Bizim vaxtla 25-dən 26 aprelə keçən gecə Vaşinqtonda prezidentə qarşı növbəti sui-qəsdə cəhd hadisəsi baş verdi. Donald Trampın müxbirlər üçün ənənəvi şam yeməyində çıxış etdiyi “Hilton” mehmanxanasında atışma oldu. Tədbirdə Trampla yanaşı Melanya və J.D.Vens də iştirak edirdilər. Qonaqlardan heç biri xəsarət almayıb və şübhəli şəxs saxlanılıb.
Atışma 1981-ci ildə Ronald Reyqana qarşı sui-qəsd cəhdi olan yerdə yerdə baş verdi. O vaxt tapança ilə silahlanmış Con Hinkli prezidenti müxbirlər üçün şam yeməyindən sonra küçədə gözləmiş və atəş açaraq prezidenti, onun mühafizəçisini və polis əməkdaşlarını yaralamışdı.
Bu dəfə isə Kaliforniya sakini Kol Tomas Allen şam yeməyinin keçirildiyi salonun girişindəki mühafizədən keçməyə çalışdı. O, tapança, pompalı tüfəng və bir neçə bıçaqla silahlanmışdı, bir neçə atəş də aça bildi. Güllə yalnız məxfi xidmət əməkdaşının zirehli jiletinə dəyib. Allenə atəş açılmayıb, lakin həbs zamanı xəsarət alıb və rəsmi məlumata görə, “müayinə üçün” qısa müddətə yerli xəstəxanaya aparılıb.
Allen tədbirin keçirildiyi “Hilton” otelində bir otaq kirayə götürmüşdü. Onun otel otağında, həmçinin Kaliforniyadakı evində axtarış aparılıb. 31 yaşlı Allen Kaliforniya Texnologiya İnstitutunu mühəndislik ixtisası üzrə bitirib. O, Los-Anceles yaxınlığındakı Torrans şəhərində kompyuter oyunları hazırlayır və orta məktəbdə proqramlaşdırma dərsləri verirdi. 2024-cü ildə hətta Los-Anceles dairəsində “Ayın müəllimi” seçilmişdi.
Mən artıq bu hadisənin həqiqi olmasına şübhə edirəm. Ola bilər, Allen Trampa nifrət edirmiş, lakin onu bu hadisəyə, yəqin ki, gizli yönəldənlər olub və onlar elə Trampın komandasından olublar. Çünki Trampın reytinqi təhlükəli dərəcədə düşüb, belə hadisələr isə, adətən, prezidentin reytinqini qaldırır.
Amma, məncə, bu hadisə çobanın kənd əhlini köməyə çağırmasına oxşayacaq. 3 dəfə yalandan “Ay camaat, köməyə gəlin, canavarlar sürünü məhv etdi!” harayına gələn əhali 4-cü dəfə həqiqətən də canavarlar sürüyə hücum edəndə çobanın harayına gəlmədi.
Xatırladıram ki, bu son 2 ildə Trampın həyatına 4-cü sui-qəsd hadisəsidir.
