ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasındakı paylaşımında qeyd edib ki, Vaşinqton Tehranla nüvə proqramı və Hörmüz boğazının açılması ilə bağlı məsələlərdə razılığa gəlib. Tramp, razılaşmaya əsasən İranın nüvə silahı əldə etməyəcəyini, Hörmüz boğazının isə açıq və təhlükəsiz olacağını bildirib.
O, bu məsələlərin əvvəlcədən razılaşdırıldığını vurğulayıb. Ağ Ev rəhbəri həmçinin ABŞ qüvvələrinin hazırda resurslarını bərpa etdiyini və növbəti mərhələni gözlədiyini söyləyib.
Trampın xüsusilə Hörmüz boğazıyla bağlı dedikləri diqqət çəkir. Belə ki, atəşkəs dövründə boğazdan keçən gəmilərin İrandan icazə alacağına dair iddialar var. Məlumata görə, Tehranın “tranzit haqqı” əldə etmək üçün müvafiq prosesin tərtibatı üzərində işlədiyi deyilir. Hətta Oman Sultanlığına da bu imtiyazın veriləcəyi bildirilir.
Hörmüz boğazı ətrafında gəzən iddialar, xüsusilə də “tranzit haqq” məsələsi, təhlükəli presedent yaradır. Ümumiyyətlə, boğazın hüquqi statusu çoxdan həll olunub. Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən qəbul edilmiş Dəniz Hüququ Konvensiyasına (UNCLOS) görə, beynəlxalq gəmiçilik üçün istifadə olunan boğazlar üzərində sahilyanı dövlətlərin suverenliyi məhdud xarakter daşıyır və bu məhdudiyyət “tranzit keçid” prinsipi ilə konkretləşdirilir.
Hörmüz boğazı coğrafi və funksional baxımdan klassik “beynəlxalq boğaz” kateqoriyasına daxildir. Yəni o iki açıq dəniz və ya müstəsna iqtisadi zona hissəsini birləşdirir və qlobal enerji ticarətinin əsas arteriyalarından biridir. Bu, boğazı avtomatik olaraq Konvensiyanın III hissəsində təsbit olunmuş tranzit keçid rejiminə tabe edir. Beləliklə, İran kimi sahilyanı dövlət nə keçidi dayandıra, nə icazə rejiminə bağlaya, nə də birtərəfli qaydada fiskal mexanizmlər, məsələn, “tranzit haqqı” tətbiq edə bilər.
Ümumiyyətlə, bu məsələni daha yaxşı anlamaq üçün “tranzit keçid” ilə “zərərsiz keçid” anlayışlarını başa düşmək lazımdır. “Zərərsiz keçid” sahilyanı dövlətə müəyyən hallarda keçidi tənzimləmək və hətta müvəqqəti dayandırmaq imkanı versə də, tranzit keçid belə bir yanaşmanı tanımır. Hörmüz kimi boğazlarda tətbiq olunan məhz bu ikinci rejimdir. Dolayısı ilə İranın gəmilərdən əvvəlcədən icazə tələb etməsi və ya keçidi öz milli qanunvericiliyi çərçivəsində şərtləndirməsi beynəlxalq hüququn açıq pozuntusu olacaq.
Düzdür, İran boğazın bir hissəsi üzərində ərazi suverenliyinə malikdir, lakin Konvensiya bu suverenliyi “yüklənmiş suverenlik” formasına salır. Yəni dövlətin ərazi hüquqları qlobal ictimai maraq – bu halda beynəlxalq naviqasiya azadlığı – ilə məhdudlaşdırılır.
Təəssüf ki, Hörmüz boğazı ilə bağlı situasiya Suveyş və Panama kimi kanallarla müqayisə edilir. Halbuki Suveyş kanalı və Panama kanalı süni infrastruktur layihələridir, onların istismarı üzərində dövlətlərin daha geniş iqtisadi səlahiyyətləri mövcuddur. Hörmüz isə təbii boğazdır və onun üzərində tətbiq olunan hüquqi rejim kommersiya istismarından deyil, beynəlxalq keçid azadlığından doğur.
Əgər Hörmüzdə tranzit ödənişi və ya icazə rejimi legitimləşərsə, bu, digər strateji boğazlarda da oxşar iddiaların ortaya çıxmasına gətirib çıxara bilər. Məsələn, İspaniya və Mərakeş Cəbəlütariq boğazında, Cibuti Yəmən və Eritreya isə Babül-Məndəb boğazında eyni şeyi tələb edə bilər. Bu riski isə beynəlxalq gəmiçilik və enerji bazarlarının əsas aktorları – xüsusilə böyük dəniz dövlətləri – qəbul etməz, çünki bu, qlobal dəniz kommunikasiyalarında domino effekti yaradar.
