DünyaSiyasət

Bağda ərik qurtardı

Hakimiyyət adətən vəzifədən vurulmuş keçmiş məmurların mülklərini ictimailəşdirirdi. Belə mesaj verilirdi ki, vəzifədə olanda “yediklərini” (hansı ki, biz bilirik və biz icazə verdiyimiz üçün yemisən) indi gətir qaytar, ya xoşluqla, ya da zorla. Bu məmurların bəziləri kəm-küm edirdi, bəziləri də səssizcə deyiləni edirdi.

El arasında da deyildiyi kimi, bu cür məmurlar ona görə “yemlənirdi” ki, hakimiyyətə sadiq olsunlar, deyilənləri və tapşırılanları sözsüz yerinə yetirsinlər. Həm özləri qazansın, həm də yuxarılara qazandırsınlar. Bu sistem o qədər dərinə nüfuz eləmişdi ki, hətta adi vətəndaş belə rüşvət və ya tanış vasitəsilə övladını dövlət işinə düzəltməyə çalışırdı. Deyirdi ki, “heç olmasa, o da bir tərəfindən yesin, ağ günə çıxaq”. Bu metod Azərbaycandakı çoxillik sistemin əsası idi.

2010-ların neft-qaz gəlirləri də buna imkan verirdi. Obrazlı desək, bağda ərik olan vaxtlar idi. Nəticədə nə baş vermişdi, dövlət büdcəsindən bəslənən böyük qrup meydana gəlmişdi. Büdcədən bəslənən bu qrupu hakimiyyət istədiyi kimi seçki saxtakarlığından tutmuş ictimai dəstəyə qədər hər şeyə təşviq edirdi. Nə olmasa, “ağa deyirdi, sür dərəyə”. İqtisadiyyat da bu mexanizmlə, büdcə xərcləri hesabına dönürdü. Bu sistemdən qazanan hər kəs razı idi.

Amma dövr dəyişdi, fələyin çarxı döndü. Gəlirlər azalmağa, Qarabağdakı yenidənqurma üçün böyük xərclər çəkilməyə başlandı. Vəziyyət qəlizləşdi, azalan gəlirləri necəsə kompensasiya etmək lazım gəldi, bir sözlə bağda ərik qurtardı. Yenə ilk sırada yada keçmiş məmurlar düşdü, daha sonra müəllimlər, dövlət işçiləri deyə-deyə hakimiyyət vaxtilə “loyallığı satın almaq” üçün yaratdığı işləri sakitcə ləğv elədi. Büdcədən bəslənən boğazları azaltmağa başladı.
İndi görünən odur vəziyyət o həddə gəlib ki, hətta vəzifədəki məmurlara, elə götürək baş nazir Əli Əsədova belə mesaj verməyə ehtiyac yarandı. “Əli məllim, gətir qaytar!”

Hazırda proses çox yavaş getdiyi üçün problem o qədər də hiss olunmur. Çünki işdən çıxarılan birinin oğlu, atası, qardaşı hələ də dövlət işində çalışır. Lakin yavaş-yavaş, vəziyyət pisləşdikcə bütün sosial qruplardan olan şəxslər bu dəyişiklikdən təsirlənməyə başlayacaq. Hakimiyyət büdcəyə düşən yükü azaltmağa çalışarkən vaxtilə “loyallığını satın aldığı” təbəqələri itirməyə başlayacaq.

O, ABŞ-dakı məşhur təyyarə təcrübəsini yada salaq (Survivorship bias). Mediada etirazını gördüyümüz sosial qruplar bazaya sağ salamat gəlib çatan təyyarələrdir. Lakin öldürücü olan gəlib çata bilməyənlər, yəni etirazını hələ görmədiyimiz qruplardır.

 

Araz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ prezidenti Donald Tramp İranın yeni Ali Liderinin seçilməsində şəxsən iştirak etmək istədiyini bildirib.

redaktor

Qəzzada xəstəxanaya hücumu İsrail etməyib – Bayden

redaktor

Ramzan Kadırov ictimaiyyət qarşısına əsa ilə çıxdı

redaktor