Bu gün Xalq Cəbhəsinin sədri Əli Kərimlinin həbsindən 6 ay 6 gün keçir. Şübhəsiz ki, Əli Kərimli hansısa bir cinayət əməli törətməyib, qanuna zidd olan hansısa addım atmayıb. Onu saxta, qurama, öncədən planlaşdırılan ssenari əsasında həbs ediblər. Siyasi fəaliyyətinə, müxalif mövqeyinə, xalq adamı, millət adamı olduğunu görə tutublar Əli Kərimlini. Bu ölkədə vicdanlı olmağın, doğru-dürüst olmağın, millətlə düz danışmağın bədəli varı. Əli Kərimli 6 ay 6 gündür ki bu bədəli ödəyir.
Onun həbsindən əvvəl saxta və uydurma ittihamlarla köməkçilərini, mühafizəçilərini tutdular. Guya Niyaməddin Əhmədov xaricdən 5 – 6 yüz manat pul almaqla bu dövləti devirəcəkmiş, guya Tofiq Yaqublu müalicəyə gedən bir xəstəyə vaxtı keçmiş bir pasportuna Almaniya vizası möhürü vurduracaqmış, guya dünyanın ən məsum adamı olan Novruz Tağıyev behini belə almadığı “müştərinin” 71 min pulunu mənimsəyibmiş, guya oruc-namaz əhli olan Kənan Basqal məscidə axşam namazına gedəndə adam bıçaqlayıbmış, guya Məmməd İbrahim uydurulan “dövlət çevrilişinin” əsas əlaqələndiricisi imiş.
Bu gün ölkədə polis, prokurorluq və məhkəmələr Stalin dövrünün “troykalarını” xatırladır. Uydurulmuş cinayət işləri, yalançı şahidlər, saxta “ekspert” rəyləri yalana hüquqi don geyindirməyin başlıca vasitəsinə çevrilib. Yəni “Əlbir olub bir ayı bir şir ilə, ovladılar dovşanı tədbir ilə.
Niyaməddini də, Məmməd İbrahimi də, Novruz bəyi də, Kənan Basqalı da Əli Kərimliyə görə tutublar, şərləyib həbs ediblər. Əli Kərimlinin həbsindən əvvəl ətrafın budayıblar. 6 ay 6 günün tamamında məlum olur ki, Ramiz Mehdiyevin “dövlət çevrilişi” şousu Əli Kərimlini həbs etmək, onu DTX-nın təcridxanasına salmaq üçün hazırlanmış bir oyun olub, ona qurulmuş bir tələ olub. İndi nə Ramiz Mehdiyevi itirib-axtaran var, nə dövlət çevrilişi haqqında danışan. Məqsəd Əli Kərimli olub. Kökündən saxta olan bu işdə millətə “ciddi detallar” vəd etmişdilər. 6 ay 6 gün keçir, bəs harada qaldı o “ciddi detallar”?
