Lakin reallıq gözlədiyimdən də pis oldu, Çin “muncuqları” da xəsisliklə verdi.
Əvvəl “muncuqlar” söhbətinin nə olduğunu aydınlaşdıraq.
Avropalılar Amerika qitəsinə gəldikdə öyrənirlər ki, yerli qəbilələr parıltılı bəzək əşyalarını çox xoşlayırlar. Onlar şüşə emalını bilmirdilər deyə parıltılı rəngli şüşə muncuqları çox yüksək qiymətləndirirdilər. Bunu anlayan kimi avropalılar muncuqlardan mübadilə vasitəsi kimi istifadə etməyə başladılar. Avropada qəpik-quruşa olan muncuq verib, hindulardan qiymətli xəzlər, qızıl-gümüş, ərzaq məhsulları, hətta torpaq alırdılar. Yəni avropalılar hindulara parıltı satıb, real faydası olan məhsullar alırdılar. Hindular isə muncuqlardan qəbilədaşları qarşısında forslanmaq, statusunu yüksəltmək (“ağlarla” yaxşı münasibətdəyəm) üçün istifadə edirdilər.
İndi Tramp da Çindən “muncuqlar” almağa gəlmişdi ki, dünya ictimaiyyəti, xüsusən də, ABŞ seçiciləri qarşısında forslana, statusunu göstərə bilsin.
Niyə Tramp faydası olan real məhsullar yox, “muncuqlar” almağa ümid edirdi?
Tramp: Çin şirkətlərini strateji əhəmiyyətli Panama kanalından qovdurdu.
Çinə ucuz neft satan Venesuelanı ələ keçirtdi və indi onun kimə neft satmasını özü müəyyən edir.
Tayvanla silah tədarükü üzrə on milyardlarla dollarlıq müqavilələr bağlayıb və Çinin Tayvana haqqını tanımaq istəmir.
1 ildən çoxdur Rusiyaya strateji iqtisadi əməkdaşlıq vəd etməklə onu Çinlə əməkdaşlıqdan çəkindirməyə çalışır.
ABŞ-ın yeni Milli Təhlükəsizlik Doktrinasında Çini 1 nömrəli düşmən adlandırıb.
Çinin strateji əhəmiyyətli “Qurşaqlar və yollar” layihəsinə hər ölkədə maneələr yaradır.
Çinin daxilində uyğur separatizmini açıq dəstəkləyir.
Çinə qarşı tarif müharibəsinə başlayıb (düzdür, uğursuz alındı).
İran neftini ələ keçirməklə Çini ucuz enerji idxalından məhrum etmək istəyir…
Bütün bunları Çinə qarşı etdiyini açıq-aşkar dilə də gətirir. Yəni Çini “boğmaq”, vassala çevirmək istədiyini gizlətmir. İndi İranda bataqlığa düşüb. Çinin onu xilas etməsi axmaqlıq olmazdımı? Çin niyyətindən heç olmasa sözdə də imtina etməyən düşməninin güclənməsinə kömək etməlidir? ABŞ da başa düşürdü ki, Çindən kömək gözləmək mənasızdır. Çinin yerində ABŞ olsaydı, belə vəziyyətə düşmüş düşməninin boğazını kəsərdi. Buna görə də Tramp Çindən real kömək yox, “parıltılı muncuqlar” gözləyirdi.
Bəs “parıltılı muncuqlar” nə ola bilərdi?
Parıltılı muncuqlar göz qamaşdırır, diqqəti cəlb edir və digər əyər-əskikləri görməyə mane olurlar. Trampa da elə şeylər lazım idi ki, onun İrandakı rüsvayçı məğlubiyyətini, ölkə daxilindəki uğursuz iqtisadi siyasətini kölgədə qoya bilsin, onlarla forslana bilsin, statusunu yüksəltsin (görürsünüz, imperator Si yalnız mənə görə…). Yəni real faydası olmayan, lakin noyabr seçkilərinədək təbliğat üçün yaxşı istifadə etmək mümkün olan nələrsə – mən bunları “rəngli muncuqlar” adlandırıram – almaq istəyirdi.
Həmin “muncuqlar” aşağıdakılar ola bilərdi:
Si vəd verir ki, Hörmüz boğazının açılmasına kömək edəcək.
Si vəd verir ki, İranın nüvə silahına sahib olmasına imkan verməyəcək.
Si vəd verir ki, İrana silah verməyəcək.
Çin ABŞ mallarına tətbiq etdiyi tarifləri kəskin endirəcək.
Çin ABŞ-dan çiplər, k/t məhsulları, neft, qaz və neft-qaz məhsulları, təyyarələr və s. alacaq, yəni öz bazarını ABŞ şirkətləri üçün açacaq.
Çin ABŞ hərbi sənaye şirkətlərinə qarşı tətbiq etdiyi nadir metallar üzrə embarqosunu yüngülləşdirəcək və s.
Əslində, bunların hamısı boş sözlər olacaqdı, lakin Tramp bu “milçəklərdən” təbliğat “filləri” düzəldə bilərdi. Amma Çin Trampa bu fürsəti də çox gördü.
Trampın görüşdən əldə etdiklərinin təhlili haqda növbəti dəfə yazaram.