İxrac sahəsində uğurlu ölkə və şirkətlərin ixrac siyasətlərini fərqli (dövlət və şirkətlərin özlərindən həm birgə, həm də ayrı-ayrılıqda asılı olan səbəblərə müxtəlif rakurslardan baxışlar daxil olmaqla) araşdırmağa davam etdiyim üçün (2 il öncəki araşdırmalarım nəticəsində hazırladığım və uğurlu ixrac üçün vacib 10 şərti əhatə edən bir təqdimatı iş adamlarına təqdim etmişdim) mətbuata açıqlamalara vaxt ayıra bilməsəm də, verilmiş bəzi suallara qısa cavablarımı təqdim etmək istədim.
– Nə üçün təyyarə yanacağı ilə bağlı vəziyyət (o cümlədən qiymət) xam neftdəki vəziyyətdən fərqlənir sualına cavab olaraq qeyd edim ki, hazırda ölkələrdə ən çox tükənən yanacaq növü təyyarə yanacağıdır. Çünki, təyyarə yanacağını uzun müddət saxlamaq mümkün olmadığı üçün uzun müddətə ehtiyatlar da yığmaq qeyri-mümkündür. Britaniya və Avropanın bəzi ölkələrində təyyarə yanacağı ehtiyatları hazırda aylarla deyil, günlərlə ölçülür;
– Bir məqaləmdə zəkanın, biliyin gücünə inandığımı qeyd etmişdim. Bir yazımda isə vurğulamışdım ki, Trump`ın Kanada və Ukrayna məsələlərində Britaniyanı aşağılamasının bədəli mütləq ödəniləcək. Britaniyanın dünyada maliyyə gücünü Trump tam qiymətləndirə bilmədi. Hamı gözləyirdi ki, Britaniya ABŞ-yə maliyyə sahəsində təzyiq göstərər. Qeyd: təkcə FED-i dərk etmək kifayətdir ki, Britaniyanın ABŞ-dəki maliyyə gücü haqqında təsəvvür yaransın. Lakin, nəticə ABŞ üçün gözlənilməz istiqamətdən gəldi. Yaxın Şərq neftinə də təkbaşına (qeyd etmişdik ki, Britaniya və Fransanı uzaqlaşdırmaqla) nəzarət etməyə çalışan ABŞ-ni məhz İran vasitəsilə tələyə sala bildilər. Bir tərəfdə eyforiya içində olan, təkbaşına qərarlar verən və ABŞ Prezidenti olduğu üçün həmişə qalib olacağını düşünən Trump, digər tərəfdə dünyanın maliyyə mərkəzləri və bir neçə güclü iqtisadiyyata malik ölkələrdə nüfuzunu qoruyub saxlayan, uğurlu ölkələr layihələri olan Britaniya, Avropa, Yaponiya, Çin və beyin mərkəzləri. Rusiya və Çinin müharibənin 20-ci günündən sonra şoka düşmüş və çökmüş İrana yardımları, İranın müharibənin ilk günlərindən Hörmüz Boğazının bağlamaq (yalnız Çin və ona yaxın ölkələrə gedən tankerlər buraxılırdı), körfəz dövlətlərinə balistik raket və pualar atılsa da, həmin ölkələrin, həmçinin Britaniya başda olmaqla NATO ölkələrinin müharibəyə qoşulmaması və sair addımlar təsadüfi və xaotik deyildi. Çox incə senari hazırlanıb işə salınmışdı…
– Rusiya Ukraynada iqtisadi və hərbi olaraq hansı çıxılmaz dalana dirəndisə, ABŞ də İranda eyni vəziyyətlə üzləşdi. Bu səbəbdən bir neçə dəfə qeyd etmişdim ki, ABŞ-İran müharibəsi Rusiya-Ukrayna müharibəsinin əks güzgü effektidir. Britaniya və Avropanı dəstəkdən məhrum etməyə çalışan ABŞ İranla müharibəsində həmin ölkələr tərəfindən dəstəksiz qaldı. ABŞ də ciddi iqtisadi çağırışlarla üzləşdi. Dünən çıxan bəzi statistik rəqəmlər ABŞ-nin iqtisadi vəziyyətini əks etdirir. Hamısını təhlil etmək vaxt baxımından uyğun olmasa da, cəmi 2 göstəriciyə baxaq:
1) Aşağıdakı qrafikdə keçən ilin mayından bu ilin mart ayına qədər ABŞ-də “aylıq istehlakçı qiymət indeskləri” əks olunub. May ayında istehlakçı qiymət indeksi öncəki ayların 0.30-dan 0.90-a (3 dəfə) artıb. Qısaca deyim ki, bu, istehlakçıların inflyasiya gözləntilərinin 3 dəfə artması deməkdir. Hadisələrin bu cür gedişi illik inflyasiyanın 4.2%-ə qədər artacağını proqnozlaşdırmağa imkan verir. Bu isə o deməkdir ki, FED faizləri azaltmayacaq, əksinə artırmağa məcbur ola bilər. Nəticədə, ABŞ-nin dövlət büdcəsində borclara xidmət (faizlərin ödənişi) 1.2 trilyon dollara qədər artacaq. Pentaqonun da artan xərclərini nəzərə alsaq ABŞ-nin dövlət büdcəsinin kəsiri ÜDM-nin ən azı 6.5%-i ətrafında qalacaq. (bir şərtlə ki, ÜDM-nin artım tempi proqnozlaşdırılan səviyyədə qalsın və hər hansı iqtisadi daralma olmasın. Daralma olarsa, ABŞ ciddi maliyyə böhranı ilə üzləşər). Bu isə Trump`ın əl-qolunu bağlayan amildir. Nəzərə alaq ki, noyabrda aralıq seçkilərində Demokratların qalib gəlmə ehtimalı yüksəkdir;
2) 03 aprel tarixinə ABŞ-nin daxili borcu 31.41 trilyon dollar, xarici borcu isə 7.57 trilyon dollar olmaqla cəmi 38.98 trilyon dollardır. Bu borcun 33%-i 12 ay ərzində ya ödənilməli, ya yenilənməlidir. Xarici borcda da vəziyyət təxminən eynidir. Ən böyük borc verən ölkələr isə Çin və Yaponiyadır. Körfəz ölkələrinin də çətin vəziyyətə salınması, Səudiyyə Ərəbistanı ilə olan soyuqluq və sair ABŞ üçün xoş vəziyyət deyil (bu ölkələrin də ABŞ istiqrazlarında ciddi investisiyaları var). Bu ölkələr borclarının heç olmasa bir hissəsini yeniləməsələr ABŞ artan borc deyil, borc alma, o cümlədən vaxtı çatan borclarını ödəmək problemi (defolt riski) ilə üzləşəcək. Bu ölkələrə borcların yeniləmələri və ya yeniləməmələri ilə bağlı göz qırpacaq ölkə isə Britaniyadır. Nəzərə alaq ki, Avropa da (Fransa daxil) tam olaraq Britaniya ilə birgə hərəkət edir. Yekun olaraq, artan inflyasiya + artan (ən azı azalmayacaq) faizlər + artan büdcə kəsiri + artan həyat bahalığı və cəmiyyətdə narazılıq + il sonu Senat və Konqresdə çoxluğun itirilməsi + ABŞ büdcəsinin təsdiq edilməməsi və sair… İran məsələsində uğursuzluq + Epsteyn faylları + iqtisadi çağırışların artması səbəblərindən noyabra qədər impiçment olmasa…
– keçən məqalələrimin birində qeyd etmişdim ki, Hörmüz Boğazı məsələsində Britaniyanın da mövqeyi nəzərə alınmalı olacaq. Pakistan təsadüfən vasitəçi deyil. Britaniyaya ən yaxın olan ölkələrdən biridir;
– əslində Trump öz siyasəti ilə ən çox elə Britaniya və Avropanı yuxudan oyatdı. Britaniya və Avropa dünya siyasi xəritəsinə (xüsusilə Yeni Dünya Nizamının formalaşdığı dövrdə) bir-iki ilə daha güclü şəkildə qayıdacaq;
– Trump yeganə ideologiyasını pul qazanmağa çevirdiyi ABŞ-ni dünya siyasi səhnəsində demək olar ki, tək qoya bildi. Taleyin ironiyasıdır ki, davamlı dəstəkçisi olduğu Rusiya da İrana kömək etməklə ABŞ-ni çətin vəziyyətə saldı;
– sabah Macarıstanda keçiriləcək seçkilərin nəticələri bir çox siyasi dəyişikliklərin hansı istiqamətdə gedəcəyinin başlanğıcı olacaq;
– hazırda Trump özünün yanlış müharibə aparmaq (səbəbləri haqqında öncəki yazıdakı fikirlərimi təkrar etmirəm) səbəbindən İsrailin də planlarını və hətta Yaxın Şərq siyasətini ciddi riskə məruz qoyduğu üçün yeganə müttəfiqi qalmış İsrail ilə də münasibətləri əvvəlki kimi isti deyil;
– nəhayət, belə bir sual verilir ki, dünyanın böyük güc mərkəzləri niyə bu ölkələri eyni məqsəd ətrafında birləşdirmirlər. Əvvəla o zaman müharibə və konfliktlər olmaz. Ölkələr də nüfuz dairələrindən kənara çıxar. Vəziyyəti təsəvvür etmək üçün həmişə xatırlayaq ki, şahmat oyununda fiqurlar ağ və qara (bir-birinə zidd) rəngdədirlər və bir-birlərinə qatı düşməndirlər. Amma onları hərəkətə gətirən iki oyunçu adətən dost, qardaş, yaxın insanlardır…
