AzadlıqRadiosunun həbsdə olan jurnalisti Fərid Mehralızadə bildirir ki, Azərbaycan həbsxanalarında siyasi məhbus sayılan şəxslərə “jurnalist” deyilir. O, bu barədə 3 May – Dünya Mətbuat Azadlığı Günü ərəfəsində həbsxanadan göndərdiyi ismarışda yazıb.
“Azərbaycan həbsxanalarında kiminsə siyasi məhbus olduğu bilinən kimi, onun azadlıqda müxalifət partiyasının üzvü və ya vətəndaş cəmiyyəti təmsilçisi olmasının fərqi qalmır – hamıya “jurnalist” deyilir. Bu, özlüyündə çox şey deyir: bu gün jurnalistika xeyli riskli peşəyə çevrilib və “jurnalist” anlayışı Azərbaycanda faktiki olaraq “siyasi məhbus” termininin sinoniminə çevrilib”, – F.Mehralızadə vurğulayır.
İqtisadçı F. Mehralızadə korrupsiya araşdırmaları ilə tanınan “AbzasMedia” nəşrinə qarşı başlanmış cinayət işi çərçivəsində 2024-cü il mayın 30-da saxlanılıb. Özü məhkəmədə deyib ki, əslində AzadlıqRadiosundakı yazılarına görə cəzalandırılıb. Mehralızadə və həmkarları qaçaqmalçılıq və digər maliyyə cinayətlərində ittiham olunsalar da, onlar bu təqibləri peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
