CENTCOM: “İrana qarşı üçüncü zərbə mərhələsinə keçdik”
ABŞ bu gecə İrana növbəti dəfə hava zərbələri endirib. Məlumata görə, İran onun icazəsi olmadan Hörmüz boğazından keçən bir gəmiyə atəş açaraq onu dayandırıb. ABŞ-ın Hörmüz boğazı yaxınlığında yerləşdirdiyi hərbi qüvvələri isə buna cavab olaraq İranın mövqelərinə atəşlər yağdırıb.
ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə yaydığı bəyanatda bildirir: “ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələr dalğasını həyata keçirib. Bu gün Şərq vaxtı ilə saat 19:15-də (Bakı vaxtı ilə saat 03:15) CENTCOM qüvvələri İrana qarşı üçüncü zərbə mərhələsinə başlayıb”.
“Axios” portalının jurnalisti Barak Ravidin məlumatına görə, zərbələr ABŞ-nin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) ittiham etdiyi Hörmüz boğazında bir gəmini atəşə tutmasına cavab olaraq həyata keçirilir.
Centcom-un açıqlamasından belə məlum olur ki, İrana hücumlar hazırda da davam edir.
SEPAH da Centcom-un bu hücumuna cavabsız qalmayıb. İranın qeyri-rəsmi ordusunun hadisə ilə bağlı açıqlamasında bildirilir: “Dünən gecə cinayətkar ABŞ rejimi Oman Krallığı hökumətinə öz iradəsini tətbiq edərək… bir neçə yük gəmisi vasitəsilə Hörmüz boğazının cənubunda qanunsuz bir marşrut yaratdı və bu cəhd Hərbi Dəniz Qüvvələrimizin qətiyyətli cavabı ilə dayandırıldı”.
Bəyanatda vurğulanır ki, “uşaq qatili” ABŞ “bu məğlubiyyəti kompensasiya etmək” cənub sahilindəki hərbi dəniz bazalarına və telekommunikasiya dirəklərinə hava hücumu edib: “Söz verdiyimiz kimi, təcavüzə dərhal sarsıdıcı cavab vermişik.
SEPAH-ın qeyrətli aerokosmik döyüşçüləri ABŞ hərbi bazalarını hədəf alıblar. Bu cavabın ilk mərhələsində onlar İordaniyadakı Şahzadə Həsən Hava Bazasındakı mühüm hərbi infrastrukturu və qurğuları məhv ediblər və bazanın komanda və idarəetmə mərkəzini və MQ9 pilotsuz təyyarə anqarlarına bir neçə ballistik raket zərbələri endiriblər”.
İran tərəfinin “ABŞ-ın təhriki və təxribatı” ilə baş tutduğunu bəyan etdiyi Omanın Hörmüz boğazında yeni marşrut açmaq istəməsinin hekayəsinə gəlincə, məlumata görə, Oman dünən diplomatik kanallar vasitəsi ilə İrana bir təklif göndərib. Təklifdə Hörmüz boğazının iki marşrut üzrə bölünməsi nəzərdə tutulub:
1. Cənub marşrutu: Omanın ərazi sularından keçəcək və bu marşrut üzrə gəmilərin hərəkəti məhdudiyyətsiz olacaq.
2. Şimal marşrutu: İranın ərazi sularından keçəcək. Bu marşrutdan istifadə etmək üçün əvvəlcədən İranın razılığı tələb olunacaq, lakin gəmilərdən tranzit haqqı alınmayacaq.
Qeyd edək ki, Omanın bu təklifi beynəlxalq dəniz hüququ normalarına tam uyğundur. Belə ki, BMT-nin Dəniz Hüququ Konvensiyasına əsasən, Hörmüz boğazı gəmilərin sərbəst keçid hüququna malik olduğu su yoludur və sahil dövlətləri gəmilərdən hər hansı rüsum, yaxud xərac ala bilməzlər. İran isə beynəlxalq hüququn bu tələbləri ilə razılaşmır, Hörmüz boğazından keçən gəmilərdən külli miqdarda xərac tələb edir.
Zənnimizcə, İranın bu tələbləri və yolkəsəyənliyi nəticə etibarilə dünya ölkələrini, xüsusilə də körfəz dövlətlərini Hörmüz boğazından yan keçəcək alternativ marşrutlar üzərində çalışmağa vadar edə bilər. Necə ki, tarixi İpək yolu Osmanlı və indiki İran ərazisində hökm sürən Türk imperiyalarının getdikcə artan xərac tələbləri səbəbindən bağlandı, yeni ticarət yolları ortaya çıxdı. Eyni prosesin bu gün də baş verəcəyi istisna deyil.
