Bu gün uzun fasilədən və həbsdən sonra ilk dəfə idi ki, atam Qubad İbadoğlu ürəyindəki aorta genişlənməsinin ölçüsünü dəqiqləşdirmək, ürək qapaqlarının və damarlarının vəziyyətini qiymətləndirmək üçün kontrastlı kompüter tomoqrafiyası (KT) müayinəsindən keçməli idi. 16 may 2026-cı il tarixində yazıldığı növbənin vaxtı nəhayət bu günə – 30 maya təyin edilmişdi.
Lakin səhər saat 7-dən sonra Bakı şəhərində Yeni Klinikaya gələn atama təxminən bir saat gözlədikdən sonra bildiriblər ki, kontrast maddə (boya) qurtardığı üçün müayinə aparıla bilməz.
Bu izah ciddi suallar doğurur. Cənubi Qafqazın ən böyük xəstəxanasında əvvəlcədən planlaşdırılmış müayinələr üçün kontrast maddənin olmaması necə mümkün ola bilər? Əgər belə bir problem var idisə, niyə atama əvvəlcədən məlumat verilməyib?
Atamın səhhəti ilə bağlı vəziyyət son dərəcə ciddidir. Həkimlərin rəyinə görə, aorta damarının diametri və ürək qapaqlarındakı dəyişikliklər artıq cərrahi müdaxilə tələb edə biləcək həddə yaxındır. Aortanın genişlənməsi həyati təhlükə yaradan bir vəziyyətdir və onun nə vaxt kritik həddə çatacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Vaxt onun əleyhinə işləyir və hər gecikmə sağlamlığı üçün əlavə risk yaradır.
Biz aidiyyəti qurumlardan tələb edirik ki, ya onun tam və keyfiyyətli tibbi müayinəsi Azərbaycanda dərhal təşkil edilsin, ya da xaricdə müayinə və müalicə almasına icazə verilsin. Lazım gələrsə, cərrahi əməliyyat üçün də şərait yaradılmalıdır.
Atamın səhhətinə biganə qalmayın. Bu məsələ artıq yalnız hüquq məsələsi deyil, insan həyatı məsələsidir.