Ukrayna müharibəsindən dərs götürən Çin başa düşdü ki, Tayvanı tezliklə özünə birləşdirməlidir. Rusiya Ukraynada gecikdi və Qərb Ukraynanı Rusiyaya qarşı platsdarma çevirdi. Çinə qarşı isə Tayvan hazırlanır.
Çin Tayvanla müharibə aparmaq istəmir – müharibəyə başlasa, Qərb Tayvanı qabağa verib, Ukraynadakı kimi onun əli ilə Çinə cəzasız zərbələr endirəcək. Çin isə zərbələri öz xalqına – tayvanlı çinlilərə endirməli olacaq – necə Ukraynada slavyanlar bir-birini qırırlar, Tayvanda da çinlilər bir-birini qıracaqlar. Qərb isə bundan hətta qazanacaq – həm Tayvana silah-sursat satacaq, həm də əsas rəqibinin iqtisadiyyatını və şəhərlərini dağıdacaq.
Çin üçün vacib olanı ABŞ-ı Tayvandan təcrid etməkdir. Əgər ABŞ Tayvana silah satmasa, təhlükəsizliyinə təminat verməsə, müstəqillik iddialarına dəstək verməsə, bir neçə ilə Çin Tayvanı dinc yolla özünə birləşdirə biləcək. Çin üçün bu məsələni 2028-ci ilədək – ABŞ-da növbəti prezident seçkilərinədək həll etmək şansı yaranıb.
ABŞ Ukrayna və İran müharibələri sayəsində “tərksilah” olub. 2 gün əvvəl Konqres dinləmələrində ABŞ-ın Hərbi Dəniz Qüvvələri naziri əvəzi Hunq Kao konqresmenin Tayvana silah tədarükünün niyə dayandırıldığı haqda sualına cavabında bildirdi ki, hazırda İran münaqişəsinə silah-sursatımızın çatacağına əmin olmaq üçün bütün ehtiyatlarımızı təftiş edirik deyə Tayvana tədarükü dayandırmışıq. Əslində, bu çox diplomatik bir yalan idi. Çünki Ukrayna müharibəsi başlayandan sonra ABŞ hətta köhnə müqavilələr üzrə də silah tədarükü öhdəliklərini yerinə yetirməyib, elə vacib silah növləri var ki, onlar üzrə öhdəliklərini 5 ildir yerinə yetirə bilmir. Üstəlik bu il də Tayvanla $14 milyardlıq silah-sursat tədarükü müqaviləsi bağlayıb. Hətta Tayvandan bu məbləği $40 milyarda qaldırmağı tələb edir, lakin parlamentdə çoxluq təşkil edən qomindançılar buna razılıq vermirlər. Avropa ölkələrinə və Yaponiyaya da silah-sursat tədarükü üzrə öhdəliklərini illərlə təxirə salır.
Bu vəziyyətdən istifadə etməyə çalışan Si 13-15 may sammitində Trampdan Çin diplomatiyası üçün görünməmiş tərzdə Tayvan məsələsinə qarışmamağı tələb etdi, lakin Trampdan birmənalı cavab ala bilmədi. Buna görə də ABŞ-la faktiki olaraq heç bir rəsmi sənəd imzalanmadı. Aydındır ki, ABŞ üçün çox vacib olan nadir metallar məsələsində də Çin heç bir güzəştə getməyəcək – ABŞ hərbi-sənaye şirkətlərinə qarşı əvvəl tətbiq etdiyi embarqonu saxlayacaq. Hörmüz boğazına nəzarət məsələsində İranın sərt mövqeyini müdafiə edəcək. Gələcək Tayvan əməliyyatında ABŞ qüvvələrini regiondan təcrid etmək üçün, güman ki, Bab əl-Məndab və Malakka boğazlarının da ABŞ-ın nəzarətindən çıxarılmasına çalışacaq.
Putinlə 19-20 may sammiti Trampla görüşdən asılı olmadan planlaşdırılsa da Si həmin görüşün nəticələrini Putinlə müzakirə etməyə bilməzdi. ABŞ-da kimin prezident olmasından asılı olmayaraq, onun Çinlə qarşıdurmasının gərginləşəcəyi labüddür. ABŞ hegemoniyasını bölüşdürmək fikrində deyil. Bunu başa düşmək olar: ABŞ imperiyasının binası dünya hegemonluğunu sütunları üzərində qurulub – onu itirsə, bir dövlət kimi qalması özü böyük bir suala çevriləcək. Çinin ~500, ABŞ-ın isə ~6000 nüvə başlığı var, onların daşıyıcıları məsələsində də Çin ABŞ-dan texnoloji cəhətdən çox geridədir. Çin Rusiyanın nüvə çətirinə böyük ehtiyac duyur. Yəqin ki, bu məsələdə Çin Rusiyanın bir daha zəmanətini alıb.
ABŞ Rusiya ilə qarşıdurmada 1-ci eşelon ölkəsi kimi Ukraynanı, 2-ci eşelon ölkələri kimi Avropanı qoydu. Çinlə müharibədə isə 1-ci eşelon Tayvan, 2-ci eşelon C.Koreya, Yaponiya (və bəzi başqa ölkələr) olacaq. Çin onları neytrallaşdırmaq barədə indidən düşünür.
Mayın sonu – iyunun əvvəlində Si KXDR-ə rəsmi səfər etməlidir. Çin lideri 2019-cu ildən sonra Ş.Koreyaya səfər etməmişdi. Güman ki, bu səfər gələcək Tayvan qarşıdurmasında C.Koreyanı neytrallaşdırmaq üçün Kim Çen Indan təminat almaq üçün nəzərdə tutulub. Yeri gəlmişkən, Ş.Koreyanın bu yaxınlarda uzaqmənzilli raketi sınaqdan keçirməsində və nüvə doktrinasında dəyişiklik etməsində də Çinin pərdəarxası dəstəyini zənn etmək olar: https://www.facebook.com/asif.shafaggatov.3/posts/4365688127080598
Rusiya isə həm də Yaponiyanı neytrallaşdırmalıdır. Bunun üçün Rusiyanın Uzaq Şərqdə hərbi kontingentini, strateji bombardmançı təyyarələrini və sualtı qayıqlarını artırması kifayətdir. Çinin Rusiya iqtisadiyyatına investisiyaları artarsa, belə gizli razılaşmanın olduğunu zənn etmək olar.
Fikrimcə, Si Tayvan məsələsini 2028-ci ilədək birdəfəlik həll etməyə çalışacaq. ABŞ-ın sursatı tükənib və noyabr seçkilərindən sonra Tramp hakimiyyətə nəzarətini itirəcək. Zəif lider və zəif ordu – ABŞ-ı Uzaq Şərqdən qovmaq üçün ideal fürsətdir.
