10 C
Bakı
24 Aprel 2026 10:25
CəmiyyətTarix

Sah I Abbas, mənim fikrimcə, Səfəvilər sülaləsinin ən parlaq nümayəndəsidir.

I Abbas 16 yaşında Səfəvi taxtına oturanda dövlət dəhşətli xaos içində idi. Osmanlı ilə müharibə ağır məğlubiyyətlərlə davam edirdi. Hərbi əməliyyatlar 1590-cı ildə Səfəvilərin qərb hissəsinin – indiyə qədər dövlətin əsas nüvəsi olan Azərbaycan da daxil – Osmanlının nəzarətinə keçməsi ilə yekunlaşdı. Şərqdə isə Moğollar Qəndəharı, özbəklər Məşhəd də daxil Xorasanın bir hissəsini tutdular.

Dövlətin daxilində isə, necə deyərlər “kimsə kimsənin kitabını oxumurdu”, dərəbəylik hökm sürürdü. Təsəvvür edin ki, bir gün qızılbaş əmirləri hərəmxanaya hücum edib şah Məhəmməd Xudabəndənin arvadı, I Abbasın anası Məhdi Ülyanı öldürmüşdülər.

Amma gənc yaşda taxta çıxan Abbas çökməkdə olan dövləti yenidən qurdu. Apardığı idarəçilik və hərbi islahatlarla hakimiyyəti mərkəzləşdirdi, dövlətdəki xaosa son qoydu, qızılbaş əmirlərinin özbaşınalığını kəsdi. Orduda nizami qüvvələr yaratdı, eləcə də, tüfəngçi və topçu birliklər formalaşdırdı. Bundan sonra itirilmiş torpaqlar uğrunda mübarizəyə başladı.

İstər şərqdə, istər qərbdə itirilən torpaqları geri aldı, hələ bir az artığını da tutdu. Məsələn, Bağdadı, Şimali Qafqazda Kabarda-Balkarı və s. Səfəvilər dövləti heç zaman olmadığı qədər qüdrətli oldu. Lakin “Böyük Abbas” adını alan şah öz qurduğu arxitekturanın çöküşünün əsasını da öz əlləri ilə qoydu.

Şah Abbasın beş oğlundan ikisi körpə yaşlarında ölmüşdü, üçü isə yetkinlik yaşına çatmışdı. Beləliklə, özünə layiqli vəliəhd yetişdirmək, ona dövlət işlərini öyrətmək imkanı vardı.

Amma Böyük Abbas əvvəlcə böyük oğlu Məhəmməd Bağır mirzədən şübhələnib 1615-ci ildə 28 yaşında öldürtdürdü. 1621-ci ildə ikinci oğlu, atasının adını verdiyi Məhəmməd Xudabəndəni, 1627-ci ildə də sonuncu oğlu İmamqulu mirzəni kor etdi. Hər iki şahzadə Ələmut qalasına salındı.

Şahın ölümü ərəfəsində nəvəsi, Məhəmməd Bağırın oğlu Sam Mirzəni vəliəhd təyin etdi. O isə hökmdarlıq edəcək ən son adam idi. 1629-cu ildə I Səfi adı ilə taxta çıxan 6-cı Səfəvi şahı 1632-ci ildə Ələmutdakı əmilərini öldürdü. Bundan əlavə İmamqulu mirzənin oğlu Nəcəfqulu mirzə də öldürüldü. Eləcə də öz atabir qardaşını Süleyman Mirzəni öldürdü.

Adətən sülalə qətliamlarında şahların oğulları və onların oğulları qurban olurlar. Şah qızlarının oğullarının taxta hüquqları olmadığından təhlükəli sayılmırlar. Amma Səfi elə düşünmürdü.

Bibisi Zübeydə bəyimin üç oğlunu, üstəlik ərini öldürdü. Digər bibisi Xanağa bəyimin dörd oğlunun gözünü kor etdi. Başqa bibisi Həva bəyimin dörd oğlu da kor edildi.

I Səfi şərab və tiryək, eyş-işrət aludəçisi idi. Onunvaxtında dövlətin tənəzzülü başladı və süqutuna qədər davam etdi. Osmanlılarla müharibədə dalbadal məğlubiyyətlər yaşandı. Sultan IV Murad Bağdadı geri aldı.

O dövrdə Şedan Çiladze adlı bir gürcünün həm gözəl tamada, həm də içmək üzrə çempion olması xəbəri Səfinin qulağına çatır. O, Çiladzeni əvvəlcə tamada kimi İsfahana dəvət edir. Sonra deyir ki, mən səndən çox içərəm, gəl yarışaq. İçdi, içdi, içdi və İran möminlərinin “mürşüd-i kamil”i 31 yaşında içkidən partlayıb öldü. Tarix 1642-ci il idi.

I Abbasdan təxminən 120 il sonra eyni səhvləri Nadir şah Əfşar edəcək.

1632-ci ildə Qum şəhərinin hakimi şah I Səfinin xəbəri olmadan özündən yeni vergi təyin edir. Xəbər şaha çatanda bərk əsəbləşir, hakimi zəncirləyib İsfahana gətirməyi əmr edir.

Həmin hakimin oğlu şahın gənc qulluqçularından biri idi (Avropada belələrinə paj deyirlər). I Səfi oğlana atasının əvvəlcə burnunu, sonra qulaqlarını kəsməyi, sonra gözünü çıxarmağı, axırda da boynunu vurmağı əmr etdi.

Göstərişləri yerinə yetirən oğul atasının yerinə Qum hakimi təyin olundu. Tapşırıldı ki, özündən vergi təyin etməsin.

Mənbə: Tarixçi teleqram kanalı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

 

Oxşar xəbərlər

Aksiyaçılar sülhməramlıların kolonunu buraxmadı

redaktor

Tanıdığlnız, gördüyünüz yeniyetməni, gənci çəkindirin bundan

admin

Ekoloqların ardınca ordumuz Xankəndiyə girir? – Mühüm açıqlama

admin