DünyaSiyasət

Trampın qərarı ABŞ-ı “beyin axını” təhlükəsi ilə üz-üzə qoyur

Bir neçə gün əvvəl Tramp hökumətinin universitetlərin və elmi mərkəzlərin büdcəsini azaltmasının doğuracağı nəticələr barədə “The New York Times” qəzeti Amerikadan beyin axının başlanması haqqında məqalə dərc edib. Məqalənin tərcüməsini Sizə təqdim edirəm.

Tramp elmi maliyyələşdirməni kəsdi. İndi ABŞ baha başa gələn beyin axını ilə üzləşə bilər

(Trump Slashed Science Funding. Now the U.S. Could Face a Costly Brain Drain)

Vivienna Walt
The New York Times
April 4, 2026

Ağ Evin akademisyonlara hücumları və tədqiqatlara ayrılan büdcənin ixtisarı aparıcı alimlərin digər ölkələrə axını üçün fürsət yaradıb.

Keçən ilin mart ayında Massaçusets ştatının Kembric şəhərində çalışan robototexnika mühəndisi Vali Malik əvvəllər heç vaxt getmədiyi və tanıdığı bir kimsənin olmadığı bir ölkədə – Avstriyada yerləşən tədqiqat institutundan zəng aldı. Malik həmin şəxsin belə dediyini xatırlayır: “Salam, süni intellekt və həyat elmləri sahəsində sıfırdan institut qurmaq üçün bir vəzifəmiz var.”

Malik həyatını kökündən dəyişib xaricə köçmək niyyətində deyildi. O, evli idi, üç uşağı vardı və valideynləri Vaşinqtonda yaşayırdı. Lakin prezident Donald Trump elmi tədqiqatların maliyyəsini kəsdikcə, Malik risk etməyə qərar verdi.

“İşini itirən dostlarım var idi,” — deyə o bildirib. “Bu lap yerinə düşmüşdü. Düşündüm ki, bu təklifi nəzərdən keçirim.”

Beləliklə, o, qərarını verdi. Malik may ayında Avstriyanın Biotibbi Süni İntellekt üzrə Tədqiqat İnstitutunda yeni robototexnika laboratoriyasına rəhbərlik etməyə razılaşdı və ailəsi ilə birlikdə əvvəlcədən görmədiyi şəhərə – Vyanaya köçdü. Onun ilk işi ən yaxşı alimləri işə götürmək idi.

O, komandaya dörd nəfəri cəlb etdi — hamısı ABŞ-ın aparıcı tədqiqat mərkəzlərindən: Yale University, Massachusetts Texnoloji İnstitutu, Kalifornia Texnoloji İnstitutu və San Fransisko Kaliforniya Universiteti.

“O sahədə çalışan heç kimə ilk gündən nəsə qurmaq imkanı verilmir,” — deyə o bildirib.

39 yaşlı Malik narahatlıq doğuran bir tendensiyanın yalnız bir nümunəsidir: istedadlı alimlərin ABŞ-dan xaricdəki imkanlara üz tutması. Tramp administrasiyasının akademisyonlara davamlı təzyiqləri və elmi tədqiqatların maliyyəsinin azaldılması digər ölkələrə ABŞ-ı tibb və texnoloji yeniliklərdə dünya liderinə çevirən tədqiqatçıları cəlb etmək imkanı yaradıb. Bu “beyin axını” ABŞ iqtisadiyyatı üçün çox baha başa gələ bilər.

Mütəxəssislər artıq həyəcan təbili çalırlar. Sentyabr ayında Vaşinqtonda yerləşən Informasiya  Texnoloji və İnnnovasiya Fondu tərəfindən yayımlanan araşdırma xəbərdarlıq edir ki, əgər bu vəziyyət dəyişməzsə, elm sahəsinə ayrılan vəsaitlərin azalması 10 il ərzində ABŞ iqtisadiyyatını təxminən 1 trilyon dollar kiçildə bilər. Bu isə ABŞ-ın tədqiqatlara böyük sərmayə yatıran Çindən geri qalmasına səbəb ola bilər.

 

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Uşaqların haqqı ilə qurulan imperiyalar

admin

Putin: Bunlara qarşı birlikdə mübarizə aparmalıyıq

redaktor

Fransa Ermənistana yarasız hərbi texnika satıb – Zaxarova

redaktor