ABŞ-nin vitse-prezidenti Cey Di Vensin bu ilin fevralında Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyevlə görüşündə “Azadlıq Radiosu”nun jurnalisti və iqtisadçı Fərid Mehralızadənin həbsi məsələsini qaldırdığı bildirilir.
Bu barədə “Azadlıq Radiosu”nun prezidenti Stiv Kapus “X” sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, Mehralızadənin həbsi və məhkum edilməsi əsassızdır və Azərbaycan rəhbərliyini bu qərarı yenidən nəzərdən keçirməyə çağırıb.
“Bizim əməkdaşımız heç ittiham olunmalı deyildi, məhkum edilməsi isə ümumiyyətlə yolverilməzdir. Təxminən 2 ilə yaxındır ki, həbsdə saxlanılır, qızının doğulduğu günü və ondan sonrakı hər günü onunla birlikdə keçirə bilməyib. Fəridin işi Bakıda ABŞ-nin vitse-prezidenti Cey Di Vens tərəfindən qaldırılıb. Azərbaycan rəhbərliyinin bu ədalətsizliyi humanist şəkildə aradan qaldırmaq imkanı var”, – “Azadlıq Radiosu”nun prezidenti yazıb.
Fevralın 10-da Azərbaycana rəsmi səfər edən Cey Di Vens Prezident İlham Əliyevlə əvvəlcə məhdud, daha sonra isə geniş tərkibdə görüş keçirib. Görüşün yekununda tərəflər “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nı imzalayıblar. Lakin görüşlərdə insan hüquqları və siyasi məhbuslarla bağlı məsələlərin müzakirə olunub-olunmadığı barədə rəsmi məlumat açıqlanmayıb.
Fərid Mehralızadə 2024-cü ilin mayında “Abzas Media işi” çərçivəsində həbs edilib. Ondan əvvəl bu iş üzrə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, eləcə də jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova saxlanılmışdı.
Onlara qarşı qaçaqmalçılıq və digər ağır maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb. 2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
2026-cı il aprelin 3-də isə Ali Məhkəmə təqsirləndirilən şəxslərin kassasiya şikayətini təmin etməyərək əvvəlki qərarı dəyişmədən saxlayıb. (Abzas Media)
