Birincisi, hərbi xərclərin azaldılmasından yaranan iqtisadi şok dərhal özünü göstərəcək. Rəsmi məlumatlara görə, hərbi xərclər hazırda Rusiya ÜDM-inin təxminən 7-8%-ni, real rəqəmlərə görə isə təxminən 10-12%-ni təşkil edir. Kreml real rəqəmləri gizlətməyə çalışır. Bu pulun böyük hissəsi daxili istehsal zəncirlərinə gedir. Əmək haqqı və müdafiə sektoruna verilən kreditlər görünməmiş dərəcədə artıb. Belədə hərbi istehsal dayandırılsa nə baş verər? Mütəxəssislər qeyd edirlər ki, bu halda məsələn, tank istehsalı müqavilələri 70% azaldılmalıdır. Polad, dgər metallar və elektronikaya tələbat, eləcə də əlaqəli sənaye sahələrində iş yükü kəskin azalacaq. Bütün bunlar dolayısı ilə əhalinin gəlirlərini və büdcəyə yığılan vergiləri də azaldacaq.
…İkinci problem cəbhədəki əsgərlərin geri qayıtmasıdır. Müxtəlif hesablamalara görə, bu müharibədə artıq 1 milyona yaxın rusiyalı döyüşüb və geri qayıdıb. Onların bəziləri sağ-salamat, bəziləri yaralı dönüb. Daha yarım milyona yaxın da tabutda dönən var. Bunun üzərinə itkin və əsir düşənləri də gəlmək lazımdır. Müharibə bitsə, bu saya hazırda cəbhədə və arxa cəbhədə olan daha bir milyondan artıq rus da əlavə olunacaq. Bunlar hamısı döyüş təcrübəsi və daha da əhəmiyyətlisi, silahları və ya silaha çıxışı olan və ayda 200-300 min rubl qazanan insanlardır. Bu, evdə qazandıqlarından azı beş dəfə çoxdur.
Onlara müharibəyə gedəndə “qəhrəman” statusu vəd edilmişdi. Qayıdanda hansı statusla qayıdacaqlar, onlara cəmiyyətin və dövlətin münasibəti necə olacaq? Proqnozlar bu münasibətin daha çox mənfi olacağından xəbər verir. Çünki Rusiyada hər kəs bu adamların müharibəyə “Vətəni qorumaq” yox, pul üçün getdiyini yaxşı bilir.
