İqtisadiyyat naziri Mikayıl Cabbarov bu günlərdə İctimai Televiziyaya geniş müsahibə verib.
Tacxeber.com xəbər verir ki, onun açıqlamalarını “Toplum TV”yə şərh edən müstəqil ekspertlər hesab edirlər ki, nazir müsahibəsində səsləndirdiyi bir sıra fikirlərlə özü-özünü təkzib edib.
Belə ki, M. Cabbarov bildirib ki, bu ilin ilk dörd ayında Azərbaycan iqtisadiyyatının gözlənilən tempdə böyüməməsinin əsas səbəblərindən biri dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələrin təxirə salınmasıdır. Onun sözlərinə görə, dövlət investisiyaları hesabına reallaşdırılması planlaşdırılan bəzi tikinti layihələri daha sonrakı dövrdə icra olunacaq. Nazir vurğulayıb ki, məhz bu layihələrin təxirə salınması tikinti sektorunda kəskin azalmanın yaranmasına səbəb olub.
Bunun ardınca iqtisadiyyat naziri qeyri-neft-qaz sektorunda yüksək artımdan, bu sektorun iqtisadiyyatda payının az qala 72 faizə çatmasından, özəl sektorun inkişafından danışır.
Müstəqil ekspertlər bu yerdə sual edir: əgər ölkə iqtisadiyyatının üçdə ikisi neft-qaza bağlı olmayan sahələrə, beşdə dördü özəl sektora aiddirsə, niyə iqtisadiyyatın davamlı böyüməsi bu qədər yüksək payı olan sahələrdən deyil, dövlətin investisiyalarından asılıdır. Ekspertlərin fikrincə, bu halda iki ehtimal ortaya çıxır: ya rəsmi statistika özəl və qeyri-neft sektorlarının ümumi daxili məhsulda (ÜDM) payını olduğundan yüksək göstərir, ya da qeyri-neft sektoru da biznesdən deyil, əsasən dövlət investisiyalarından asılıdır.
Ekspertlərin fikrincə, nazir bu suala cavab verərkən özəl sektorun investisiya aktivliyinin və iqtisadiyyatın innovasiya potensialının niyə zəif olması, bunun nəticəsi olaraq yüksək texnologiyalı məhsulların qeyri-neft ixracında payının 1 faiz ətrafında qalmasından danışmalı idi.
Dövlət Statistika Komitəsinin ilin ilk 5 ayının yekunları üzrə açıqladığı rəsmi məlumatlara görə, hesabat dövründə iqtisadiyyatda faktiki olaraq sıfır artım qeydə alınıb. Hökumətin tez-tez önə çıxardığı qeyri-neft sektorunda da artım cəmi 0,4 faiz təşkil edib. Ekspertlər hesab edirlər ki, bu göstəricilər qeyri-neft sektorunda artım tempinin investisiya dinamikası ilə sıx bağlı olduğunu göstərir. Belə ki, həmin dövrdə qeyri-neft-qaz sektoruna yönələn investisiyaların həcmi 14 faizdən çox azalıb. Bu fonda bəzi iqtisadçılar hökumətin iqtisadiyyatda özl sektorun payının 85 faiz olduğu barədə açıqlamalarına baxmayaraq, qeyri-neft sahələrinin inkişafının hələ də əsasən dövlət investisiyalarından asılı qaldığını qeyd edirlər.
Ekspertlərin diqqət çəkdiyi digər məqamlardan biri iqtisadiyyat nazirinin 7 illik gəlir vergisi güzəştlərinin real təsirləri ilə bağlı fikirləridir. Məlum olduğu kimi, özəl sektorda çalışan muzdlu işçilər 2019-2025-ci illərdə əməkhaqları üzrə gəlir vergisindən tam azad edilmişdilər və bu güzəştin müddəti cari ilin yanvarında başa çatıb. Nazir Mikayıl Cabbarov müsahibəsində bu mexanizmi ən uğurlu təşəbbüslərdən biri kimi qiymətləndirərək, əmək müqavilələrinin sayının təxminən 500 min artmasını da bunun nəticəsi kimi təqdim edir.
Bununla yanaşı, o qeyd edir ki, əmək müqavilələrində qeydə alınan artımın hansı hissəsinin iqtisadi fəallığın genişlənməsi, hansı hissəsinin isə məhz vergi güzəştinin təsiri ilə baş verdiyini dəqiq demək çətindir.
Ekspertlərin fikrincə, bunu hesablamaq əlində hər cür informasiyası olan iqtisadiyyat naziri üçün çətin məsələ hesab oluna bilməz. Onlara görə, bunun üçün ən sadə yol güzəştin tətbiq edildiyi 7 illə əvvəlki 7 ildə əmək müqaviləsi ilə çalışanların say artımının miqyasına baxmaq kifayət edir.
Məsələn, 2019-2025-ci illərdə muzdlu işçilərin sayı 250 min nəfər artıb. Ondan əvvəlki 7 ildə, yəni hər hansı vergi güzəştinin olmadığı 2011–2018-ci illərdə isə bu artım 170 min nəfər təşkil edib. Bu halda görünür ki, güzəşt dövründə əmək müqaviləsi ilə işləyənlərin sayında əlavə artım cəmi 80 min nəfər olub.
Üstəlik, əmək müqaviləsi ilə işləyənlərin ümumi məşğul əhali içərisində payı da güzəşt dövründə çox cüzi dəyişərək 32 faizdən 34 faizə yüksəlib. Bununla yanaşı, bir məqamı da nəzərə almaq vacibdir: aydındır ki, əmək müqaviləsi ilə işləyənlərin sayındakı artım əsasən qeyri-neft sektoru hesabına baş verir. Çünki neft sektorunda məşğulluq ümumi məşğulluğun heç 2 faizini də təşkil etmir.
Bu baxımdan, ekspertlərin fikrincə, həm güzəştdən əvvəlki, həm də güzəşt dövrünü əhatə edən 7 illik mərhələlər üzrə qeyri-neft sektorunun ümumi artım göstəricilərinə baxmaq vacibdir. Onların hesablamalarına görə, 2011-2018-ci illərdə bu sektor ümumilikdə 30 faiz, son 7 ildə isə 35 faiz böyüyüb.
Ekspertlər hesab edirlər ki, bu rəqəmlər nazirin də işarə etdiyi, lakin konkret rəqəmlərlə əsaslandırmadığı bir məqama diqqət çəkir: əmək müqavilələrinin sayındakı artımda vergi güzəştlərindən kənar amillərin, o cümlədən iqtisadi artım tempindəki fərqin də rolu olub. Onların fikrincə, bu amil nəzərə alındıqda, güzəştlərin real təsirinin hansı miqyasda olduğu və həmin mexanizmin necə dövrün ən böyük layihəsi kimi qiymətləndirildiyi ilə bağlı suallar açıq qalır.
Nəhayət, ekspertlərin ziddiyyətli hesab etdiyi məqamlardan biri iqtisadiyyat nazirinin səsləndirdiyi, “amma arxasında heç bir real fakt durmadığı üçün kifayət qədər ziddiyəti görünən fikir” Yevlax pilot arqopark təcrübəsinin işğaldan azad edilmiş ərazilərdə tətbiqidir.
Onların qənaətincə, nazir çıxışında Yevlax modelinin uğurlu olduğunu bildirsə də, bu nəticəni təsdiqləyən konkret göstərici və ya fakt təqdim etmir.
Ekspertlər sual edirlər ki, müvəffəqiyyəti ictimaiyyət üçün inandırıcı görünməyən bir layihəni nümunə göstərməyin nə əhəmiyyəti var?
“Burada dövlətin verdiyi dəstəyin səmərəliliyi ölçülübmü, məhsuldarlıq və fermerlərin hər hektara görə gəliri hansı səviyyədə olub, bu sualların cavabı müsahibədə yoxdur. Pilot layihə hansısa təşəbbüsün praktikdada işləyib-işləmədiyini sınaqdan keçirmək üçündür. Yevlax pilot layihəsi də məhz pilotdur. Onun nəticələrini elan etmədən daha geniş ərazilərə yayamaq təşəbbüsü nəticəsiz və maddi itkilərlə bitə bilər”,- ekspertlər qeyd edirlər.
