şərtləri qəbul etməlidir?
Danışıqlar müddətində boğazın statusu ABŞ-İran anlaşma memorandumunun 5-ci bəndi ilə aşağıdakı kimi razılaşdırılmışdı:
“5. Bu memorandumun imzalanmasından sonra İran İslam Respublikası 60 gün ərzində Fars körfəzindən Oman dənizinə və əks istiqamətdə ticarət gəmilərinin təhlükəsiz və maneəsiz keçidini təmin etmək üçün səy göstərəcək. Ticarət gəmilərinin hərəkəti dərhal başlayacaq və texniki, hərbi maneələrin aradan qaldırılması, həmçinin İran İslam Respublikası tərəfindən minaların təmizlənməsi nəzərə alınaraq 30 gün ərzində tam tətbiq ediləcək. İran İslam Respublikası beynəlxalq hüquqa və boğazın sahilyanı dövlətlərinin suveren hüquqlarına uyğun olaraq Hörmüz boğazının gələcək idarəçiliyi və dəniz xidmətləri ilə bağlı Oman Sultanlığı və digər sahilyanı dövlətlərlə məsləhətləşmələr aparacaq.”
Göründüyü kimi, İran boğazı açmaq öhdəliyi götürüb, lakin boğaza nəzarəti özündə saxlayıb. Yəni boğazdan keçmək istəyən gəmi bunu əvvəlcədən İranla razılaşdırmalıdır. Bundan başqa, boğazdan yalnız ticarət gəmilərinin keçməsinə təminat verib.
ABŞ nə edib? 3 iyuldan İranda mərhum ali rəhbərin dəfn mərasimləri başlayıb, küçələrə və meydanlara milyonlarla insan toplaşıb. Mərasimlər 9 iyulda başa çatmalı idi. ABŞ hesab edirdi ki, bu bir fürsətdir – bir həftə ərzində ABŞ boğazda nə özbaşınalıq etsə, İran buna mane olmayacaq, çünki atəş açarsa, ABŞ cavab zərbəsi endirə və dəfn mərasimininin normal keçməsinə, milyonlarla əhalinin həyatına təhlükə yarada bilər.
Dəfn mərasimləri başlayan kimi ABŞ boğazın Oman hissəsində fəaliyyətə keçdi. ABŞ hərbi gəmiləri boğazın bu hissəsində minalardan təmizlənmiş bir marşrut açdılar, sonra da ABŞ hərbi gəmilərinin müşayiəti ilə ticarət gəmilərinin İrana məlumat vermədən və transponderlərini söndürməklə bu marşrut üzrə keçməsinə şərait yaratdılar. Beləliklə, dünyaya göstərməyə çalışdılar ki, İran boğaza tam nəzarət etmir və edə bilməz.
İran bunları müşahidə edir, lakin məsələni gərginləşdirmək istəmirdi. 4-5 iyulda İran ABŞ-a və gəmilərə bir neçə dəfə xəbərdarlıq etdi ki, gəmilərin boğazdan İranın razılığı olmadan keçməsi memorandumun şərtlərinə ziddir və İran onların təhlükəsizliyinə təminat vermir. Lakin ABŞ və onun təzyiqi ilə gəmilər İranın xəbərdarlığını qulaqardına vurdular. Bundan sonra baş verənlər:
6-7 iyulda İran xəbərdarlığına əməl etdi – Panama bayraqlı “M/T Kiku” neft tankeri və Sinqapur bayraqlı “Ever Lovely” konteyner gəmisi daxil olmaqla ümumilikdə 3 ticarət gəmisinə dron və raket zərbələri endirdi. Bununla sübut etdi ki, boğazdan keçidin təhlükəsizliyinə ABŞ təminat verə bilməz.
Planının pozulduğundan və təhlükəsizlik təminatının, yəni nüfuzunun darmadağın edildiyindən qəzəblənən Tramp İrana qarşı raket zərbələrinə start verdi.
İran da bu zərbələri cavabsız qoymadı. Qarşılıqlı raket-dron zərbələri fasilələrlə bu günədək davam edir.
11 iyulda İran boğazdan icazəsiz keçməyə cəhd edən gəmilərə xəbərdarlıq atəşi açdığını bəyan edərək, Hörmüz boğazını “növbəti bildirişə qədər bağladığını” elan etdi.
13 iyulda İran ordusu ABŞ hərbi gəmilərinin müşayiəti altında hərəkət edən 3 gəmiyə zərbələr endirdiyini açıqladı.
Bu gecə İran Omanın ərazi sularında, Hörmüz boğazının cənubunda hərəkət edən “Mombasa” və “Al-Bahiyah” neft tankerlərinə qanadlı raketlərlə zərbə endirdi. Onlar xəbərdarlıqlara məhəl qoymamış və müəyyən olunmuş marşrutdan kənara çıxmışdılar. Nəticədə “Mombasa” heyətinin 1 üzvü (Hindistan vətəndaşı) həlak olub, daha 8 dənizçi (6 Hindistan, 2 Ukrayna vətəndaşı) isə yaralanıb. Hər iki gəmidə yanğın baş verib və maddi ziyan qeydə alınıb.
Bu hadisələrlə əlaqədar neftin qiyməti yenidən qalxmağa başlayıb. ABŞ nüfuzunun daha da enməməsi, neft qiymətlərinin isə qalxmaması üçün yenidən total yalan kampaniyasına başlayıb ki, İran boğaza nəzarət etmir, boğaz açıqdır və gəmilər oradan sərbəst keçirlər. Lakin müstəqil monitorinq mənbələrinin məlumatına əsasən 12 iyuldan boğazda hərəkət tam dayanıb. 13 iyulda boğazdan yalnız bir gəmi keçib, o da İran sahilindən yola düşüb.
Beləliklə, ABŞ-ın bu fırıldağı da alınmadı.
Bəs bundan sona nə olacaq?
ABŞ-ın “bir atımlıq” barıtı var. O genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilməz. Sifətini saxlamaq üçün bir müddət atışacaq və yenidən danışıqlar masasına oturmağa məcbur olacaq.
