Müharibəyə qədər neft qiymətləri $65 ətrafında dəyişirdi, hazırda $100 ətrafında dəyişir. Onun daha yüksək olmasının qarşısını, əsasən, aşağıdakı 3 amil aldı:
1. ABŞ-ın Rusiya və İran neftinə tətbiq etdiyi sanksiyaları müvəqqəti dayandırması;
2. İranın Hörmüz boğazından onun qoyduğu qaydalara əməl edən tankerləri buraxması və ABŞ-ın onlara mane olmaması;
3. Beynəlxalq Enerji Agentliyinin (IEA) üzvü olan 32 ölkə (Kollektiv Qərb) tərəfindən cəmi 400 milyon (o cümlədən: ABŞ 172 milyon, Yaponiya 80 milyon, Almaniya 20 milyon, Britaniya 13 milyon) barel neftin strateji ehtiyatlardan çıxarılması, IEA üzvü olmayan bəzi ölkələrin də eynisini etməsi.
Bu amillər nəticəsində bazarda neft qıtlığı qismən aradan qaldırıldı. Bazarı narahat edən əsas səbəb gözləntilərin pessimist olmasıdır – bu da fyuçers (gələcək tədarük) müqavilələrində neft qiymətlərinin qalxmasına səbəb olur.
ABŞ, bəyan etdiyi kimi, Hörmüzü tam blokadada saxlayarsa, 2-ci amil sıfırlanar.
3-cü amil üzrə neft isə 30-60 gün arasında bitməlidir.
Yəni blokada qalarsa, mayın sonundan neftin qiyməti $150-dən yuxarı qalxacaq. Bu qiymət ABŞ da daxil olmaqla bütün dünya iqtisadiyyatını çökdürə bilər.
Faktiki olaraq, ABŞ Hörmüzün blokadası ilə öz boğazına keçirtdiyi ipi dartır.
Belə bir vəziyyətdə İran nə etməlidir? Əlbəttə, gözləməli və dözməlidir. Vaxt keçdikcə, ABŞ-ın nəfəsi daralır.
ABŞ isə bu əziyyətə çox dözə bilməz. Onun üçün yaxşı çıxış yolu görünmür. Maya qədər onun 3 pis çıxış yolu var:
1. Müharibəni davam etdirmədən təcili İranla danışıqlar aparmaq və İrandan simvolik güzəştlər alıb, Yaxın Şərqdən üzüsulu çıxmaq.
2. Müharibəni davam etdirmədən razılaşmasız özünü qalib elan edib, Yaxın Şərqdən üzüsulu çıxmaq.
3. Müharibəni davam etdirib, Yaxın Şərqdən rüsvayçı şəkildə çıxmaq.
Görək, Tramp hansını seçəcək.
