“Yalta-Potsdam dünya nizamı” iki qütblü ideoloji rəqabət doğurmuşdu. Bir tərəfdə totalitar kommunizm ideologiyasına əsaslanan Sovet İttifaqının formalaşdırdığı Şərq bloku, digər tərəfdə isə liberalizmi təbliğ edən ABŞ-ın formalaşdırdığı demokratik Qərb bloku vardı. Sovet İttifaqının dağılması ilə ideoloji rəqabət ortadan qalxdı.
Frensis Fukuyamaya dünya şöhrəti gətirən “Tarixin sonu və sonuncu insan” (The End of History and the Last Man) kitabı bir əsrlik ideoloji qarşıdurmanın liberalizmin qələbəsi başa çatdığına həsr olunmuş mükəmməl əsərdir. Ancaq Fukuyamanın da qeyd etdiyi kimi də tarixin sonu hadisələr tarixinin sonu demək deyil.
Bəşəriyyət tarixinin bir səhifəsi başa çatdı və yeni səhifəsi açıldı. Bu səhifə Asif Yusiflinin texnoloji monster olaraq tərif etdiyi, iki texnoloji super gücün-ABŞ və Çinin rəqabətindən ibarətdir. ABŞ artıq liberal güc, Çin isə dünya inqilabına can atan totalitar kommunist dövləti deyil. Onlar birlikdə dünyanın yerdə qalan hissəsindən böyük texnoloji gücə malik texnoloji monsterlardır.
Dünya iqtisadiyyatının inkişaf istiqamətini Ağ Ev və Çin Kommunist Partiyası deyil, NVIDIA, Apple , Microsoft, Alphabet Inc (Google), Amazon, Meta Platforms Inc, Tesla, Taiwan Semiconductor Manufacturing Company, Samsung Electronics, Tencent kimi texnologiya nəhəngləri müəyyən edir. Dəyəri 5 trilyon dolları ötən NVIDIA-nın qiyməti üç dövlət, ABŞ, Çin və Almaniya istisna olmaqla mövcud olan dövlətlərinin hər birinin Ümum Daxili Məhsulundan çoxdur. NVIDIA-nın dəyəri Hindistanın 1.5 milayrd nəfərdən çox olan əhalisinin yaratdığı ÜDM-dən çoxdur.
Teslanın qurucusu İlon Mask sərvəti Böyük 20-liyə daxil olan dövlətlər istisna olmaq yerdə qalan bütün ölkəsinin hər birinin ÜDM-dən çoxdur. Bütün bunlar dünyada gedən proseslərə təsirsiz qala bilməz.
Tayvan mərkəzli Taiwan Semiconductor Manufacturing Company-nın dünya iqtisadiyyatı üçün əhəmiyyəti 57 müsəlman dövlətinin dünya iqtisadiyyatına verdiyi töhfədən daha önəmlidir. Taiwan Semiconductor Manufacturing Company bir anın içində yox olsa dünya iqtisadiyyatına təsiri YR4 asteroidinin Yerə çırpılacağı halda törədəcəyi fəlakətdən daha təsirli ola bilər. Yeri gəlmişkən bəşəriyyəti YR4 asteroidinin Yerə çırpılpası təhlükəsindən ancaq NASA xilas edə bilər.
Dünya iqtisadiyyatının inkişaf istiqamətini müəyyən edən NVIDIA, Apple , Microsoft, Alphabet Inc (Google), Amazon, Meta Platforms Inc, Tesla, Taiwan Semiconductor Manufacturing Company, Samsung Electronics, Tencent kimi texnologiya nəhənglərinin ilk yeddisi ABŞ şirkətidir. Bu isə onu göstərir ki, texnologiyanın dünya üzərində hökmürana çevrildiyi bir zamanda inkişaf etmək, hətta mövcudluğunu saxlamaq istəyən dövlətlər ABŞ-la yaxınlaşmağa məhkumdur. Dünya siyasətindən azacıq anlayışı olan hər kəs bilir ki, ABŞ-la yaxınlaşmağın ən qısa yolu İsraillə yaxşı münasibətlər qurmaqdan ibarətdir. İsraillə yaxşı münasibətləri diqtə edən başqa önəmli bir məqam texnologiya nəhənglərinin və qlobal investisiya şirkətinin CEO-su yəhudi əsilli şəxslər olmasıdır.
“Qazaxıstan-2050” strategiyası ilə dövlətlərini dünyanın 30-cu böyük iqtisadiyyatına malik ölkəyə çevrilməyi strateji hədəf olaraq müəyyən etmiş qazax elitası bu vəzifəni həyata keçirmək üçün “İbrahim sazişi”nə qoşulub. Qazaxıstanın swap anlaşması ilə verdiyi dəstək sayəsində milli valyutasını qoruyanlarda azacıq dövlət təfəkkürü olsa “İbrahim sazişi”nə qoşulduğuna görə Astananı hədəfə çevirməz, əksinə Rusiya müstəmləkəsindəki türk xalqların öz müqəddəratını təyin edəcəyi dövlət qurmaları üçün əsas dəstək olacaq Qazaxıstanı dəstəkləyərdilər.
Qazaxıstanla müqayisədə “İbrahim sazişi”nə qoşulmaq üçün Azərbaycanın daha çox əsası var. Azərbaycanın öz ərazi bütövlüyünü və suverinliyini təmin etməsində İsrailin verdiyi siyasi, diplomatik, hərbi-texniki dəstək əvəzedilməz rol oynayıb. Güclü erməni lobbisinin bütün cəhdlərinə baxmayaraq Tramp adminstrasiyasının 2020-cilin sentyabr-noyabr aylarında bitərəf qalmasına İsrailin dəstəyi olmadan nail olmaq mümkün olmazdı. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən ötən 35 ildə İsrail və yəhudi lobbisi bir dəfə olsun Azərbaycanın milli maraqlarına təhlükə yaradan bir addım atmayıb.
Azərbaycanla Ermənistanın sülh müqaviləsinin mətnini paraflamasını təmin etməyi, Böyük Azərbaycanın yolunu açan TRIPP (Trump Route for International Peace and Prosperity) ideyasını Tramp adminstarsiyasına təşviq edən İsrail dövləti və yəhudi lobbisidir.
Süni intellekt əsrində Azərbaycanın, onun hər bir vətəndaşının təhlükəsizliyi eləcə də rifahı üçün iki texnologiya nəhəngindən biri ilə tərəfdaş olmaq artıq seçim olmaqdan çıxaraq məcburiyyətə çevrilib. Rusiyanın kabusuna çevrilən Palantir şirkətinin baş direktoru Aleks Karpın bəyan etdiyi kimi süni intellekt rəqabəti başlayıb və bu rəqabətin yalnız iki oyunçu var: ABŞ və Çin.
Süni intellekt rəqabətində dövlətlərin yerini müəyyən edən iki asas məsələdə, çip istehsalı və “hesablama gücü”ndə ABŞ-ın payı 75 faizdir. Hesablama gücü”nün rəqəmsal dünyanın mühərriki olduğunu nəzərə alsaq süni intellekt əsrinin liderinin bəlli olduğu aydın olar.
Texnoloji rəqabət elə bir mübarizədir ki, Rusiya 5889 nüvə başlığı ilə dünyanın ən böyük nüvə gücü olmasına baxmayaarq texnoloji suverinliyi yoxdur. Çindən texnoloji asılılığı Rusiya Pekinin vassalına çevirib. Aleks Karpın dediyi kimi nüvə silahı suverinliyin təminatçısı deyil. Suverinliyin təminatçısı texnologiya, süni intellekdir.
Çinin texnologiyanı paylaşmaqda xəsislik etməsi ilə bağlı Rusiya və İran başda olmaqla Pekinin bütün müttəfiqləri fəryad edirlər. Ancaq bildiyim qədər Azərbaycanın strateji ehtiyac hiss etdiyi texnologiyanı İsrail (onların önəmli hissəsi ABŞ-ın lisenziyası ilə istehsal olunur) Azərbaycandan əsirgəməyib. Bütün bunların və həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın süni intellektin tətbiqi sahəsində dünya reytinq cədvəlində mövqeləri əsaslı şəkildə güclənib. Bir neçə il öncə Ermənistandan geridə olan Azərbaycan artıq süni intellekt sahəsində Cənubi Qafqazın lider ölkəsinə çevrilib. Qazaxıstan və Özbəkistanda da uğurlu layihələr həyata keçirilir. Bütün bunlarda İsrailin önəmli payı var. Bu prosesin davam etməsi, ABŞ-la strateji tərəfdaşlığın dərinləşərək strateji müttəfiqliyə çevrilməsi üçün “İbrahim sazişi”nə qoşulmaq unikal imkandır. Bu imkanın əldən qaçırılması fəlakətli səhv olar.
Ərəblərdən (Bəxreyin, Birləşmiş Ərəb Əmirliyi, Mərakeş və Sudan) çox ərəbçilik edənləri tarix əfv etməyəcək.
