Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Şurasının mayın 4-də İrəvandakı toplantısında iştirak etməyi planlaşdırır.
Kremlə bağlı saytların yazdığına görə, Ermənistan Xarici İşlər Nazirliyi bu xəbəri gizli saxlamağa çalışır. Bu iddianın məntiqi yoxdur. İrəvandakı toplantıya Avropanın İttifaqının və birliyə tərəfdaş olan dövlətlərin liderləri qatılacaqlar. Zelenski Avropa Siyasi Şurasının bundan əvvəlki bütün sammitlərində iştirak edibsə, İrəvandakı toplantıdan niyə imtina etməlidir? Ermənistan toplantının sadəcə ev yiyəsidir, tədbirə çağrılacaq qonaqları Brüssel müəyyələşdirib.
Ermənistandakı radikallar Zelenskinin İrəvana səfərinin Rusiya-Ermənistan münasibətlərinə mənfi təsiri barədə açıqlamalar verməyə başlayıb. Bu açıqlamaların özü göstərir ki, erməni radikallar Rusiyanın təlimatıyla hərəkət edirlər. O ki qaldı, Zelenskinin Ermənistana səfərinə, bununla Ukrayna Prezidenti Moskvaya mesaj göndərəcək ki, Cənubi Qafqaz, o cümlədən Ermənistan artıq Rusiyanın arxa bağçası deyil. Avropa Siyasi Şurasının İrəvandakı toplantısı baş nazir Nikol Paşinyana da lazımdır. O parlament seçkisi öncəsi Avropa İttifaqı liderlərindən hərtərəfli dəstəyə ümid edir.
