NATO-ya alternativ güc yoxdur.
2022-ci ilin fevralında NATO lağ etdiyi, 2 aya döyüş meydanında diz çökdürəcəyini bəyan etdiyi, “benzokolonka” adlandırdığı Rusiyanı 4 ildən çoxdur nəinki məğlub edə bilmir, utanmadan Avropaya hücum etməyə hazırlaşdığını deyir. Hətta NATO-nun lideri ABŞ-ın prezidenti belə NATO-nu “kağız pələng” adlandırır.
ABŞ ordusu qarşısında heç bir güc dayana bilməz.
Bu ordu Əfqanıstanda 20 il özünün yaratdığı “Taliban”la müharibə apardı və biabırçı şəkildə qaçdı. Yaxşı, deyək ki, ABŞ Əfqanıstanda quru müharibəsi aparırdı – ABŞ quru qüvvələri ilə yox, hərbi-dəniz və hərbi-hava qüvvələri ilə fəxr edib. 2025-ci ildə ABŞ heç bir hərbi gəmisi və hərbi təyyarəsi olmayan husilərlə 2 aviazərbə qrupunun köməyilə müharibəyə başladı və 50 gün sonra heç nəyə nail ola bilməyib, döyüş zonasından qaçdı. 2026-cı ildə isə İsraillə birlikdə İrana qarşı gözlənilmədən müharibəyə başladı və 40 gün ərzində yüz milyardlarla ziyana düşərək, müharibədən əvvəlkindən də pis vəziyyətdə müharibəni dayandırmağa məcbur oldu.
İsrail ordusu dünyanın ən güclü ordularından biridir.
SAXAL heç bir iri texnikası olmayan, başqa ölkələrdən təcrid olunmuş, yalnız atıcı silahlarla silahlanmış, qida, enerji, dərman və sursat blokadasında saxladığı qəzzalıları 2 ildən çox müddətə məğlub edə bilmədi, hərçənd buna nail olmaq üçün faşistlərin belə etmədiyi vəhşiliklərə əl atdı.
“Mossad” dünyanın ən yaxşı kəşfiyyat strukturudur.
Bəs onda “Mossad”ın 7 oktyabr hücumundan niyə xəbəri olmadı? İran “Mossad”ın bütün agenturasını dənləyə bildisə (2-ci İran müharibəsində onların işini görmədiksə, deməli, təmiz işləyiblər), belə çıxır ki, “Mossad” işini çox pis qurubmuş. “Mossad” Netanyahunu inandırmışdı ki, İrana 5-10 bomba düşsə, xalq hakimiyyəti devirəcək. 2025-də buna ümid edən İsrail 1-ci avantürasına başladı və fiaskoya uğradı. Məntiqlə, “Mossad” bundan dərs götürməli idi. Onlar isə bu fikrə gəldilər ki, keçən dəfə alınmamasına səbəb ali rəhbəri öldürməmək olub. Bu məntiqlə Netanyahu Trampı da qoltuğuna vurub, İrana qarşı 2-ci avantüraya girdi və altını indiyədək çəkir… Belə çıxır ki, “Mossad” dünyanın ən ağıllı yox, ən amansız, ən “bespredel” kəşfiyyat strukturu olub, çünki ona “gözün üstə qaşın var” deyən olmayıb.
“Dəmir qübbə” dünyanın ən etibarlı HHM sistemidir.
İran raketləri bu “etibarlı” qübbənin aşsüzən olduğunu sübut etdilər.
ABŞ-ın aviadaşıyıcı gəmiləri döyüşün taleyini həll edən batırılması mümkünsüz aktivlərdir.
Husilərlə müharibədə döyüşün taleyini həll edə bilmədilər. İranla müharibədə isə bu gəmilər qorxudan İran sahilindən 1000 km aralıda dayanmağa məcbur olmuşdular.
F-35-lər müharibənin taleyini həll edən təyyarələrdir, çünki görünmürlər.
40 günlük müharibə ərzində HHM sistemləri ilə nisbətən zəif əhatə olunmuş böyük İran səmasına nədənsə “görünməz” F-35-lər girə bilmədilər.
ABŞ hərbi bazaları yerləşdiyi ölkənin təhlükəsizliyinin təminatçısıdır.
Yaxın Şərqdə əksini gördük.
Bir sözlə, ABŞ və İsrailin onillərlə apardığı təbliğat nəticəsində yaratdığı miflər çox sürətlə dağıldı.
