Birləşmiş Ştatlar 1918 və 1991-ci ildə olduğu kimi bu gün də Rusiyanın parçalanmasında maraqlı görünmür. ABŞ-ın 28-ci prezidenti, Nobel Sülh mükafatı laureatı Tomas Vudro Vilson 8 yanvar 1918-ci ildə Konqresə müraciətində Rusiyanın Almaniya ilə sülh danışıqlarını dayandırmaq qərarını müdafiə edərək, rusların almanların ərazi iddialarını rədd etməsinə dəstək ifadə etmişdi.
Vilsonun Konqresə 8 yanvar 1918-ci il tarixli müraciətində yer alan fikirlər əsasında hazırlanan, tarixə “Vilsonun 14 bəndi” adı ilə düşüən “Müharibənin hədəfləri və sülh şərtləri” adlı sülh proqramı Avstriya-Macarıstan və Osmanlı İmperiyasının dekolonizasiyasının yolunu açaraq onların yerində etnik-milli prinsiplərə əsaslanan çoxsaylı yeni müstəqil dövlətlərin yaranmasını ligitimləşdirdi. Avstriya-Macarıstan və Osmanlı İmperiyasının dekolonizasiyasını qətiyyətlə tələb edən Vilson Rusiyaya münasibətdə tamamilə əks mövqe tutmuşdu.
Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi Mixail Qorbaçovun heyranı olan ABŞ-ın 41-ci prezidenti Corc Herbert Volker Buş 1 avqust 1991-ci ildə Ukrayna Ali Sovetində çıxışı zamanı Kiyevi təhdid edərək müstəqilliyin elanından çəkinməyə və Qorbaçovun islahatlarını dəstəkləməyə çağırmışdı. Corc Buşun tarixə “kiyevsayağı kotlet” (Chicken Kiev) adı ilə düşən çıxışından 23 gün sonra, 24 avqust 1991-ci ildə Ukrayna Ali Soveti növbədənkənar sesiyasında Ukraynanın Müstəqilliyi haqqında qanun qəbul etdi və Sovet İttifaqı dağıldı.
Birləşmiş Ştatlar 1918 və 1991-ci ildə olduğu bu gün də Rusiyanın parçalanmasında maraqlı görünmür. Haşiyə çıxaraq qeyd etmək istərdim ki, Vaşinqtonun İrana baxışları Rusiyaya münasibəti ilə üst-stə düşür. Rusiyanın parçalanmasında maraqlı olmayan ABŞ İranın da bölünməsini arzu etmir. İkinci Dünya Müharibəsindən sonra faktiki olaraq bölünmüş İranın bütövlüyünü ABŞ Moskvanı nüvə zərbəsi ilə təhdid edərək təmin edib.
İran İslam İnqilabından sonra Amerika diplomatlarının girov götürülməsi kimi tarixi hadisədən sonra da Vaşinqton Cənubi Azərbaycan, Bəlucistan, Xuzistan və ya Kürdüstanındakı müstəqillik hərəkatlarını dəstəkləmədi. ABŞ-ın de-fakto bölünmüş Suriyanı bütövləşdirməsi İranın bölünməsində də maraqlı olmadığını göstərdi. Səddam Hüseynin məğlubiyyətindən sonra şiələr, sünnilər və Kürdüstana bölünmüş İraqın bütövlüyünü də Vaşinqton təmin etdi.
Son zamanlar Vaşinqton İraqın mərkəzi hakimiyyətinin daha da gücləndirilməsi üçün layihələr həyata keçirir.
Yeri gəlmişkən qeyd edim ki, Vaşinqton Kvebekin Kanadadan, Kataloniyanın İspaniyadan ayrılmasına qarşı çıxıb, Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılması ilə bağlı referendumu tanımayıb. Yəni, Vaşinqton mövcud dövlətlərin bölünərək yeni dövlətlərin yaranması prosesini dəstəkləməkdən uzaqdır. Ancaq bu o demək deyil ki, Vaşinqtonun mövqeyi dəyişməz qalacaq.
Bütün bunlarla yanaşı Sovet İttifaqının dağılmasında 1959-cu ildə, Prezident Duayt Devid Eyzenhauerin rəhbərliyi altında yaradılan “Əsir Millətlərin Milli Komitəsi” və bu komitəyə SSRİ-nin demək olar ki, bütün respublikalarının, hətta İdel-Ural bölgəsinin təmsilçilərinin də daxil edilməsi tətikləyici hadisə olmuşdur.
Qənaətimcə, gələcək tarixçilər Rusiya Federasiyası tərəfindən suveren və müstəqil Çeçen İçkeriya Respublikasının (Chechen Republic of İchkeria) işğalının beynəlxalq səviyyədə tanınmaması və çeçen xalqının soyqırımının pislənməsi haqqında Çeçen İçkeriya Respublikası Hökuməti və Vətənpərvərlər Şurasının Müraciətinin beynəlxalq aləmdə dəstəklənməsini 1959-cu ildə “Əsir Millətlərin Milli Komitəsi”nin yaradılması eyniləşdirərək Rusiyanın dekolonizasiyasının başlanğacı adlandıracaqlar. Heç şübhəsiz bu hadisə Rusiyanın dekolonizasiyasına start verən ilk siyasi hadisədir.
Tarixi hadisələr Sovet İttifaqı adlı ikinci Rusiya İmperiyasının əbədiliyinə inanan siyasətçiləri deyil, imperiyanın süqutunun qaçılmaz olduğuna inan Donald Ceyms, Yanuş Buqayski, Lyuk Koffi və Andrey Amalrik kimi fikir adamlarını haqlı çıxardı. Yaxın gələcək Rusiyanın bütövlüyünü qorumağa çalışan dövlətləri deyil, imperiyanın üçüncü və sonuncu dəfə birdəfəlik dağılacağına inanan fikir adamlarını haqlı çıxaracaq.
Rusiyanın Ukraynada məruz qaldığı nəhəng itgilər isə Sovet İttifaqının Əfqanistanda məruz qaldığı itgilərin doğurduğu təsirin eynisini doğuraraq Rusiya Federasiyasının bütövlüyünü dağıdan mərkəzdən qaçma prosesini işə salıb. Bu prosesin geri dönüşüşü yoxdur. Digər önəmli bir proses isə ondan ibarətdir ki, Rusiyanın, İranın və digər dövlətlərin bölünməsini istəməyən Tramp özü də bilmədən Qafqaz, İdel-Ural və Türküstanı vahid məkana çevirən prosesi başladıb. Paralel inkişaf edən bu iki proses, Rusiya Federasiyasının subyektlərinin mərkəzlə bağlarının qırılması, Qafqaz, İdel-Ural və Türküstanı vahid məkana çevirəcək prosesin hər ötən gün daha da dərinləşməsi Vaşinqtonun siyasi elitasını seçim qarşısında qoymaqdadır.
Vaşinqtonun siyasi elitasının diqqəti sürətli hadisələrin təsiri ilə sbizim çoğrafiyaya, Qafqaz, İdel-Ural və Türküstandan ibarət məkana yönəlir. Əgər proses bu ahənglə inkişaf edərsə, Qafqaz, İdel-Ural və Türküstanın əhəmiyyəti ABŞ üçün bütün çoğrafiyalardan önə çıxacaq. Rusiyanın strateqləri də bunu çox aydın görür və həyacan tədbiri çalmağa başlayıblar. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Daimi Şurasının fəaliyyətdə olan sədri Viktor Vasilyevin Qərb ölkələrinin Ermənistan ətrafındakı addımlarının Cənubi Qafqazda vəziyyəti daha da gərginləşdirə biləcəyi barədə bəyanatı da bunun nəticəsidir.
Son 35 ildə ilk dəfədir ki, Cənubi Qafqaz respublikaları arasında əməkdaşlıq müşahidə olunur. “AzerTelecom” və “Telecom Armenia” şirkətlərinin Ermənistanın Azərbaycan üzərindən beynəlxalq internet bağlantısının təmin edilməsinə dair ikitərəfli müqavilələr imzalaması göstərir ki, Cənubi Qafqazda son 35 ildə görünməmiş əməkdaşlıq başlayıb. Rusiya isə KTMT-i vasitəsilə Cənubi Qafqazda vəziyyətin daha da gərginləşə biləcəyi haqqında saxta rəy yaratmağa çalışır.
Qafqaz, İdel-Ural və Türküstanı vahid məkana çevirən proses haqqında isə ayrıca yazmağa çalışacağam. Çünki, bu proses həm də Böyük Azərbaycanı doğuracaq prosesdir.
