Azərbaycandakı ümumi və dominant ictimai rəydən fərqli olaraq, Ərdoğanı heç vaxt böyük dövlət adamı hesab etməmişəm. Sadəcə, güclü siyasətçi saymışam, çünki Türkiyə kimi bir ölkədə bütün seçkiləri udub, 23 il hakimiyyətdə qalmaq hər kəsin bacaracağı, asan bir iş deyil.
Lakin 2023‐cü il seçkilərindən sonra Ərdoğanın son dövrlərdəki seçki zəfərlərini necə qazandığı da ortaya çıxdı. Məlum oldu ki, ana müxalifət partiyası və onun lideri əslində sistemə, rejimə çalışırmış. Ərdoğan seçkilərdə rəqibini özü müəyyənləşdirirmiş və xalqın siyasi rəqabət adı ilə gördükləri, izlədikləri bir tamaşadan ibarət imiş. (Mən də sadəlövhcəsinə Kamal Kılıçdaroğlunun müxalifətçi olduğuna inanırdım).
Kılıçdaroğlunun CHP liderliyindən uzaqlaşdırılması və hansısa qeyri‐adi, fövqəladə qabiliyyətləri olmayan, sadəcə olaraq, səmimi müxalifətçilik edən bir adamın (Özgür Özəl) CHP lideri seçilməsi kifayət etdi ki, partiya elə ilk seçkidə qələbə qazansın. (Xalqın gözü həqiqətən tərəzi imiş). Bundan sonra nə baş verdi? Ərdoğan siyasi proseslərə sıradan bir avtokratdan fərqli olmayan reaksiyalar verməyə başladı. Əvvəlcə əsas rəqibini həbsə atdı. Bununla da kifayətlənməyərək bütövlükdə bir institut olaraq ana müxalifəti aylarla aramsız repressiyalara məruz qoyaraq, nəhayət ki, bu gün məhkəmə əli ilə mövcud CHP rəhbərliyini vəzifələrindən uzaqlaşdırıb, Kılıçdaroğlunu yenidən CHP‐nin başına gətirdi.
Qərarın hüquqi baxımdan əsassızlığını və siyasi sifariş olduğunu əaslandırmağa ehtiyac yoxdur, bu, aydındır. Türkiyədə siyasi partiyaların qurultayları il seçim kurulları (vilayət seçki komissiyaları) və YSK‐nın (mərkəzi seçki komissiyası) nəzarətində keçirilir və məhkəmə hakimiyyətinə aid olan bu qurumlar tərəfindən təsdiqlənir. Adi məhkəmələrin siyasi partiyaların fəaliyyətinə aid olan məsələlər və seçkilərin nəticələri haqqında qərarlar vermək hüququ yoxdur.
Bu qərar Türkiyədə seçki yolu ilə hakimiyyət dəyişikliyi ehtimalını və yolunu tamamilə bağlamağa, ölkədə seçkiləri formal bir prosedura çevirməyə yönəlib. Ümid edirəm ki, türk xalqı özündə güc taparaq Cümhuriyyətə, türk demokratiyasına qarşı bu sui‐qəsdin baş tutmasını əngəlləyəcək və öz taleyinə, öz gələcəyinə özünün hökm verəcəyi bir sistemi, hüquq dövlətini təkrar bərqərar edəcək.
Əslində məhkəmə qərarı müxalif cinahda siyasi baxımdan nəyisə dəyişmir. Fotodakı üçlü hardadırsa, müxalifətin ünvanı oradır. Hələ hər şey bitməyib.
