İxtisasca həkim-onkoloq olan İbrahim Əsədli, məlum SSR-i bayrağının qaldırılması videosuna görə həbs edilib.
Bu ictimaiyyətə hadisənin görünən tərəfidir.
Əslində məsələni bir qədər də dərindən araşdıranda görərik ki, doktor İbrahim Əsədli uzun illərdir təbii yollarla xərçəng xəstəliyinin müalicəsi üçün effektiv üsullardan istifadə etdiyi üçün, dəfələrlə Səhiyyə Nazirliyinin rəhbərliyi ilə çəkişmədə olub.
Hörmətli İbrahim Əsədli həkim, bir neçə Yutub internet kanallarında səhiyyənin bərbad vəziyyəti ilə bağlı çıxışlar edirdi.
Həmin çıxışlardan sonra, işlədiyi klinikada problemlərlə rastlaşırdı.
Bir neçə dəfə saxta dərman satışı adı ilə şərlənib.
İbrahim Əsədli uzun illər Azərbaycan ordusunun həkim-zabiti olub.
Ağır xəstəlik keçirdikdən sonra, xidmətdən uzaqlaşıb.
Bundan sonra dövlət xəstəxanasında çalışıb.
Savadı, fitri istedadı sayəsində irəli gedənlərdəndir.
Nə adamı var idi, nə də kiminsə tapşırığı.
Siyasi proseslərdən uzaq olan İbrahim Əsədli, əsasən səhiyyənin ölkəmizdəki bərbad durumunu dilə gətirirdi.
İbrahim Əsədli hər zaman deyirdi ki, mən Azərbaycan SSR-i də yaşamaq istəyirəm.Həmin dönəmin səhiyyə sistemində olan həkimlərimizin indi də insanlara xidmətini görmək istəyirəm.
İbrahim həkimlə tanışlığım qısa zamanda olub.Amma bu şəxsin SSR-ini, Rusiyanı sevdiyini hiss etməmişəm.
Hər söhbətimizdə qeyd edirdi ki, həmin dövrün səhiyyəsi indi ola, məni altı ay Nazir qoyalar, imkan vermərəm ki, bu qədər xərçəngdən vəfat edən olsun.
Bu insan da belə idi.Öz peşəsinin vurğunu, öz işini sevə-sevə görən, ölkəsinin insanlarına vicdanla xidmət etmək istəyən bir şəxs idi.
Dəfələrlə dövlət qurumlarına müraciət etsə də, heç kim onun şikayətlərinə baxmırdı, əksinə hər dəfə başı bəla çəkirdi.
Bayraq qaldırma hadisəsinin baş vermə səbəbi isə, hikkə, acıq vermək idi.
Bir-iki dəfə mənim də yanımda demişdi ki, dövlət qurumları məni eşitməsə, qalmaqal yaradacam ki, məni də sayan, eşidən olsun.
Həkimi dəfələrlə incidib, hətta ailəsini dağıtdılar.Adını da qoydular ki, sevgilisi ilə birləşib həyat yoldaşını döydü.
Hamı qınadı.
Maraqlanan olmadı ki, ailəsindən əsl ayrılma səbəbi nədir ?
Nədənsə səbəbini bilənlər də , dilə gətirmədi.
Bu ölkəyə heçbir sahədə savadlı, istedadlı adam lazım deyil.
Ortaya elə birisi çıxan kimi, ya hansısa xarici qüvvələrə bağlayırlar, ya da ki, iyrənc metodlarla şərləyib atırlar içəri.
Ofisində tapılan Oşonun kitabları ölkəmizdə qadağan edilməyib ki, “Anarşit kitab ” siyahısında olsun.
Hamı alıb, tapıb oxuya bilər.
V.Leninin büstü bütün heykəl mağazalarında, SSR-i bayrağı, gerbi isə, Temu internet alış-veriş portalında satışdadır.
O ki, qaldı Rusiyadan Kommunist Partiyasının üzvlərinin gəlib İbrahim Əsədli ilə görüşməsinə, burada tam şəkildə izah yazmaq yerinə düşər.
Demək, Rusiyada Kommunist partiyası iki-üç hissəyə parçalanıb.
Birinin də rəhbəri Juqanovdur.
Juqanova bağlı Kommunist Partiyası Rusiya Xüsusi Xidmət Orqanlarına və birbaşa Vladimir Putinə tabedir.
Lakin, doktor İbrahim Əsədlinin görüşdüyü şəxslər isə, Juqanova və V.Putinə tamamilə müxalif adamlardır.Onlarla da heçbir əlaqəsi yoxdur.
Həmin şəxslərlə tanışlıq da məhz, elmi konfransların birində yaranıb.
Buradan yaranan dostluq bu günə kimi də davam edib.
İbrahim Əsədli dəfələrlə efir vasitəsi ilə Rusiya prezidenti Vladimir Putini sərt tənqid edib.Nifrətini gizlətməyib və Ukraynanın yanında olduğunu dilə gətirib.
İbrahim həkim hətta, Ukraynalı dostlarına peşə fəaliyyətindən qazandığı maddiyyatla yardımlar göndərirdi ki, müharibədən əziyyət çəkən Ukraynalı vətəndaşlara az da olsa, köməklik göstərilsin.
Belə bir adam necə ola bilər ki, Rusiya Xüsusi Xidmət Orqanlarına çalışsın?
Azərbaycanın səhiyyə və digər sahələrində yarıtmaz fəaliyyət görəndə, orta və yaşlı nəslin nümayəndələri keçmişin geri dönməsini istəyir.
Tək İbrahim həkim deyil, çox insan deyir ki, SSR-inin vaxtında hamının öz dəyəri vardı, hörmət, elmə, alimə, ziyalıya qiymət verilirdi, diqqət ayrılırdı.
İndi isə, dayısı, adamı olanları qabağa çəkirlər.
Bəlkə, yalandır ?
Bir ilə yaxın idi ki, İbrahim Əsədlini tanıyırdım.
Vicdanlı, vətəninə bağlı, yüksək savada malik şəxsdir.
Belə insanları məhv etmək yox, önə çəkmək lazımdır.
Doğrudur ki, İbrahim həkim inadkardır.Sözünü eşitdirmək üçün hərcür qıcıq yarada bilər.
Bu və bu kimi hadisələrin baş verməməsi üçün, dövlət qurumları zamanında vətəndaşının dərdini dinləməli, eşitməlidir ki, hərşey qaydasında olsun.
Neçə aydır ki, İbrahim Əsədlinin məhkəmə prosesi keçirilir.Hər dəfə də təxirə salınır.Nə şahidlər gəlib çıxır, nə də günahsız olduğunu nəzərə alan yoxdur.
Nə dostları, nə də yan-yörəsində gəzən, ondan bəhrələnən şəxslər bu gün İbrahim həkimlə maraqlanmır.
Bizim səthi, primitiv, küyə gedən, izi-tozu silinməkdə olan İctimai sektordan bir nəfər də olsun məhkəmə proseslərini diqqətdə saxlamayıb.
Hökumət Kommunistdir deyib tutdusa, deməli elədir.
Heçkim Kommunist sözünə görə yaxın da durmur.
Çöldə-bayırda qalmağı bacarıb, var-gəl edən jurnalistlərdən bir nəfər də olsun maraqlanan yoxdur.
Hər bir ölkənin hakimiyyəti öz rəqibinə xoşluqla kreslosunu verib, “Buyur, gəl əyləş” deməz.
Siyasi rəqiblərini də zəiflətmək üçün, sıradan çıxardar, şər-böhtan kampaniyası təşkil edər və cəmiyyətə mesaj ötürər ki, ən güclü mənəm, ona görə də iqtidarda mən qalmalıyam.
Hakimiyyəti başa düşdük.
Yaxşı bəs, siz ?
Həm hökumətə müxalifsiniz, həm də hökumətin kimə nə ad qoydusa, o adla çağrılmasını yoxlamadan,araşdırmadan qəbul edirsiniz?
Bu oldu artıq oynamıram.
Burdan şanlı hökumətimizə müraciət edirəm.
Doktor İbrahim Əsədli tamamilə absurd, hikkədən yaranan addımla həbs edilib.
Azərbaycan ordusuna ləyaqətlə xidmət etmiş, qeyri-adi istedada malik bir adam, hansısa ölkənin Xüsusi Xidmət Orqanlarının əmrlərini icra edə bilməz.
Yeni tendensiya yaranıb, kimin-kimdən xoşu gəlmir “Rusun adamıdır” damğasını vururlar alnının ortasına.
İbrahim Əsədlinin hazırda səhhətində də çox ciddi problemlər yaranıb.Təcili müalicəyə ehtiyacı var.
233-cü maddəyə görə bu qədər həngamə yersiz və absurddur.
Hər halda ev dustaqlığına da buraxmaq olar.
İbrahim Əsədlini həbs edən kimi, yaxınındakı bütün dost dedikləri pərən-pərən olub yoxa çıxdı.
İbrahim həkimdən nə siyasi fiqur olası deyil, nə o gücün sahibi deyil ki, hər hansı təhlükə yarada, nə də gələcəkdə təhlükə yaratmaq üçün siyasi strategiyası o səviyyədə deyil.
İbrahim Əsədli Səhiyyənin çatışmazlığını, problemlərini dilə gətirən, savadlı həkim-onkoloqdur.

