CəmiyyətSiyasət

Mətbuatı Afrikanın böyük hissəsindən geridə qalan Azərbaycan

Şuşa Qlobal Media Forumu daha çox onunla yadda qaldı ki, Mir Şahin İlham Əliyevi şit təriflərə qərq etdi, İlham Əliyev də cavabında Mir Şahini göylərə qaldırdı.

Beləcə, mətbuat azadlığının vəziyyəti deyil, qarşılıqlı tərif mərasimi ön plana çıxdı.

Xatırladaq ki, Azərbaycan bu gün mətbuat azadlığına görə 180 ölkə arasında 171-ci yerdədir. “Sərhədsiz Reportyorlar” təşkilatının 2026-cı il Dünya Mətbuat Azadlığı İndeksində Gürcüstan 120-ci, Ermənistan və Türkiyə 102-ci, Rusiya 172-ci, İran isə 177-ci pillədə göstərilir.

Azərbaycanın qarşısında Afrikanın böyük əksəriyyəti dayanır. Namibiya, Qana, Cənubi Afrika, Botsvana, Seneqal, Keniya, Fil Dişi Sahili, Anqola, Nigeriya və onlarla başqa Afrika ölkəsində mətbuatın vəziyyəti Azərbaycandan daha yaxşı qiymətləndirilir.

Belə bir reytinqə malik ölkənin “Qlobal Media Forumu” keçirməsi istər-istəməz sadə bir sual doğurur: əvvəlcə azad media qurmaq lazımdır, yoxsa azad medianın olmadığı ölkədə media haqqında forum keçirmək?

Rəsmi məlumatlara görə, tədbirə 54 ölkədən 160 nümayəndə qatılıb. Rəqəmlər təsirli görünür. Ancaq forumun dünya mediasında yaratdığı rezonans bu rəqəmlərə uyğun deyil. Dünyanın aparıcı xəbər təşkilatlarında tədbirlə bağlı ciddi maraq, geniş reportaj və ya diqqətçəkən müzakirə görünmür.

Bunun səbəbini anlamaq çətin deyil.

Çoxsaylı jurnalistin həbsdə olduğu, müstəqil medianın fəaliyyət imkanlarının daraldıldığı bir ölkədə keçirilən rəsmi media tədbirinə qatılmaq nüfuzlu media qurumları üçün reputasiya məsələsidir. Belə tədbirdə görünmək istər-istəməz Azərbaycandakı jurnalist həbslərinə və media üzərində nəzarətə göz yummaq kimi qiymətləndirilə bilər.

Məhz buna görə BBC, CNN, Reuters, Associated Press, The New York Times, Financial Times, The Guardian, Le Monde və Deutsche Welle kimi reputasiyasını qoruyan media qurumları Şuşa forumuna qatlmad.

Obrazlı desək, forumda Mir Şahinin 54 ölkədəki tayları iştirak etmiş ola bilər.

İlham Əliyev Azərbaycan mediasının hansı vəziyyətdə olduğunu yaxşı bilir. Mir Şahin də. Amma forumdakı çıxışlara baxanda adamda belə təəssürat yaranır ki, guya Azərbaycanın Dünya Mətbuat Azadlığı İndeksində 171-ci yerdə qərarlaşmasından onların heç xəbəri yoxdur…

Azad media ilk növbədə jurnalistlərin həbsdən, senzura və siyasi sifarişdən azad olduğu yerdə yaranır…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanın dəyişməz mövqeyi və Peskovun iddiası

redaktor

Peskov Ukrayna ilə bağlı fikir ayrılıqlarının Azərbaycanla münasibətlərə mane olmayacağını bildirib

redaktor

Son günlər Hörmüz boğazında nələr baş verir

redaktor