Avropa İttifaqı yeni sanksiya paketində Moskva və bütün Rusiyanın Patriarxı Krillə qarşı sanksiya tətbiq edə bilər.
Avropa İttifaqı 2022-ci ildən bəri Patriarx Krillə qarşı sanksiya tətbiq etməyə çalışırdı. Ancaq Macarıstanın keçmiş baş naziri Viktor Orbanın vetosuna görə Patriarx Kirillə qarşı sanksiya tətbiq etmək mümkün olmurdu. Macarıstanda son seçkilərdə müxalifət qalib gəldiyi, Viktor Orbanın Krillə qarşı sanksiyanı Kremlin istəyi ilə veto etdiyi üzə çıxdıdan sonra Moskva və bütün Rusiyanın Patriarxına qarşı sanksiyanın gerçəkləşəcəyi ehtimalı çox yüksəkdir. Macarıstanın yeni Baş naziri Peter Madyar Kirilə qarşı sanksiyaları dəstəkləməyə hazır olduğunu bildirib.
Təəssüf ki, sanksiya yalnız Krillə qarşı tətbiq olunur. Əslində, ən sərt sanksiya Rus Pravoslav Kilsəsinə qarşı tətbiq olunmalıdır.
Krillə qarşı sanksiya ona görə tətbiq olunur ki, Rus Pravoslav Kilsəsinin himayəsi altında olan, Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin sədrliyi ilə fəaliyyət göstərən Ümumdünya Rus Xalq Şurası (ÜRXŞ) Ukraynanın işğalını “müqəddəs müharibə” adlandırıb və Ukraynanın bütün ərazisinin Rusiyanın müstəsna təsir zonasına daxil edilməsini tələb edən sənəd qəbul edib. Sənəddə Ukraynaya qarşı müharibə “rus xalqının cinayətkar Kiyev rejiminə və onun arxasındakı kollektiv Qərbə qarşı Rusiyanın Cənub-Qərbi torpaqlarında aparılan milli azadlıq mübarizəsində yeni bir mərhələ” adlandırılıb. Bu sənəd 27 mart 2024-cü ildə qəbul olunub. Halbuki, Kremlin işğalçılıq müharibəsi Rus Pravoslav Kilsəsindən qaynaqlanır. Rusiya İmperiyası kilsə layihəsi olduğu üçün Kremlin bütün müharibə cinayətlərinin məsuliyyəti Rus Pravoslav Kilsəsinin üzərinə düşür. Rusiya İmperiyasının müstəmləkəsi altında olan müsəlman və türk xalqlarına qarşı soyqırımı, qətliamların təşəbbüskarı və ideoloqu Rus Pravoslav Kilsəsi olub. “Raşizmin qısa tarixi” kitabında bu məqamlara aydınlıq gətirəcəyəm.
Hələlik isə onu qeyd etmək istəyirəm ki, Patriarx Krillə qarşı sanksiya ədalətin qismən qalib gəlməsi olacaq. Ədalətin təntənəsi isə o zaman baş verəcək ki, Rus Pravoslav Kilsəsinə qarşı sanksiya tətbiq edilərək, fəaliyyəti qadağan ediləcək.
